Cəbhə bölgəsinə yerləşəşən Füzuli ali məktəblərə daxil olan məzunların sayı ildən-ilə artmaqdadır. Son 4 il ərzində rayonunun orta ümumtəhsil məktəblərinin məzunları qəbul imtahanlarında daha da yüksək nəticələr əldə ediblər.
Füzuli rayon İcra Hakimiyyətindən Modern.az-a verilən məlumata görə, əgər 2011-2012-ci qəbul ilində rayondan 130 nəfər ali məktəbə qəbul olunmuşdusa, 2012-2013-cü ildə bu rəqəm 142 nəfərə, 2013-2014-cü ildə 196 nəfərə, 2014-2015-ci ildə 231 nəfərə, 2015-2016-cı qəbul ilində isə 266 nəfərə çatıb. O cümlədən 17 məzun Ali Hərbi Məktəb və hərbi liseyə, 11 məzun Bədən Tərbiyəsi və İdman Akademiyasına, 7 məzun isə müxtəlif ölkələrin nüfuzlu ali təhsil müəssisələrinə daxil olub.
İllər üzrə ali məktəblərə daxil olanların sayında artım olduğu kimi, yüksək bal toplayanların sayı da ilbəil artmaqdadır. Belə ki, əgər 2014-2015-ci qəbul ilində 23 məzun 500, bunlardan 6 nəfər 600 baldan yuxarı nəticə göstərmişdisə, bu il ali məktəblərə sənəd verənlərin 43 nəfəri 500, 12 məzun isə 600 bal toplayaraq respublikanın nüfuzlu ali təhsil müəssisələrinə qəbul olmaq imkanı qazanıb.
Rayonun ümumtəhsil müəssisələrinin hər birindən ali mətəbə şagird qəbul olunub. Ən yüksək nəticəni isə düşmən səngərinin bir neçə yüz metrliyində olan Şükürbəyli kənd orta məktəbi və məcburi köçkünlərin sıx məskunlaşdıqları Qayıdış qəsəbələrinin məktəbləri göstərib.
Modern.az