Qanunverici prosesin dövlət maraqlarına yox, ayrı-ayrı fərdlərə nökərçilik psixologiyası daşıyan insanların öhdəsində qalması çağdaş Azərbaycan siyasi sistemi üçün utancverici bir hal olardı
Payızda qanunverici orqanın kürsülərində görünəcək yeni millət vəkillərinin bioqrafiyası, ümumiyyətlə qarşımızda hansı xarakterdə bir parlamentin dayanacağı, doğrudan da çox mühüm məsələdir. Cari seçki prosesinin fərqli məqamları nədən ibarət olacaq, mübarizə qızğın mərhələyə keçməyincə, bunlar ictimai rəy üçün hələlik sirdən ibarətdir. Geniş və diqqətçəkici siyasi müşahidəçi mövqelərində isə, əsasən iki haçalanmış fikir mövcuddur.
Birinci ehtimal indiki millət vəkili heyətinin dəyişməz qalacağını, başqa sözlə, böyük ələnmə getməyəcəyini özündə ehtiva edir.
İkinci ehtimal üzərində dayananlar hakimiyyətin parlamentdə təzə komanda formalaşdıracağı mülahizəsini nüfuzlu məmurlar arasındakı mübarizənin növbəti dalğasının sonuclarına nəzərən ortaya qoyurlar.
Bu iki ehtimalın ayrı-ayrılıqda həqiqətə yaxınlığı varsa, o deməkdir ki, cəmiyyətin parlamentdən gözləntiləri istiqamətində yaxın illərdə də dərin, ciddi irəliləyiş baş verməyəcək. Nəyə görə?
Birinci fərziyyə halında onsuz da heç nə dəyişmir. Çünki, əsasən ənənəvi və gözyorucu, eyni zamanda, mandatın funksiyasına cılız təmənnalarla yanaşan bir sıra simalardan ibarət hazırkı tərkib cəmiyyəti tam qane edən bir nüfuza sahib ola bilmədisə, yola əsaslı rotasiya olmadan davam etmək daha yaxşısını ortaya qoymaq şansını itirmək deməkdir.
İkinci halda, yeni millət vəkilləri dəstəyini alacağı güclü çevrənin maraqlarından kənara çıxmamaqla, qanunverici müstəvidə öz müstəqilliyini boğmaq zorunda qalacaq, başqa sözlə, tribunanı təzə yaltaqlar, bəzi məmurların maraqlarına işləyən növbəti əlaltılar əldə edəcək.
Parlamentin formalaşması üsullarında kardinal dəyişikliklərə gedilməsi çətin veriləcək qərar ola bilər, çünki alternativ variantlar, başqa sözlə, özünü öz sahəsində təsdiqləmiş insanların təbii iradəsi əsasında eksperimentə ola bilsin ki, biz hələ tam hazır deyilik.
Lakin parlamentin formalaşması variantlarının heç birində heç kəsin üzərinə mandatı müqabilində şit yaltaqlıq, əndazəsini aşan tamamən saxta tərif, qanunları mənimsəməmək, ona kor-koranə yanaşmaq, sadəcə, düymə basmaq öhdəliyi qoyulmur. Belə bir eybəcər öhdəlik, əslində daha çox subyektiv iradəyə, fərdin zəif, müti təbiətinə bağlı olur.
Odur ki, yeni simaların arxasında güclü himayədarların dayanıb-dayanmamasından asılı olmayaraq, gətirə biləcəyi fərqli tendensiya ondan ibarət olmalıdır ki, məddahlıq sıradan çıxsın, parlamentdə həmişə bahar rüzgarı əsməsin, bəzən zərərsiz fırtınalar da olsun ki, dövlətin müdafiəsi sağlam və güclü tənqidi ritorika ilə daha da möhkəmlənsin. Nəinki arxaik yanaşma ilə, yəni, yaltaqların və qanun xamlarının ifasında bu müdafiə pis və komik alınsın.
Dövlət rəhbərinin son zamanlarda məcbur qaldığı tənqidçi mövqeyini parlament ayrı-ayrı nazirliklərin fəaliyyətinin izlənməsi və müzakirə müstəvisinə çıxarılması baxımından öz öhdəsinə almalıdır.
Təhlükəli natiq kimi görünməmək, nöqsanları görməzlikdən gəlib, qəsdən yaxşı baxış rakursları seçmək yuxarıların diqqətinə hesablanmış üslubdursa, zaman radikal mətbuata yanaşma misalında sübut etdi ki, tənqidi jurnalistikanın yaxasına bəzən dövlətin zirvəsi özü medal da taxa bilir. Çünki etiraf olunduğu kimi, problemlərin palaz altından çıxarılıb diqqət mərkəzinə gətirilməsi dövləti daha düzgün işləməyə istiqamətləndirir. Kim parlamentin arxalı-arxasız deputatlarını dar ağacından asır ki, qanunlar üzərində zehni çarpışmalar etməsin, ölkənin teleyinə aid məsələlərdə intellektual savaşa girməsin?!
Bizim parlamentlər göstərdi ki, kimin ki, zəka üstünlüyü var, Milli Məclisin səmərəliliyinin formalaşmasında, nüfuz qazanmasında bütün ağırlıq məhz onların çiyninə düşür, belələrinin fobiyası dərin olmur, onları ağıllarının gücü xilas edir deyə, məmurun maraq qoruyucu kimi çıxış etmir.
Faydalı müzakirələr üçün intellektual potensialı çatışmayanlarsa, həmişə qorxaq və yaltaq obrazda görünür ki, belələrinin hər seçkidə perspektivli insanların yerini tutması, ümumən qanunverici orqanın fəaliyyətinə qüsurlar əlavə edir.
İnsanların şüurunda islahatlar getdiyi bir vaxtda, dünyamız tənqid dünyasına gəlib çıxdığı bir zamanda belələri ilə yola davam etmək, doğrudanmı lazımdır?
Zaman və şərtlər dəyişir. İnsan ləyaqətini pusan təhlükədən-mənasız qorxu, lazımsız yaltaqlıq, itaətcil xarakterdən dövlətin əldə etdiyi qazancın səviyyəsi, faydalı mübahisələrdən, obyektiv və qərəzsiz tənqiddən gələn qazancın səviyyəsinə uduzur.
İllər sübut edir ki, qanunlar üzərində düzəlişləri oliqarxların maraqları prizmasından qiymətləndirənlərin məddahlığı, fürsətcilliyi ilə həmin deputatların cibi dolub, yeri möhkəmlənib, cəmiyyətin nəfinə isə iynə ucu boyda fayda dəyməyib. Bəzən məddahlıq, bəzən naşılıq ucbatından qanunlar təkrar düzəlişlər üçün dəfələrlə müzakirə masasına qaytarılmalı olub.
Dünya parlamentlərində hər bir səs öz nitqini azadlığı və təcrübəsi ilə birləşdirib ictimai problemlərdən danışdığı halda, bizim timsalımızda azadlıq məsələsini bir kənara qoyaq, qanunverici prosesin diletant və öz naşılıqlarını bu strukturun öyrənilməsi, qanun yaradıcılığı təcrübəsinin artırılması çabasına dəyişmək istəməyən, dövlət maraqlarına yox, ayrı-ayrı fərdlərə nökərçilik psixologiyası daşıyan insanların öhdəsində qalması çağdaş Azərbaycan siyasi sistemi üçün utancverici bir hal olardı.
Parlamentdə bir işin qulpundan yapışmayıb, amma ictimai sevgidən sui-istifadə edib, millət vəkili adı ilə ölmək arzuları quran ünlü sənət adamlarına ürəyiyumşaqlıq, 25 illik deputat “staj”i toplamaq istəyənlərə növbəti beşillik üçün də güzəşt kimi hallar, ümumən parlament sistemindən, cəmiyyətdən çox şeylər alıb götürür.
Dövlət başçısının komandanın fəaliyyəti üzərində tənqid ovqatının gücləndiyi, beynəlxalq siyasətin cəsarətlə tənqid hədəfinə gəldiyi bir vaxtda, zaman bizdən tənqidçi, siyasi həyatın sağlam əsaslarla qaynamasına təkan verən daha işgüzar ovqatlı parlamentin formalaşmasına hazırlıq prosesini başlatmağı tələb edir.
Nəyin pis, nəyin yaxşı olduğunu seçilən Milli Məclis üzvünün bağlı olduğu əlaqələr deyil, bilik, vicdan və ədalət meyarları müəyyənləşdirəndə, bundan birinci dövlət, ikinci çəmiyyət, üçüncü hakimiyyətdə olan partiya özünün gələcək seçki qələbələri üçün boyük qazanc əldə edir. Buna görə də yaltaqlıq divarını adlayıb, bədxah deyil, xeyirxah tənqid müstəvisi üzərinə qalxmağı bacaran, kürəyi oliqarxlara yox, məhz öz zəkasına, potensialına bağlı insanların qarşısına yaşıl işıq yandırmaqdan başqa yol görünmür.