Modern.az

İqtisadçı deputat Beynəlxalq Bankın yeni sədrindən danışdı

İqtisadçı deputat Beynəlxalq Bankın yeni sədrindən danışdı

24 İyul 2015, 11:14


İlin əvvəlindən müzakirə obyekti olan Beynəlxalq Bankın aqibətilə bağlı nəhayət iyulun 22-də qərar verildi. Bankın Müşahidə Şurasının iclasında Elmar Məmmədov İdarə Heyətinə sədr seçildi. E.Məmmədov ixtisasca iqtisadçı və hüquqşünasdır. 1995-2004-cü illərdə Beynəlxalq Bankın Əməliyyat İdarəsinin rəisi, Səbail filialının rəhbəri vəzifəsində çalışıb. O, 2005-ci ildən “Kapital Bank”ın sədr müavini, 2009-cu ildən isə sədri işləyib. 2014-cü ildən “Azər-Türk Bank” ASC-nin İdarə Heyətinin sədri seçilib.

Beynəlxalq Bankın özəlləşdirilməyə çıxarılması, eyni zamanda yeni təyinat bankın problemlərini həll edə biləcəkmi? Ümumiyyətlə, vəziyyət hansı istiqamətdə dəyişəcək?

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov Modern.az saytına baş tutan təyinatı yüksək qiymətləndirdiyini deyib:

“Ölkə başçısı İlham Əliyevin maliyyə sisteminin sağlamlaşdırılması və Beynəlxalq Bankın özəlləşdirilməsilə əlaqədar sərəncamı oldu. Bu müsbət haldır. Mən hesab edirəm ki, bankın rəhbərliyində olan dəyişikliklər və Elmar Məmmədov kimi kadrın sədr seçilməsi müsbət haldır. Çünki, o yetişmiş menecmentdir. Bank sistemində uzun müddət çalışması da onun perspektivli kadr olduğuna dəlalət edir”.

Mütəxəssis növbədə özəlləşdiriləcək bir çox dövlət qurumları olacağını istisna etmir: “Beynəlxalq Bankın özəlləşdirilməsi digər dövlət qurumlarının da özəlləşdirilməyə açıq elan olunması anlamına gəlir.  Hesab edirəm ki, Beynəlxalq Bankın özəlləşdirilməsi ilk sınaqdır”.

V.Əhmədov prezident tərəfindən verilən sərəncamla bank sistemində yaranan gərginliyin aradan qaldırılması istiqamətində mühüm işlər görüləcəyini vurğulayıb: “Nəzərə almaq lazımdır ki, Azərbaycanda birinci yarım ildən dövlət büdcəsində kəsirlər meydana gəlib. Təxminən 770 milyon manata yaxın kəsir hesablanıb. Ona görə də özəlləşdirmə prosesinə start vermək lazımdır ki, dövlət büdcəsində daha çox problem yaranmasın. Beynəlxalq Bankın özəlləşdirilməyə çıxarılması və onun maliyyə sisteminin sağlamlaşdırılması bu istiqamətdə atılan mühüm addımdır.

Beynəlxaq Bankın problemli kreditlərinin həllinə gəlincə, cənab prezidentin sərəncamında bununla bağlı maddələr öz əksini tapıb. “Aqrokreditbank” da bu məsələ ilə məşğul olacaq. Sərəncam kifayət qədər kompleksli hazırlanıb. Və hesab edirəm ki, problemli kreditlər tam olmasa da, müəyyən qədər öz həllini tapacaq”.

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama