Modern.az

Şəhid zabitlərin qırx günü...

Şəhid zabitlərin qırx günü...

Ölkə

13 Oktyabr 2010, 15:02


Azərbaycan Milli Ordusunun sentyabrın 4-də şəhid olan 2 zabitinin bu gün qırxıdır. Cəbhənin Tərtər rayonunun Çiləbürt kəndi istiqamətində düşmənin qəfil hücumumun qarşısının alınmasında qəhrəmancasına həlak olan 34 yaşlı kapitan Əhməd Abdullayev və 24 yaşlı baş leytenant Fərid Əhmədovun qırx mərasimləri onların doğulub boya-başa çatdıqları Cəlilabad rayonunda keçirlir. Şəhidlərin qırx mərasimində iştirak etmək üçün Bakıdan Cəlilabada 40-dək avtomobildən ibarət maşın karvanı yola düşüb.

Modern.az-ın məlumatına görə, Bakıdan Cəlilabada – şəhidlərin qırxına gedən mərasim iştirakçılarını “Milli mənəvi dəyərlər” İctimai Birliyi aparıb.

Mərasim iştirakçıları arasında olan əməkdaşımızın verdiyi məlumata görə, onlar əvvəlcə Biləsuvar rayonunun Əliabad kəndinə gedərək şəhid Milli Qəhrəman Mübariz İbrahimovun ailəsinə baş çəkiblər. Orada Milli Qəhrəmanın atası Ağakərim İbrahimov da Cəlilabada gedən karvana qoşulub.

Daha sonra Bakıdan gedənlər Cəlilabadda şəhid Əhməd Abdullayevin və Fərid Əhmədovun qırx mərasimlərinə qatılıblar. Əməkdaşımızn verdiyi məlumata görə, şəhidlərin qırxında iştirak etmək üçün ətraf rayonlardan da çoxlu adamlar gəlib. Hər iki ailənin həyətində böyük izdiham yaşanır.

Milli Ordunun zabiti Əhməd Hüseynağa oğlu Abdullayev 1976-cı ildə Cəlilabadda doğulub. 15 yaşından hərbi məktəbə daxil olan Əhməd sonralar müxtəlif hərbi hissələrdə qulluq edib. Xidmət dövründə o, kapitan rütbəsinədək yüksəlib.
Bu il sentyabrın 4-də Tərtər rayonunun Çiləbürt kəndi istiqamətində düşmənin qəfil hücumumun qarşısını alarkən qəhrəmancasına həlak olub.
Şəhidin meyiti doğulduğu Cəlilabad rayonunda dəfn edilib.

Milli Ordunun zabiti Fərid Gülağa oğlu Əhmədov 1986-ci il yanvarın 19-da Cəlilabad rayonunda anadan olub. Sentyabrın 4-də cəbhənin Tərtər istiqamətində Çiləbürt kəndi yaxınlığında ermənilərin hücumunu dəf edərkən qəhrəmancasına həlak olub.
Fərid Əhmədov 2003-cü ildə orta məktəbi bitirərək Heydər Əliyev adına ali məktəbə daxil olub. 2007-ci  ildə oranı bitirib, 2007-2008- ci illərdə Təlim-Tədris Mərkəzində leytenant rütbəsi  almaq üçün kurs keçib və istəyinə nail olub. 2008-2009-cu illərdə Gəncədə xidmət edib. 2009-cu ildə öz ərizəsi ilə Tərtərə - döyüş bölgəsinə təyinat alıb, uğurlu xidmətinə görə tez bir zamanda baş leytenant rütbəsi alaraq kəşfiyyat bölük komandiri olub. 2010-cu il sentyabrın  4-də baş verən şiddətli döyüşdə şəhid olub.
Onun meyiti düşmənin nəzarəti altında olan ərazidə qalıb. Ermənilər meytiti qaytarmaqdan imtina edirlər.

Adəm Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu