Tanınmış vəkil Aslan İsmayılov özünün feysbuk səhifəsində mərhum xalq artisti, Bəstəkarlar ittifaqının sabiq sədri, bəstəkar Vasif Adıgözəlov haqqında yazıb. Modern.az xəbər verir ki, o, iki gün bundan əvvəl 80 yaşı tamam olan bəstəkarın media tərəfindən xatırlanmamasını önə çəkib və maraqlı bir xatirəni bölüşüb:
“28 iyul dahi bəstəkar Vasif Adıgözəlovun 80 yaşı tamam oldu. Bu barədə ölkənin aparıcı qəzetlərinin heç birində hər hansı materiala rast gəlmədim. Bakıya gələn, cinsi orientasiyası bəlli olmayan birisi ilə bağlı palaz-palaz yazı yazanlar bu şəxsiyyətə diqqət ayırmadılar. Hərçənd ki, bu ilin fevral ayında AR Prezidenti İlham Əliyev dahi bəstəkar Vasif Adıgözəlovun 80 illik yubileyinin keçirilməsi barədə sərəncam imzalayıb.
Vasif müəllimin sənətinin dünya tərəfindən qəbul olunub və mənim qeydimə heç bir ehtiyac yoxdur. Onun vətəndaş mövqeyi ilə bağlı şahidi olduğum bir epizodu Sizinlə bölüşürəm. 20 yanvar 1990-cı il səhər baş verənlərlə bağlı tanıdığım şəxslərə zəng edirdim. Çoxdan tanıdığım rəhmətlik Ələkbər Səfərova zəng edib nə baş verdiyini soruşduqda "imkanın varsa evimizə gəl" dedi. Qonaq otağına keçəndə tanımadığım bir nəfəri qanı qara halda gördüm. Ələkbər müəllim tanımadığımı başa düşüb qınaqla "Vasif müəllimdir" dedi. Üzrxahlıq edib salamlaşdım. Baş vermiş faciənin ağırlığından heç kim danışmırdı. Sükutu Vasif müəllim pozdu.
"Ələkbər, Sovet hakimiyyəti bizi xalq olaraq təhqir etdi, artıq sonu nə olacağı mənim üçün vacib deyil. Bizim xalq bu vəhşiliyi haqq etməmişdi" deyib susdu. Diqqətlə baxanda göz yaşlarının yanaqlarından süzüldüyünü gördüm. Tanımadığı bir cavanın onun ağlamağını görməsini istəməsə də göz yaşları ilə bacarmadı. Beləcə sükut içində uzun müddət bir-birimizə baxdıq. Sonralar Vasif müəllimlə dəfələrlə görüşdük. Hansı söhbətimiz olsa da sonu hökmən Qarabağla qurtarırdı. Ancaq onu yaxından tanıyanlar bilir ki, "Çanaqqala-1915" oratoriyasını ömrünün son günləri hansı həvəslə yekunlaşdırdı və bu əsər Türkiyədə hansı coşqu ilə qarşılandı. Əminəm ki, illər keçdikcə Vasif Adıgözəlov şəxsiyyətinə daha böyük diqqət yetiriləcək. Allah rəhmət eləsin!”
Elmin NURİ