Modern.az

“Proses hələ təzə başlayıb”

 “Proses hələ təzə başlayıb”

30 İyul 2015, 13:31


Manatın devalvasiyasından sonra Azərbaycanda bank sektorunda bir sıra ciddi dəyişikliklər oldu. Bir sıra banklar xərclərini azaltmaq üçün öz filallarını bağladı, bankların birləşməsi və sair proseslər getdi. Gedən proseslər Azərbaycanda bank sisteminin çöküşünə zəmin yaradırmı?
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, deputat Vahid Əhmədov Modern.az saytının sualını cavablandırıb.

Onun sözlərinə görə, bankların çökməsini manatın devalvasiyasından daha çox neftin qiymətinin kəskin azalması ilə əlaqələndirmək lazımdır: “Çünki neftin qiymətinin kəskin aşağı düşməsi, bütün neft, qaz ixrac edən ölkələrin olduğu kimi, Azərbaycana da müəyyən qədər öz təsirini göstərdi. Qaldı ki bank sistemi ilə əlaqədar olan konkret məsələyə, bank sistemində islahatlara böyük ehtiyac var idi. Xüsusilə kredit borcları və faizləri ilə əlaqədar məsələ gündəmdə idi. Milli Məclisin iclaslarında bu məsələlərə mütəmadi toxunulurdu. Dövlət başçısı da bununla əlaqədər müəyyən göstərişlər vermişdi. Buna görə də bank sistemində müəyyən islahatların aparılmasının vaxtı idi”.

Vahid Əhmədov bildirib ki, manatın devalvasiyası da banklara təsirsiz ötüşməyib: “Devalvasiyada bir sıra banklar müəyyən qədər ziyana düşdü. Bankların dövriyyə vəsaitində müəyyən problemlər yarandı, onların lisenziyası alındı. Ümumiyyətlə bu proses təzə başlayıb. Təxminən 1 aydan artıqdır ki, banklarda müəyyən qədər canlanma yaranıb. Bank sistemində kredit faizlərinin yuxarı həddi 25-29 faiz müəyyən edildi.

Bu da irəliyə doğru müəyyən bir addımdır. Çünki Mərkəzi Bank liberal iqtisadiyyata göstəriş verə bilməz, yalnız liberal qanunlara uyğun hərəkət etməlidir. Bank sistemində kredit faizlərinin müəyyən qədər aşağı salınması müsbət haldır. Komission xərclərini 1 faiz edəndən sonra kredit faizləri 35 - 40 faizə çatıb.

Hesab edirəm ki, başlanan islahatlar davam edir. Ümumiyyətlə, bankların müəyyən hissəsi birləşməlidir, iri banklar yaradılmalıdır ki, dövriyyə vəsaitləri yüksək olsun və insanlara aşağı faizli kreditlər verə bilsin”.

Yeganə OQTAYQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama