“Mərhum prezident Əbülfəz Elçibəyin ev muzeyinin yaranmamasında təqsir özümüzdə oldu”.
Keçmiş dövlət başçısının qardaşı Almurad Əliyev Modern.az saytına belə deyib.
O, bildirib ki, Əbülfəz Elçibəyin muzeyinin yaradılması ilə bağlı təşəbbüs əvvəllər göstərilsə də, sonradan bu işlər yarımçıq qalıb: “Qardaşımın özəl əşyaları öz evində saxlanılır. Hətta özüm də qardaşıma məxsus olan əşyaları yığıb ailəsinə vermişəm ki, bir yerdə qalsın. Elçibəyin qızının həyat yoldaşı Türkiyədə təhsil alır. Gələndən sonra ondan bu işlərlə məşğul olmağı xahiş edəcəm”.
Eks-prezidentlərin statusunu müəyyən edən qanunun Elçibəyin ailəsinə şamil olunması məsələsindən danışan Almurad Əliyev bildirib ki, qardaşının ailəsinə mühafizə və avtomobil ayrılmayıb. Qanununla həmin imtiyazlar ancaq sağ qalmış eks-prezidentlərə şamil olunur: “Elçibəyin ailəsinə 3700 manat pensiya verilir. Ailənin dolanışığı çox yaxşıdır. Elçibəyin oğlu Ərturqut nazirlikdə işləyir. O, anasını çox istəyir, ümumilikdə ailəyə münasibəti də yaxşıdır”.
Yeganə OQTAYQIZI