(hekayə)
Azər müəllim əvvəllər dost məclislərində təntənəli, bir az da pafoslu sağlıqlar deməyi hədsiz xoşlayardı. Onun tostlarını mətnləşdirməyi, sonralar haralardasa istifadə etməyi arzulayanlar da az deyildi. Yaşlaşdıqca bir sıra xarekterik xüsusiyyətləri ilə yanaşı uzun nitqlərdən də vaz keçən Azər müəllim son vaxtlar lap qaraqabaq olmuşdu. Məclislərdə az danışır, sağlıq demək barədə təkliflərə də əslində məhəl qoymurdu. Birtəhər vəziyyətdən çıxmağa çalışır, rusca “budem, ne zabudem” deyib canını qurtarırdı.
Amma dostlarla son görüşlərin birində Azər müəllimin dili yenə açılmışdı. Tələbəlikdə və sonralar qazandığı sirdaşların əhatəsində özünü lap Koroğlu qalasında olduğu kimi hiss etdiyini dönə-dönə vurğulayan, Azər Bilalov elə hey dil-dil ötürdü. Məclisdəkilər lap məəttəl qalmışdılar. Axı son beş-altı ildə bu adam hər yığıncaqda heç üst-üstə iki-üç cümləlik söhbətə belə vaxt ayırmazdı. Görünür yaşlaşdıqca kövrələn, kövrəldikcə düşüncələrinə, içində boy göstərən fikirlərə daha geniş meydan vermək istəyində olan Azər müəllim bununla bir qəlb rahatlığı, könül xoşluğu tapırdı öz aləmində.
-Dostlar, hər birinizi özüm qədər çox istəyirəm, xətrinizi əziz tuturam. Elmdə, istehsalatda, ailədə, cəmiyyətdə qazandığınız uğurlara görə çox sevinirəm. Yadınızdadırsa, Ziyanı öz şöbəmə götürəndə heç kimyəvi maddələrin, metalların adlarını belə düzgün yaza bilmirdi. Kömək elədim, hər şeyi öyrəndi, ihtehsalata alışdı. İrəli çəkdilər, vəzifə verdilər, maşın, mülk sahibi oldu. Eləcə də Zəfər. Bizə işə gələndə utandığından başını yuxarı qaldırmırdı. İndi əməkdar mühəndisdir, xarici ölkələri gəzir, Xızıda özünə malikanə tikdirib. Bəs Eldar necə? Mənimlə salamlaşanda utandığından qıpqırmızı qızarırdı. İndi maşallah, böyük vəzifə sahibidir, elmi iş götürüb, bugün-sabah müdafiə edəcək. Böyük-böyük adamlarla oturub-durur, var-dövlət sahibidir. Əvvəllər hər şeyi mənimlə məsləhətləşər, bütün məsələləri bir yerdə götür-qoy edər, birgə qərar çıxarardıq. Elə ki, əli böyüklərin ətəyinə çatdı, hər şeyi unutdu. Yaddan çıxarır ki, bu gün özünü saymamazlığa vurursa, sabah bu cür hərəkətlərin altını mütləq çəkəcək. Nə deyim, Allah işlərini avand eləsin. Amma hər kəs yaxşılıqların əvəzində unutqanlıq edirsə uğurlu sabahlardan gen düşəcəyini gözünün altına almalıdır. Yaxşılıq elədiyim, dostlaşdırdığım insanlar bir çöplərini görmədiyim, lakin mənə son dərəcə yaxın olan imkanlı rəhbər işçilərdən fürsət tapıb bəhrələndilər, elə bildilər ki, hər şey göydən zənbillə düşüb.
Dostlar, Aristotelin bir fikrini yadınıza salmaq istərdim. Böyük filosof yazırdı ki, insanlar bütün hallarda dosta möhtacdırlar. Lakin iki halda daha çox bolluqda – bir yerdə yeyib-içib kef çəkmək üçün. Bir də ki, qıtlıqda - əlbir olub bir-birinə kömək etmək üçün. İndi niyə bu tarazlıq pozulur görəsən?
Azər müəllim sözünə azacıq ara verib, araq dolu qədəhi əlinə götürdü.
-Qaldı ki, mənə... Vallah heç nədə heç vaxt gözüm olmayıb. Gəlib ömrümün bu çağına çatmışam, camaat ayağından özümə bir daxma da qaralda bilməmişəm. Hündür binanın quş damına oxşayan mənzilimdə ömrümü çürütməkdəyəm. Uşaqlarımın da yanında üzüqarayam. Nə gün ağladım axı onlara...
Elm dalınca getmədim, sıravi mühəndis kimi qaldım. Çoxuna hayan oldum, qolundan tutdum, kömək elədim, təəssüf ki çoxları qiymət vermədi, qədrimi bilmədi...
Azər müəllim sözünü qurtarmamış dostu Fazil əlindəki badəni bir-bir oturanların qədəhlərinə vurub cingildətdi.
-Gəlin elə içək bu sağlığa. Azər, nə qazanmısan – qazanmamısan, özün bilərsən. Amma qanan, başa düşən dost-qardaş, oğul-uşaq üçün ən böyük qazanc elə sənin bu sadəliyin, təmizliyin, ülviliyindir. Ad-san, karyera, var-dövlət dalınca qaçmadın heç vaxt. İşin-gücün dostlarına, yaxınlarına yaxşılıq eləmək olub həmişə. Çox təəssüf ki, bəziləri bunun cavabında yalnız dönüklük eləməyi, sənə arxadan zərbə vurmağı, badalaq gəlməyi bacardılar. Amma sən hər zaman balığı dəryaya atdın və yalnız Yaradana bel bağladın. Vur getsin, o gedən yerə dərd-bəla getməsin, qardaş. Bir də ki, əzizim, Ziqmund Freydin bir fikrini yaddan çıxarma. Böyük alim deyirdi ki, insan düşündüyümüzdən daha əxlaqlı , ağlımıza gətirməyəcəyimiz dərəcədə əxlaqsızdır. Sənin ürəyiyumşaqlığından, xeyirxahlığından sui-istifadə edib bəhrələnənlərdən heç nə gözləmə. Yetimdən bir məsələ barədə soruşulanda bilirsən də, necə cavab verib – “mənə çörək verəni...”
Həmişə şablondan, trafaret ifadələrdən qaçan Azər müəllimin bu dəfə Fazilin kifayət qədər ciddi fikirlərə bələnmiş zarafatyana tostundan çox xoşu gəldi. Gəlməyib nə edəsiydi ki...