Modern.az

Xalq şairləri jurnalistikanı dəyərləndirdilər: “Hansı ölkədə bu cür şərait yaradılır?”

Xalq şairləri jurnalistikanı dəyərləndirdilər: “Hansı ölkədə bu cür şərait yaradılır?”

22 İyul 2015, 23:23

Bu gün Azərbaycan mətbuatının yaranmasından 140 il ötür. 1875-ci ilik bu günündə Həsən bəy Zərdabinin yaratdığı “Əkinçi” qəzeti ilə Azərbaycan milli mətbuatının əsası qoyuldu.

Çağdaş Azərbaycan mediası haqqındakı fikirlər isə birmənalı deyil. Kimi onun iş prinsiplərini müsbət, kimi isə mənfi qiymətləndirir.

Modern.az saytı xalq şairləri və xalq yazıçısından çağdaş Azərbaycan mətbuatını necə qiymətləndirdiklərini soruşub.

Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, xalq şairi Fikrət Qoca mətbuatın son illər yüksək səviyyədə olduğunu deyir:

“Azərbaycan mediası müstəqil mətbuat kimi fəaliyyət göstərir. Bugünkü mətbuatımızın yüksək səviyyəyə qalxmasında dövlətin əvəzsiz rolu var. Jurnalistlərə, onların gördükləri işə xüsusi qiymət verilir. Dövlətimiz mətbuatı, jurnalistləri yüksək qiymətləndirir. Onlar evlə təmin olunur. Hansı ölkədə jurnalistlərə bu cür şərait yaradılır? Amma əsas odur ki, görülən işi qiymətləndirə biləsən”.

Xalq şairi saytları izləməsə də, gündəlik qəzetlərin əksəriyyətini oxuduğunu qeyd edir.

Xalq yazıçısı Mövlud Süleymanlının fikrincə isə son illər milli dəyərlər özünü mətbuatda daha çox göstərir:

“Milli-mənəvi dəyərlər indiki mətbuatda özünü daha geniş göstərir. Bu gün yüzlərlə qəzet, jurnal, sayt, TV və radio kanalları fəaliyyət göstərir. Bunlar mətbuatın inkişafında əvəzsiz rol oynayırlar. Bu sahənin inkişafında mətbuat işçisinin özündən çox şey asılıdır. Jurnalistin məsuliyyətli olmağı, hadisəni və yaxud problemi görə bilmək bacarığı işin böyük hissəsini təşkil edir. Azərbaycan mətbuatının gələcəyi jurnalistlərin peşəkarlığından asılı olaraq inkişaf etməkdədir”.

Xalq yazıçısı vaxt qıtlığı səbəbindən “onlayn” medianı çox izləməsə də, lazımı informasiyaları bəzi saytlardan aldığını qeyd edib.

Xalq şairi Zəlimxan Yaqub da çağdaş Azərbaycan mətbuatı haqqında müsbət düşüncədədir:

 “Mətbuatımız Həsən bəy Zərdabidən bu günə kimi böyük inkişaf yolu keçib. Bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuatda da özünü göstərir. Mətbuatımızda Zərdabi ilə əsası qoyulan ənənələr var ki, onlar günümüzdə də qorunub saxlanır və inkişaf etdirilir. Zərdabi Azərbaycanın bu günü və sabahı üçün sözün həqiqi mənasında nümunə ola biləcək məktəbin əsasını qoydu”.

Vüsalə Qəzənfərqızı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI