Modern.az

Xədicə İsmayılın məhkəməsi oldu, hakim vəsatətləri rədd etdi

Xədicə İsmayılın məhkəməsi oldu, hakim vəsatətləri rədd etdi

Təhsil

24 İyul 2015, 14:14

İyulun 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Xədicə İsmayılın cinayət işi üzrə hazırlıq iclası keçirilib.

 Vəkil Fariz Namazlı Modern.az saytına bildirib ki, hakim Ramella Allahverdiyevanın icraatında baxılan məhkəmədə Xədicə İsmayıl da iştirak edib:

“İş üzrə icraata xitam verilməsi ilə bağlı hər 5 maddə üzrə məhkəməyə vəsatətlər verdik. İcraata xitam verilməsi, Xədicə İsmayıl barəsində həbs-qətiimkan tədbirinin dəyişdirilməsi və qətiimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə verdiyimiz vəsatətlər təmin olunmadı.

“Azadlıq” radisounun nümayəndəsinin məhkəmə iclasında iştirakının təmin olunması ilə bağlı da vəsatət verdik. Əsas gətirdik ki, Xədicə İsmayıla qarşı irəli sürülən ittihamlar “Azadlıq” radiosunun fəaliyyəti ilə bağlıdır. Ona görə də onun nümayəndəsi məhkəmə prosesində iştirak eləməlidir. Məhkəmə o məsələni açıq saxlayıb bildirdi ki, digər şahidlər dindirildikdən sonra bu məsələyə yenidən baxıla bilər.

Vəkil Yalçın İmanovun müdafiəçisi kimi işə buraxılması məsələsi ilə bağlı da vəsatətimiz qəbul olunmadı. O, istintaq vaxtı “Azadlıq” radiosunun işində şahid kimi dindirildiyi üçün  Xədicə İsmayılın vəkil kimi iştirakına xitam verilmişdi. Onun yenidən müdafiəçisi qismində iştirakı ilə bağlı verdiyimiz vəsatət məhkəmə tərəfindən rədd edildi.

Zərərəçəkmiş şəxs Tural Mustafayev mətbuatda videomüsahibəsində bildirmişdi ki, Xədicə İsmayıla qarşı ifadə vermək üçün ona təzyiqlər olub. Həmin diskin iş materiallarına əlavə olunması və tədqiq edilməsini məhkəmədən xahiş elədik. Məhkəmə həmin vəsatəti də rədd etdi.

Eyni zamanda Xədicə İsmayılın müdafiçiələrinin yanında əyləşməsi ilə bağlı vəsatət də rədd olundu. Xədicə İsmayıl məhkəmədə şüşədən olan şüşəbənddə saxlanılır. Bu da bizim müdafiə işini keyfiyyətli həyata keçirməyə imkan vermir. Ona görə də onun bizim yanimizda əyləşməsi üçün vəsatət verdik. Amma qəbul olunmadı.

Məhkəmənin ilkin baxışı avqustun 7-nə təyin edildi”.

Xədicə İsmayıl Tural Mustafayev adlı şəxsi intihar həddinə çatdırmaqda ittiham olunur. Xədicə İsmayıla qarşı 2014-cü il dekabrın 5-də Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə ittiham irəli sürülüb. 

Sonradan Tural Mustafayev mətbuat vasitəsi ilə şikayətini təzyiq altında verdiyini və şikayətindən imtina etdiyini bəyan edib.

Sonradan ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə- külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.

Yeganə OQTAYQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama