Millət vəkili Qənirə Paşayeva Bayburt millət vəkili Karabey Kadri Karaoğlu ilə görüşüb. Modern.az xəbər verir ki, görüşdə son günlərdə şəhid olan əsgər və polislərlə bağlı müzakirələr aparılıb.
Millət vəkili Türkiyə Böyük Millət Məclisinin Bayburtdan olan millət vəkili Karabey Kadri Karaoğlu ilə görüş zamanı son günlər terror hadisələri nəticəsində şəhid olmuş əsgər və polislərlə bağlı başsağlığını çatdırıb. İnsanlarımızın üzüntülərini paylaşdığını və terroru kəskin pislədiyini deyib.Bir daha belə terror olaylarının yaşanmamasını diləyirik:
“Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır. Və getdikcə daha da gərginləşən bir bölgədə Azərbaycan və Türkiyə olaraq birlik və bərabərliyimizi daha da gücləndirməliyik”.
Görüş zamanı Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini hələ də işğal altında saxlaması,qondarma erməni soyqırımı iddiaları ilə bağlı da geniş müzakirələr aparılıb. Deputat Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində, qondarma erməni soyqırımı yalanlarına qarşı mübarizədə də xaricdə yaşayan insanlarımızla birlikdə səylərimizi daha da artırmalıyıq deyib.
Türkiyə Böyük Millət Məclisinə seçkilər başa çatdıqdan sonra Parlamentlərarası Dostluq Qrupları formalaşmağa başladığı zaman ilk öncə Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupuna üzv olduğunu söyləyən Karabey Kadri Karaoğlu Azərbaycanı çox sevdiyini, əməkdaşlığın inkişafına böyük önəm verdiyini və öz fəaliyyəti dövründə bu istiqamətdə yorulmadan çalışaçağını deyib.
“Azərbaycanın Qarabağ ağrısı bizim də ağrımızdır və fəaliyyətim dövründə bu məsələ bir Azərbaycanlı millət vəkili qədər mənim də diqqətimdə olacaq”.
Q.Paşayeva Karabey Kadri Karaoğlunu ölkəmizə dəvət edib.
Görüşün sonunda millət vəkili Karabey Kadri Karaoğluna Azərbaycan həqiqətləri, mədəniyyəti ilə bağlı materiallar və özünün müəllifi olduğu kitabları hədiyyə edib.