Respublikaçı Alternativ Hərəkatı (REAL) qurum üzvlərinə son təzyiqlərlə bağlı bəyanat yayıb.
Modern.az-ın məlumatına görə, bəyanatda bildirilib ki, 2013-cü ilin fevral ayının 4-dən qanunsuz olaraq həbsdə saxlanılan REAL sədri İlqar Məmmədova təzyiqlər davam etdirilir.
Bəyanatda qeyd edilib:
“Avropa Məhkəməsinin onun barəsində qeydsiz-şərtsiz azadlığa buraxılmaq tələbilə verdiyi və çoxdan qüvvəyə mindiyi qərarı, eləcə də Avropa Şurasının Nazirlər Komitəsinin eyni tələblə verdiyi iki qətnaməni icra etmək yerinə, iqtidar İlqar Məmmədova qondarma əfv ərizəsi yazdırmaq cəhdlərindən əl çəkmir. Bu cəhdlər müxtəlif mərhələlərdə bu günə qədər çeşidli formalarda – yumşaq danışıqlar, təklif və şirnikləndirmələr, böhtan və təhdidlər, ünsiyyətdən kəsmək, birnəfərlik cəza otağına salmağa qədər müxtəlif formalarda olub. Lakin son vaxtlar bu cəhdlərin sırasına fiziki hücumlar, təhdidlər də əlavə edilib. Belə ki, dünən axşam saatlarında öyrədilmiş şəxslər cəzaçəkmə müəssisəsində İlqar Məmmədova hücum edib, ona fiziki xəsarət yetiriblər.
Respublikaçı Alternativ Hərəkatı xatırladır və vurğulayır ki, qanunvericiliyin hərfinə və ruhuna uyğun olaraq, dövlətin tam himayəsində olan məhbusların başına gələn, ya da gələ biləcək hər bir işə görə müstəsna məsuliyyəti Azərbaycan hökuməti daşıyır.
Respublikaçı Alternativ Hərəkatı bəyan edir ki, onun sədrinə, İdarə Heyətinin başqa üzvlərinə, eləcə də REAL-ın çevrəsinə heç bir təzyiq bizi tutduğumuz yoldan döndərə bilməz. REAL ölkəmizdə dinc siyasi dəyişikliklər, demokratikləşmə, hüququn üstünlüyü, xalq qarşısında məsuliyyətli hökumət kimi hədəflərə doğru inamla gedib, bundan sonra da gedəcək”.
Ədliyyə Nazirliyinin Penitensiar xidməti isə həbsdə olan REAL sədri İlqar Məmmədova qarşı cəzaçəkmə müəssisəsində fiziki təzyiqlərin olması ilə bağlı iddiaları əsassız adlandırıb.