“Son illərin müşahidələri göstərir ki, Azərbaycanda kişi və qadınlar arasında cinsi zəiflik əlamətləri həddindən çox artıb. Amma onlar bu problemlə bağlı həkimlərə müraciət etməkdən utanır, çəkinirlər. Çoxları elə düşünür ki, cinsi zəiflik yalnız kişilərə məxsus xəstəlikdir. Amma qadınlar da belə halları yaşayırlar”.
Modern.az-ın məlumatına görə, bunu həkim-androloq Elgün Nağıbəyov bildirib.
”Əsəb, stress, yorğunluq, gərgin iş rejimi, gündəlik rastlaşdığımız sosial-məişət probləmləri, düzgün qidalanmama bir çox hallarda kişilərdə və qadınlarda cinsi zəifliyə səbəb olur. Nəzərə alsaq ki, normal cinsi fəaliyyət kişi və qadın sağlamlığı üçün ən vacib şərtlərdəndir, onda bu problemin aradan qaldırılması üçün düşünməyə dəyər. Məsləhət görərdim ki, cinsi zəiflik problemi yaşayan şəxslər zamanında həkimə müraciət etməkdən utanmasınlar”-deyə E.Nağıbəyov bildirib.
Həkimin sözlərinə havanın, suyun, ərzağın, dərmanların çirklənməsi də cinsi zəiflik səbəbləri sırasında əsas faktorlardandır.
”Kişi cinsi zəifliyi – impotensiya dünyada geniş yayılıb. Ölkəmizdə də bu problem çox ciddi şəkildə yaşanır. Oğlanlarda bu xəstəliyi- impotensiyanı gizli saxlanması daha böyük fəsadlara yol aça bilər.
Bəzən cinsi zəifliyə düçar olanlar apteklərdən müxtəlif dərmanlar alıb özbaşına qəbul edirlər. Bir çox hallarda cinsi zəiflik problemi yaşayan evli kişilər özbaşına “Viaqra”, “Kamaqra” və digər bu kimi dərmanlardan istifadə edirlər. Bir sıra internet saytlarda kişi və qadınlarda cinsi həvəsi artıran “100% bitki tərkibli preparat” adı ilə dərmanlar reklam olunur. Doğrudur, onlar cinsi zəifliyi aradan götürür, güclü seksual hisslər yaradır, amma bu, müvəqqəti haldır. Yaxşı olar ki, həkim mütəxəssislərə müraciət olunsun, müalicə alsınlar. Həkim məsləhəti olmadan o preparatları qəbul etmək düzgün deyil və daha ağır fəsadlar verə bilər”.
Həkim-androloq deyir ki, Azərbaycanda digər xstəliklərdən fərqli olaraq, cinsi zəiflikdən əziyyət çəkənlərin rəsmi qeydiyyatı aparılmadığından bununla bağlı statistika da yoxdur. Amma həkimə müraciətlərin artdığı belə problem yaşayanların çoxaldığını deməyə əsas verir.
Moden.az