Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev əhalinin problemlərinin yerində öyrənilməsi, həll edilməsi məqsədilə növbəti səyyar qəbul-görüşü 7 nömrəli Qayıdış qəsəbəsində keçirib.
6 və 7 nömrəli Qayıdış qəsəbə sakinlərinin iştirak etdiyi görüşə rayonun idarə, müəssisə və hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri də qatılıb.
Səyyar qəbulda çıxış edən Alı Alıyev bu cür görüşlərin ölkə başçısı İlham Əliyevin tapşırığı ilə mütamadi keçirildiyini bildirib.
O, deyib ki, vətəndaşların müraciətlərinə baxılmasında əsas prinsip qaldırılmış problemlərin yaranma səbəblərinin, bu sahədə nəzərəçarpan nöqsanların dərhal aradan qaldırılması, aşkarlığın və obyektivliyin, ən başlıcası isə insana qayğının təmin edilməsidir.
Alı Alıyev Prezident İlham Əliyevin vətəndaş müraciətlərinə həssas münasibət göstərmək barədə tapşırıqlarının Füzuli rayonunda birmənalı olaraq diqqət mərkəzində saxlanıldığını qeyd edib.
Bildirib ki, Qayıdış qəsəbələrində yaşayan məcburi köçkünlərin işıq, su, qaz ilə bağlı sosial qayğıları tam həll olunub, əhali məcburi köçkünlər üçün nəzərdə tutlan bütün güzəşt və imtiyazlardan istifadə edirlər.
Qəsəbələrdə məktəb, uşaq bağçası fəaliyyət göstərir, tibb məntəqəsi, poçt məntəqəsi, mədəniyyət evi mövcuddur. Qəsəbələrdə məskunlaşan məcburi köçkünlər həyatyani və pay torpaqları, o cümlədən örüş otlaq sahələri ilə təmin ilə təmin olunub.
Səyyar qəbulda rayonun xidmət təşkilatları rəhbərlərinin gördükləri işlərə dair hesabatları dinlənilib.
Rayon elektrik şəbəkəsi, Suvarma Sistemləri İdarəsi, Qaz İstismar Xidməti, Su-Kanal idarəsi və digər xidmət təşkilatlarının rəhbərləri kənd sakinləri qarşısında hesabat veriblər.
Ayrı-ayrı sahələrə dair qəsəbə sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilib, digərləri isə həll edilməsi üçün nəzarətə götürülüb.
Səyyar qəbul zamanı çıxış edən kənd sakinləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.
Səyyar qəbul-görüşü yekunlaşdıran Alı Alıyev ölkə başçısının Füzuliyə və füzulililərə olan diqqət və qayğısından danışıb, rayonda görülməsi planlaşdırılan işlərdən bəhs edib.
Modern.az