Dağlıq Qarabağa köçməklə beynəlxalq qalmaqala səbəb olan rusiyalı milyoner German Sterliqov növbəti dəfə antiAzərbaycan xarakterli açıqlama verərək azərbaycanlıları qorxaq adlandırıb. Buna səbəb kimi də Azərbaycan Baş Prokurorluğunda ona qarşı açılmış cinayət işini əsas gətirib.
Azərbaycan tərəfinin ermənipərəst milyonerə cavabı gecikməyib.
Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov Sterliqova belə cavab verib:
“German Sterliqov kimi birisi barədə danışmaq əbəsdir. Bəlkə də bir fincan çaxır içib, özünü idarə edə bilmir, nə danışdığını da anlamır. Gərək onu bir dəfə də danışdırıb fikirlərini dəqiq öyrənəsən ki, görəsən bunun qabında nə var, neyləmək istəyir. Bütün dünya bilir ki, türklər heç vaxt qorxaq olmayıb. Biz də Azərbaycan türkləriyik, bunu da yaxşı bilirlər. O ki qaldı Baş Prokurorluğun German Sterliqov haqqında cinayət işi açmasına, mən bunu dəstəkləyirəm. Ermənipərəstlər bilsinlər ki, biz gec-tez o torpaqlarımıza qayıdacağıq”.
Azərbaycan-Erməni Araşdırmaları Mərkəzinin rəhbəri Qafar Çaxmaqlı Modern.az-a deyib ki, ermənilər tərəfindən ortaya atılmış uydurmaların təbliğatı sürətlə aparılır:
“İstər Rusiyada, istərsə də dünyanın müxtəlif ölkələrində “Dağlıq Qarabağın ermənilərə məxsus olması” ideyasının ortaya atılması və yayılması prosesi gedir. Bunu erməni araşdırma mərkəzləri, institutları təbliğ edirlər. Ermənilər bu işdən o qədər də xəbəri olmayan ayrı-ayrı tanınmış, iş, elm adamlarını cəlb etməyə çalışırlar. Erməni mətbuatında müşahidə etdiklərimə əsasən deyə bilərəm ki, onları danışdırıb müsahibələr alır, Qarabağla bağlı münasibət öyrənirlər”.
Q.Çaxmaqlı bildirib ki, əslində onlar faktlardan qorxurlar: “Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır və ermənilərə heç vaxt məxsus olmayıb. Bunu ermənilər də yaxşı bilir. Qarabağın ən qədim vaxtlarında Artsax adlandırılmasının guya ərazinin ermənilərə məxsus olması ideyası da iflasa uğrayıb. Bu mənada əllərindən gələni əsirgəmirlər. Sterliqov və bu kimi adamları özlərinə alət etmələri təbiidir. Bununla ideoloji mübarizə apardıqlarını zənn edirlər. Onlar istədikləri adamlara istədiklərini dedirdə bilərlər. Amma biz qərarlı olmalıyıq.
Dağlıq Qarabağda ermənilərin xeyrinə səslənən hər hansı fikiri dərhal təkzib edib, hüquqi, həm də siyasi cavabını verməliyik. Bu baxımdan Azərbaycan Baş Prokurorluğunun addımını dəstəkləyirəm. İstərdim ki, Azərbaycan prokurorluğu digərlərinin də üzərinə qərarlı getsin. Təkcə Rusiya Dumasının tərkibində onlarla insan var ki, ermənilərə muzdla xidmət edirlər. Düşünürəm ki, həmin şəxslərə qarşı da eyni addımlar atılmalıdır. Ermənilər bu kampaniyanı xüsusən yay mövsümündə aparmaqla insanların diqqətini çəkməyə çalışırlar.
“Azərbaycan Xarici İşlər Nazirliyi, diplomatlarımız öz kəskin etirazlarını bildirməyə davam etməlidirlər”.
Gülşən RAUFQIZI