Almaniyanın “Focus” jurnalı “İslam dövləti” qruplaşmasının (İŞİD) tərkibində çeçen döyüşçülərinin çoxluğuna diqqət çəkib. Modern.az saytı xəbər verir ki, jurnalın əməkdaşı Sandra Tyonq məqaləsində çeçenlərin “İslam dövləti” sıralarına qoşulmasını daha çox Vladimir Putinə nifrətləri ilə əlaqələndirir.
İŞİD sıralarında ən çox axtarılan çeçen döyüşçüsü Əbu Ömər əl-Şişani (Çeçen Ömər) hesab olunur. Əsl adı Tarxan Batiraşvili olan “Çeçen Ömər” gürcü ata və çeçen ananın övladıdır. O 2012-ci ildə Suriyaya gedib və 1 il sonra “İslam dövləti” sıralarına qoşulub. Hazırda 29 yaşı olan əl-Şişani İŞİD-də rəhbər vəzifələrdən birini tutur. ABŞ terrorçunun tutulması üçün 5 milyon dollar mükafat təyin etsə də, Kreml keçmiş Gürcüstan vətəndaşının həbsində daha maraqlı olmalıdır. Çünki son çıxışlarında əl-Şişani növbəti hədəflərinin Çeçensitanı işğal altında saxlayan Rusiya olacağını bəyan etmişdi. Ötən il videoçıxışlarının birində İŞİD komandiri minlərlə çeçenin onun arxasınca gələcəyini vurğulamışdı.
Bu arada, beynəlxalq ekspertlər Suriya və İraqa əcnəbi terrorçuların daha çox Şimali Qafqazdan gəldiklərini bildiriblər. Rusiya Federal Təhlükəsizlik Xidmətinin məlumatına görə, İŞİD sıralarında 1700 çeçen döyüşçü var. Alternativ mənbələr isə azı 5 min Şimali Qafqaz əsilli şəxsin “İslam dövləti” bayrağı alıtnda döyüş təcrübəsi qazanmaqda olduğunu deyir.
“Ruslar qorxular ki, İŞİD sıralarından çıxan döyüşçülər terroru yenidən Şimali Qafqaz və Çeçenistana qaytaracaqlar. Təbii ki, onlar Suriya və İraqda qalib gələcəkləri halda. Çeçenlər Allah naminə müharibə aparmaq istəyirlər” – deyə terrorizm üzrə ekspert olan Udo Ştaynbax bildiribr.
Almaniyalı ekspertin fikrincə, çeçen döyüşçülərinin Putin və Rusiyaya qarşı nifrəti sonsuzdur.
“Şimali Qafqaz xalqları XIX əsrdən Rusiyaya qarşı mübarizə aparır. Çeçenlər heç zaman öz müstəqilliklərinin itirilməsi ilə razılaşmayacaqlar”.
Vüqar İsmayılov