İyulun 22-də "Gülüstan" sarayında Azərbaycan milli mətbuatının yaranmasının 140 illik yubileyinə həsr olunan təntənəli mərasim keçirilib. Dövlət və hökumət nümayəndələrinin, Milli Məclisin deputatlarının, tanınmış media təmsilçilərinin iştirak etdikləri mərasim dövlət himninin səslənməsi ilə başlayıb. Sonra Azərbaycan milli mətbuatının inkişaf tarixi ilə bağlı film nümayiş olunub.
Daha sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına əsasən təltif edilmiş kütləvi informasiya vasitələrinin nümayəndələrinə dövlət mükafatları təqdim olunub.
Mükafatları Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov təqdim edib.
Tədbirdə Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənova “UBM Group” şirkətinin “Birinci Avropa Oyunlarına xüsusi informasiya dəstəyinə görə” mükafatı təqdim olunub. Prezidentin köməkçisinə, həmçinin “Azərbaycanın milli maraqlarının təbliği sahəsində əldə edilmiş nailiyyətlərə görə” “Paşabank”ın və “Bakcell” şirkətinin xüsusi mükafatları təqdim edilib.
Birinci Avropa Oyunlarının informasiya təminatı sahəsində səmərəli fəaliyyətlərinə görə Prezident Administrasiyasının ictimai–siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyevə və şöbənin baş məsləhətçisi Ceyran Əmiraslanovaya “UBM Group” şirkətinin mükafatları təqdim olunub.
Daha sonra Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 22 iyul – Milli Mətbuat Günü münasibətilə elan etdiyi fərdi jurnalist yazı müsabiqəsində birinci yeri tutmuş jurnalistlərə mükafatlar təqdim edilib.
Dövlət orqanlarının xüsusi fəallığı ilə seçilən mətbuat xidmətlərinin və KİV-lərin rəhbərləri üçün “Bakcell” şirkəti tərəfindən hazırlanmış mükafatların mərasimdə təqdimatı olub.
Mərasim konsert proqramı ilə davam edib.