Modern.az

Yenidən deputat olmaq istərdiniz? - “Hə”, “yox” deyə bilməyənlər STRESSDƏDİRLƏR

Yenidən deputat olmaq istərdiniz? - “Hə”, “yox” deyə bilməyənlər STRESSDƏDİRLƏR

29 İyul 2015, 16:46

2015-ci il noyabr ayının əvvəlində Azərbaycanda növbəti parlament seçkiləri keçiriləcək. Artıq siyasi arena bu istiqamətdə fəallaşmağa başlayıb. Milli Məclisdə deputat mandatı olanların növbəti seçkilərdə də iştirak edib-etməyəcəklərini hamı maraqla gözləyir.
Hazırki deputatlar arasında növbəti seçkilərdə iştirak edəcəklərini bəribaşdan konkretləşdirənlərlə yanaşı, son qərarını mediada açıqlamayanlar da var.

Diqqətçəkən məqam budur ki, namizədliyini növbəti dəfə irəli sürüb-sürməyəcyi bilinməyən deputatların demək olar ki, heç biri qəti şəkildə “yox” cavabı verməyib. Onlar mətbuata açıqlamalarında hələ qəti qərar vermədiklərini, bu haqda dəqiq nəsə deyə bilməyəcəklərini bildirirlər.

Həssas bir ərəfədə deputatları konkret cavabdan çəkindirən nədir? Modern.az bu sualla bağlı ekspertlətə müraciət edib.

Politoloq Qabil Hüseynlinin məsələyə münasibəti maraq doğurur. Belə ki, onun fikrincə, deputatların bu cür qərarsız olmalarının, yəni seçkidə iştirak edib-etməyəcəklərini dəqiq bilməmələrinin, konkret olaraq “yox” deyərək məsələyə nöqtə qoyamamaqlarının bir çox səbəbləri var: 

“Sadəcə, onlara hakimiyyət etimad göstərib və xalqı səs verməyə çağırıb. Onlar da deputat olublar. Bu adamlar elə bilir ki, hakimiyyət yenə də onların arxasında duracaq. Elə adamlar da var ki, böyük vəzifə tutur və ən azı 3-4 deputatı da himayə edir. Onların təkrar seçləcəyinə inanmıram. Azərbaycanda bu gün demokratik, hüquqi dövlət var. Həmin adamlar asan yolla seçiliblər. Dişlərində şirə qalıb. Əgər bu il də belə seçki keçirilsə, onda Azərbaycanda xalqın iradəsini əks etdirən parlament qurmaq çətin olacaq. Amma prezidentin bugünlərdəki çıxışından belə görünür ki, artıq bu cür hallara yol verilməyəcək”.

Sosioloq Əhməd Qəşəmoğlu hələ də qərarsız qalan, lakin konkret “yox” cavabı da deməyən deputatların mövcud situasiyanı anlamadıqlarını qeyd edir: “O cür cavab verənlər hələ ki, sitiuasiyanı özləri üçün müəyyənləşdirə bilməyiblər. Deputat seçilməkdə indi müəyyən amillər rol oynayır. Bəziləri müəyyən dairələrlə razılığa gələ bilmirlər. Hələ bilmirlər ki, onları yeni siyahıya məsləhət biləcəklər, ya yox. Bəziləri seçki ərəfəsində özlərinin imkanlarını müəyyənləşdirə bilməyiblər. Ona görə də konkret bir fikir deyə bilmirlər. Bunların hamısı ölkədə seçki dövründəki situasiyanın xüsusiyyətlərindən asılıdır. Yəni, hansı şərtlə və imkanlar daxilində seçilmək mümkündür...
Bir çoxları deputat sözünün mahiyyətindən xəbərsizdirlər. Bəziləri elə bilir ki, deputat olmaq sadəcə yüksək imkanlara malik olmaqdır. Amma biz bu gün aydınlaşdırmalıyıq ki, bizə hansı parlament lazımdır və  hansı qanunvericilik aktları bizə kömək edə bilər. Hansı şəxslərin qanunvericiliklə bağlı görüşləri cəmiyyətin işinə yaraya bilər... Hər halda bu və ya bu kimi suallar çoxdur. Millət vəkilləri və yeni deputat olmaq istəyən şəxslərin bu kimi sualların hələ ki dəqiq cavablarını bilməməsi onların namizədliklə bağlı konkret qərarlarına təsir edir”. 

Psixoloq Dəyanət Rzayev isə məsələyə sırf psixoloji aspektdən yanaşır: 

“Bizdə “yox” demək bacarığı həqiqətən də böyük bir problemə çevrilib. Əgər siz bir avropalıdan nəyisə istəsəniz, o konkret ya “hə”,  ya da ki “yox” cavabını verəcək. Yəni, konkret bir reaksiya olacaq. Amma bizimkilərdən nəyisə istəyəndə belə olmur. Soruşsan ki, “bunu mənə verə bilərsən?”, deyəcək “qurbandı”. Həmən onun ardından isə “amma bilirsən...” kimi söz deyəcək.
Onda bilirsən ki, vəssəlam həmin bu “amma bilirsən”dən sonra o sənə heç nə verən deyil. Cəmiyyətdə  nə səbəbdənsə dəqiq cavab verməkdən çəkinirlər. Bu da bizə ərəblərdən qalıb. İnanın, bu ictimai vərdişə çevrildikcə, cəmiyyət üçün daha təhlükəli olur, çox bədbəxtçiliyə gətirib çıxarır. Siz deputatları deyirsiz. Onların konkret cavab vermələri heç onların özündən də asılı olan məsələ deyil. Başqa amilləri qoyaq bir kənara. Təkcə ailədəki vəziyyəti götürək. Namizəd hətta ailəsinin qərarını da bilməlidir. Sizə deyim ki, hazırda onlar stress vəziyyətindədirlər. Çünki qərarsızlığın özü də insanda yüksək gərginlik yaradır. Bu qədər də gərginlik olar? Onlar bir tərəfdən düşünür ki, “birdən namizədliyimi irəli sürmərəm, bu ailəm və başqaları tərəfindən normal qarşılanmaz”. Ya da “birdən namizədliyimi irəli sürərəm, seçilmərəm və bu da mənim imicimə pis təsir edər”. Başqa səbəblər də var ki, onlarda bu günkü gərginliyi yaradıb”. 

 Elmin NURİ

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama