“Bu gün qızıl dünya bazarında psixoloji həddən aşağı düşüb: artıq bir qramı 34 dollara təklif edilən qiymətli metal 35 dollarlıq “döşəməni” silkələyə bilib. Bu isə dünya bazarında qızılın qiymətinin son 5 ildə tarixi minumuma düşməsi deməkdir. Son 1 ildə 16, yarım ildə 15 və iyul ayında 7 faiz dəyər itirən qiymətli metalın qramı artıq psixoloji həddən də aşağı düşməklə sözügedən bazarda ciddi durğunluq yaradıb. Eyni zamanda son 5 ildə qızılın 8 faiz ucuzlaşması qeydə alınıb”.
Modern.az saytının verdiyi xəbərə görə bu açıqlamanı iqtisadçı alim Vüqar Bayramov verib.
O qeyd edib ki, dünya bazarına qızıla tələbin azalması, bir sıra ölkələrinin öz ehtiyatlarını satışa çıxarması və eləcə də investorların sözügedən bazardan öz vəsaitlərini tədricən çəkməsi qiymətli metalın “qiymətsizləşdirən” əsas səbəblərdən hesab edilir:
“Qızılın qiymətinin ucuzlaşmasına təsir edən digər amil isə bu qiymətli metala zinət əşyası kimi marağın azalmasıdır. Hazırda isə dünya bazarında inflyasiya minimuma enib, səhmlərin qiymətləri isə artmağa başlayıb və dollar güclənir.
Bütün bunlar isə qızılın investisiya baxımından cəlbediciliyini azaldır. Eyni zamanda 2008 və 2009-cu illərdə ehtiyatlarının bir qismini qızıla çevirən bir sıra ölkələr o cümlədən Çin və Hindistanda qızıl külçələr və sikkələri ötən ildən başlayaraq bazara çıxarıblar ki, bu da qızıl təklifinin artmasına səbəb olub. Qızılın qiymətindəki dəyişikliklər valyuta bazarında son zaman müşahidə olunan tendensiya ilə də bağlıdır. Dolların möhkəmlənməsi qızıl bazarına iqtisadi və psixoloji təsir göstərir. Digər tərəfdən, qızıl bazarında spekulyativ oyunlar da kifayət qədər yüksəkdir və bu da qiymətlərin dəyişməsini şərtləndirir”.
“Dünya bazarındakı dəyişikliklər Azərbaycanda qızılın qiymətinə təsir göstərməkdədir. İdxalın ucuzlaşması nəticəsində daxili bazarda son 1 ayda 7 faizə yaxın azalma qeydə alınıb”,-deyə ekspert bildirib.
Gülşən RAUFQIZI