İyulun 21-də Azərbaycan Milli Mətbuatının 140 illik yubileyi münasibətilə Azərbaycan Jurnalistlər Birliyi bir qrup jurnalistə “Həsən bəy Zərdabi” mükafatı verib.
Bu il mükafatı alanlar sırasında ANS TV-nin “Bazar səhəri” proqramın aparıcısı Rövşanə Bektaşi də var.
Azərbaycan jurnalistikası üçün çox ciddi və önəmli olan Həsən bəy Zərdabi mükafatının şou aparıcısına verilməsi mətbuat aləmində birmənalı qarşılanmayıb. Bir şou aparıcısına Zərdabi mükafatının verilməsi nə dərəcədə doğrudur?
Həsən bəy Zərbadi irsinin araşdırmaçılarından biri olan jurnalist Tahir Aydınoğlu Modern.az saytına açıqlamasında bildirib ki, bir şou aparıcısına bu cür çox ciddi mükafatı vermək düzgün deyil:
“Mən konkret olaraq o aparıcını tanımıran. Çünki şou verilişlərinə baxmıram. Hesab edirəm ki, nə qədər populyar olsa da, şou verilişini aparan aparıcıya Həsən bəy Zərdabi mükafatı verilməz. Bu mükafatı verəndə düşünmək lazımdır. Axı şou nə qədər ictimai səciyyə daşıyır, bu şou nə dərəcədə Həsən bəy Zərdabi çağırışlarını cavablandırır? Mübahisə varsa, deməli burda hansısa tərəfin arqumentləri də var. Çox istərdim ki, bu arqumentləri ortaya atan şəxslər səmimi olaraq hər şeyi açıqlasınlar.
Amma mən birmənalı olaraq cavab verirəm ki, Həsən bəy Zərdabi mükafatı onun adına layiq olan jurnalistlərə verilməlidir.
Bir şou verilişi nə qədər popuylar olsa da... Belə olduğu halda heç mübahisə də olmaz”.
Modern.az-a danışan Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı bildirib ki, Rövşanə Bektaşinin apardığı verilişi normal qiymətləndirir:
“Mənim bu məsələyə konkret olaraq münasibətim odur ki, Rövşanə xanım jurnalistdir və Zərdabi mükafatını alıb. Bu kiminsə xoşuna gəlir və ya gəlmir o başqa məsələdir. Ona bu mükafatın verilməsi hamının xoşuna gəlmək məcburiyyətində deyil. Onun apardığı verilişləri də normal qiymətləndirirəm.
Əgər hər şey birmənalı qavranılsa, onda cəmiyyətdə nə fikir, nə tolerantlıq, nə də fikir müxtəlifliyi ola bilər. Kimsə bir iş görəndə bunun kimlərinsə xoşuna gəlməkdən ötrü eləmir. O səbəbdən ona qarşı münasibət müxtəlif cür ola bilər. Digər mükafat alanlarla bağlı da nələrsə soruşulsa deyəcəklər ki, bəyənmirlər və ya xoşlarına gəlmir. Belə də gəlmir gəlməsin də. Yəni, bu söz deyil”.
Birliyin katibliyi mətbuatda, teleradioda, eləcə də elektron mediada peşəkar çıxışları ilə diqqət çəkən bir qrup jurnalisti 2015-ci il üçün Həsən bəy Zərdabi mükafatına layiq görüb.
Azərbaycan Jurnalistlər Birliyinin Həsən bəy Zərdabi mükafatı 1990-cı illərin sonlarında təsis olunub. Laureatlar 22 iyul Azərbaycan Jurnalistikası Günü ərəfəsində sərbəst nominasiyalar üzrə seçilir.
Sevinc YASİNQIZI