“20 ilin müsavatçısına çirkab atanlara ən sadə cavabım…”
“20 ilin müsavatçısına çirkab atanlara ən sadə cavabım budur ki, ömrümüzü verdik, əvəzində hədyanlar eşitdik birilərindən. Ayrı təmənnam yox, sadəcə utanmaları lazım!”. Modern.az xəbər verir ki, bu fikirləri "Yeni Müsavat"ın yazarı, Müsavat Partiyasının sabiq Məclis üzvü Elşad Paşasoy özünün Facebook səhifəsində yazıb. E.Paşasoy konkret ad çəkməsə də, bu qınaqları bəzi partiyadaşlarına ünvanladığı dərhal aydın olur.Belə ki, həmkarımız “O, sizə “İstiqlal” ordeni verdirmək istəyirdi..." adlı köşə yazısına görə Müsavatın bəzi üzvləri, hətta Avropa və Amerikada sığınacaq almış bir sıra partiya təmsilçilərinin kəskin, bəzi hallarda isə təhqiramiz reaksiyası ilə üzləşib. Partiya başqanının müşavirlərindən biri isə E.Paşasoyun köşəsini paylaşaraq təhqirlərin də yer aldığı müzakirələrə imkan yaradıb, hətta bir sıra hallarda özü də aşağılayıcı rəylər paylaşıb. Müsavat rəhbərliyinə yaxın şəxslərin də bu müzakirələrə qoşularaq hətta təhqirlərə yol verməsi həmkarımızı əks reaksiyaya vadar edib.
Hətta "Yeni Müsavat"ın redaktoru Elşad Məmmədli partiya başqanı Arif Hacılıya müraciət edib.
O, Facebook səhifəsində yazıb: "Hörmətli Arif Hacılı, dəyərli Müsavat başqanı. Diqqətinizə çatdırım ki, sizin ətrafınızda olan şəxslər, müavinləriniz, müşavirləriniz cəbhəçilərə qoşularaq bütün günü Facebook-da "Yeni Müsavat"ı, Rauf Arifoğlunu, kollektivimizi, köşə yazarlarımızı söyməklə, təhqir etməklə məşğuldurlar. Hətta dəyərli yazar, uzun illərini Müsavat Partiyasına həsr etmiş Elshad Pashasoyun çox sanballı və reallıqları əks etdirən bir köşə yazısına görə onu və "Yeni Müsavat"ın kollektivini aşağılayırlar. Onları durdurun lütfən! "Yeni Müsavat" kimi bir tribunanı söymək rəhbərlik etdiyiniz təşkilata başucalığı və fayda gətirməz. Bu mənim "Yeni Müsavat" ailəsinin bir üzvü kimi mövqeyimdir, qəzetin rəsmi mövqeyi deyil! Sadəcə, kollektivimizə yönəlik qarşılaşdığım təhqirləri durdurmağınızı rica edirəm".
E.Paşasoy isə davam edən həqarətli münasibətin və partiya rəhbərliyinin susqunluğunun qarşılığında özünün 20 ildən artıq Müsavat üzvü olmasını təsdiqləyən partiya biletinin fotolarını paylaşıb və yuxarıdakı qeydini yazıb.
Məlumat üçün bildirək ki, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğluna “Əməkdar urnalist” adı verildikdən sonra E. Paşasoy bununla bağlı “O, sizə “İstiqlal” ordeni verdirmək istəyirdi..." başlıqlı köşə yazıb.
Amma bəzi müsavatçılar bütün günü Facebook-da "Yeni Müsavat"ı, Rauf Arifoğlunu, kollektivi, köşə yazarlarını söyməklə, təhqir etməklə məşğuldurlar. E.Paşasoy sualımıza cavabında Facebook-dakı qalmaqalla əlaqədar hər hansı açıqlama vermək istəmədi.
Modern.az