Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) qiymət siyasətindən narazı olduğunu vurğulayıb.
Ölkə başçısı bildirib ki, AZAL dövlət tərəfindən böyük subsidiyalar alır: “Bütün təyyarələr dövlət büdcəsinin vəsaiti hesabına alınır, bütün aeroportlar dövlət hesabına tikilir, bütün şərait dövlət hesabına yaradılır. Nəyə görə biletlərin qiyməti başqa ölkələrə, şəhərlərə nisbətən baha olmalıdır? Nə üçün? Ona görə, mən tapşırıram hökumət, Maliyyə Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi bu məsələ ilə məşğul olsunlar”.
İctimaiyyətin də çoxdan narazılığına səbəb olan vəziyyət İlham Əliyevin iradlarından sonra ciddi müzakirə olunmağa başladı. Hərçənd AZAL qiymətləri endirməsi barədə açıqlama versə də, nəzərə çarpacaq dəyişiklik müşahidə olunmur.
Şirkətin endirim barədə qərarı ciddi olmamaqla yanaşı, ictimaiyyət arasında çaşqınlıq yaradıb.
Qurumun icraçı direktoru Eldar Hacıyev AZAL-ın 20 faizlik endirimin tətbiq ediləcəyi bütün istiqamətlər üzrə ekonom-sinif biletləri “Nesting” prinsipi ilə reallaşdırılacağını açıqlayıb. “Nesting” prinsipi o deməkdir ki, daha ucuz biletlər onları daha əvvəl alan müştərilərə qismət olacaq. Yəni, “kim tez tərpəndi” prinsipi...
AZAL-ın sabiq prezidenti Ədalət Əliyev aviabiletlərin qiymətlərinin yüksək olması ilə bağlı Modern.az saytına açıqlama verib.
O bildirib ki, prezidentin iradlarından sonra məsələnin həlli istiqamətində addımlar atmaq lazımdır:
“İlk olaraq AZAL-ın iqtisadi vəziyyətini analiz etmək və buna uyğun şərh vermək lazımdır.
Onun əsas vəsaitlərinin artması, həmin vəsaitlərdən effektiv istifadə olunması, yeni yaradılan idarələrin, işçi heyətinin həddindən çox olması və s. kimi məsələlər var. Ciddi şəkildə araşdırıb ona uyğun təhlil vermək lazımdır.
Prezident məsələni özü qiymətləndirdi. Bildirdi ki, şirkətdə qiymətlər həddindən artıq yüksəkdir, rəqabətə dözümsüzdür. İlham Əliyev buna irad bildiribsə, əlbəttə bunu şərh etməyə ehtiyac yoxdur, sadəcə verilən göstərişləri yerinə yetirmək lazımdır. Hesab edirəm ki, prezidentin iradları əsasında təkliflər hazırlanmalıdır. Amma şirkət hansı qərarı verəcək, onu deyə bilmərəm, bu onların daxili işidir”.
Ə.Əliyev “Bilet qiymətləri nəzərəçarpacaq dərəcədə aşağı salınarsa AZAL-ın aqibəti necə olacaq” sualına cavab olaraq bir daha vəziyyəti təhlil etməyin vacibliyini vurğulayıb:
“Əgər dövlət hava limanını inşa edib pay veribsə, təyyarələr alıb pay veribsə, əlbəttə qiymət artımı əsassızdır. Yox əgər dövlət onu əsas vəsait kimi verib və onun pulunu tutursa, qiymətlərin azaldılması ilə şirkət çıxılmaz vəziyyətdə qala bilər. Amma ölkə başçısının da dediyi kimi, bunların hamısı dövlət hesabına həyata keçirilib. Bu o deməkdir ki, AZAL-ın yüksək qiymətləri tamamilə əsassızdır”.
Ə.Əliyev dünya ölkələrilə müqayisədə Azərbaycanda biletlərin çox baha olduğunu vurğulayıb: “Bizdə aviabiletlər həddən artıq bahadır. Və bu bahalıqla insanlar lazımi istiqamətdə uçmağa məcburdur. Azərbaycanda il ərzində 13 min sərnişin yalnız Türkiyəyə getmək üçün Gürcüstan vasitəsilə qardaş ölkəyə uçur. Bu da bahalığın sadə bir sübutudur. AZAL qiymətləri qaldırmaqla müştəriləri özündən qaçırır. Bu həm də ölkəyə gələn turist sayına mənfi təsir göstərir”.
Gülşən RAUFQIZI