Modern.az

Zirə qəsəbəsinə ilk dəfə su veriləcək - FOTO

Zirə qəsəbəsinə ilk dəfə su veriləcək - FOTO

30 İyul 2015, 15:02


“Azərsu” Açıq Səhmdar Cəmiyyəti “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində Bakıətrafı kənd və qəsəbələrdə istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri davam etdirir.

“Azərsu” ASC-dən Modern.az-a verilən məlumata görə, içməli su çatışmazlığının müşahidə olunduğu Xəzər rayonunun Zirə qəsəbəsində  ilk dəfə su təchizatı infrastrukturunun yaradılmasına başlanılıb.

Zirə qəsəbəsində istehlakçıların dayanıqlı və keyfiyyətli içməli su ilə təmin edilməsi üçün su mənbəyi Ceyranbatan-Balaxanı-Ramana-Qala-Zirə magistral xətti nəzərdə tutulub. Magistral kəmərdən götürüləcək su hazırda inşası davam etdirilən və tutumu 10 min kubmetr olan Zirə su anbarına ötürüləcək.

Anbar istismara verildikdən sonra Zirə qəsəbəsi ilə yanaşı, Türkan, Dübəndi, Gürgən, Pirallahı qəsəbələri də buradan  qidalanacaq.

Layihənin birinci mərhələsi çərçivəsində qəsəbədə müxtəlif diametrli borularla 20 km paylayıcı su xəttinin inşası və 700-qədər  ünvanın yeni yaradılacaq şəbəkəyə qoşulması nəzərdə tutulur. Tikinti işlərinə başlanandan su şəbəkəsinin 13 km-lik hissəsi çəkilmiş, 450 ünvana birləşmə verilmiş, 50 ədəd yanğın hidrantı quraşdırılmışdır. Tikinti-quraşdırma işləri başa çatdırıldıqdan sonra yeni şəbəkə vasitəsi ilə içməli suyun verilməsinə başlanılacaqdır.

Layihənin növbəti mərhələsində Zirə qəsəbəsinin digər hissəsində də  su şəbəkəsinin yaradılması işləri davam etdiriləcək. Qeyd edək ki, 11 min nəfər əhalisi olan Zirə qəsəbəsində mərkəzləşdirilmiş  içməli su şəbəkəsi mövcud deyil. Bu səbəbdən əhali əsasən quyu sularından istifadə edir və ya içməli suyu maşınlarla alır. 

Ceyranbatan-Balaxanı-Ramana-Zirə magistral su xəttinin istismara verilməsi nəticəsində uzun müddətdir içməli sudan əziyyət çəkən bir sıra yaşayış məntəqələrinə fasiləsiz suyun verilməsi təmin edilib.


Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama