Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Bayburta səfəri zamanı Bayburt valisi Yusuf Odabaş ilə görüşüb. Modern.az xəbər verir ki, “Türkiyənin uğuru Azərbaycanın, Azərbaycanın uğuru isə Türkiyənin uğurudur. Ümummilli lider Heydər Əliyevin də dediyi kimi biz bir millət iki dövlətik”-deyən millət vəkili vali ilə söhbət zamanı Azərbaycanın qanayan yarası Dağlıq Qarabağ problemindən geniş danışıb. “Ermənistan hələ də işğal etdiyi Azərbaycan torpaqlarından çəkilmir və 1 milyondan çox soydaşımız öz evlərinə dönə bilmirlər.
Xocalı soyqırımını törədənlər hələ də ədalət qarşısında cavab verməyiblər. Ancaq mən inanıram ki, biz Azərbaycan və Türkiyə olaraq əl-ələ verib o gözəl torpaqlarımızı işğaldan azad edəcəyik və Xocalı soyqırımı törədənlərin ədalət qarşısında cavab verməsinə nail ola biləcəyik.”. Qənirə Paşayeva Bayburt valisi Yusuf Odabaşa həmmüəllifi olduğu Türkiyə türkcəsində “Xocalı Soyqrımı tanıqların dilindən”,”Karabağ hikayeleri” kitablarını hədiyyə edib və qondarma erməni soyqırımı yalanlarının qarşısının alınması, Qarabağ həqiqətlərinin, Xocalı Soyqırımı gerçəklərinin dünyaya daha geniş şəkildə tanıdılmasında gənclərimizin üzərinə böyük bir missiya düşdüyünü deyərək Bayburta BEKDER-in dəvəti ilə gəldiyini, bu mövzuları özündə əks etdirən konfrans verəcəyini və gənclərin suallarını cavablandıracağını deyərək gənclərimiz bu məsələlərdə daha aktiv olmalıdırlar deyib.Bayburt valisi Yusuf Odabaş öz növbəsində görüşdən məmnunluğunu bildirib. “Sizləri burda görməkdən məmnun oldum. Bizlər bir millətik. Sizin sevincinizə biz də sevinir, kədərinizə ən az sizin qədər kədərlənirik. Azərbaycanın güclü olması ilə biz də güclü oluruq. Sizin vurğuladığınız mövzular ətrafında özəlliklə gənclərimizlə müzakirələrə böyük ehtiyac var və inanıram ki, çox faydalı olacaq”.
Millət vəkili valiyə “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabını təqdim edərək orada Qədim Bayburtla bağlı yazdığı geniş yazının əziz Bayburtlulara kiçik bir hədiyyəsi olduğunu deyib. O bildirib ki, bu kitabın nüsxələri Azərbaycanda universitet, məktəb, kitabxanalara hədiyyə edilib ki, gənclərimiz buradakı tarix, mədəniyyətimiz, insanımızı daha da yaxından tanısın. O, Azərbaycan insanına bu gözəl bölgəni daha da geniş tanıdacaq bu hədiyyə mənim bu qədim bölgəmizə sevgimi də göstərir deyib. Bayburtun mərkəzi parklarından birinə Qarabağ, mərkəzi küçələrdən birinə Azərbaycan adının verilməsi ilə bağlı təklifinə bələdiyyə başqanının müsbət cavab verdiyini deyən millət vəkili Qənirə Paşayeva bu addımın vacibliyi və əhəmiyyəti ilə bağlı fikirlərini də bölüşüb.
Millət vəkili Bayburt valisi Yusuf Odabaşı və xanımını ölkəmizə dəvət edib. Dəvəti böyük məmuniyyətlə qəbul edən Bayburt valisi Azərbaycana səfər etməkdən böyük sevinc duyacağını deyib. Azərbaycan ilə Türkiyə arasında əlaqələrin daha da inkişaf etməsindən məmnunluğunu ifadə edən millət vəkili Azərbaycan ilə Türkiyənin müxtəlif bölgələri arasında da bu əlaqələrin getdikdə daha genişlənməsinin vacibliyini qeyd edərək Azərbaycanla Bayburt arasında əlaqələrinin daha da güclənməsinin də çox mühüm olduğunu dilə gətirib: “Azərbaycanın bir çox şəhərləri və bələdiyyələri Türkiyənin şəhər və bələdiyyələri ilə qardaşlaşıblar. Bayburtun da Azərbaycanın hər hansı bölgəsi ilə qardaşlaşması bu baxımdan önəmlidir. Burada Bayburt Universitetində xeyli sayda gənclərimiz təhsil alır.
Biz inanırıq ki, siz onların ortaya çıxan məsələ və problemlərinin həllində bu günə qədər olduğu kimi bundan sonra da hər zaman diqqət və qayğı ilə yanaşacaqsınız və bunun üçün sizı təşəkkürümüzü bildiririk. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Bayburt valisi Yusuf Odabaşa özünün müəllifi olduğu kitablarla yanaşı Azərbaycanın tarixi, mədəniyyəti, Dağlıq Qarabağ həqiqətlərindən bəhs edən kitabları, matreialları , rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstutu İB-nin hazırladığı “Azərbaycan Həqiqətləri” sənədli filmlər kataloqunu və Azərbaycan bayrağı hədiyyə edib.
Bayburt valisi Yusuf Odabaş da millət vəkili Qənirə Paşayevaya Bayburtla bağlı materiallar, kitablar hədiyyə edib.Görüşdə əslən Bayburtlu olan SOCAR Türkiyə başqanı Kenan Yavuz və Azərbaycandan bir sıra mədəniyyət və ədəbiyyat xadimləri də iştirak edib. Onlar da Azərbaycan-Türkiyə münasibətləri, gələcək prespektivlər və gənc nəsillərin bir-birimizi daha yaxından tanıma və sahiblənmə ruhunda tərbiyə edilməsinin vacibliyi ilə bağlı fikir və düşüncələrini bölüşüb, geniş fikir mübadiləsi aparılıb.