İyulun 31-də Bakı Apellyasiya Məhkəməsində Həsən Əhmədovun sədrliyi ilə hüquq müdafiəçisi Rəsul Cəfərovun işi üzrə məhkəmə keçirilib.
Vəkil Fariz Namazlı Modern.az saytına bildirib ki, məhkəməyə 213.1– ci maddə üzrə vəsatət verilmişdi: “Yəni Rəsul Cəfərov 6 min 257 manat 11 qəpik vergi borcunu ödəyib. Dövlət büdcəsinə heç bir borcu olmamasına dair Bakı Vergilər Departamentinin məktubunu məhkəməyə təqdim etdik. Məhkəmədən xahiş etdik ki, həmin maddə üzrə cinayət işinin təqibinə xitam verilsin. Məhkəmə həmin maddə üzrə cinayət təqibinə xitam verdi. Amma ümumi cəzadan 3 ay azaltdı. Yəni Rəsul Cəfərovun cəzası 6 il 3 ay azadlıqdan məhrum etmə cəzası saxlanıldı.
Biz daha çox gözləyirdik. Təəssüf ki, məhkəmə bunu etmədi. Qərardan Ali Məhkəməyə şikayət verəcəyik”.
Rəsul Cəfərov 2 avqust 2014-cü ildə həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 192 (qanunsuz sahibkarlıq), 213 (vergi ödənişindən yayınma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittihamlar irəli sürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəsul Cəfərov6 il 6 ay azadlıqdan məhrum edilib.
Amnesty İnternational beynəlxalq hüquq müdafiə təşkilatı onu “vicdan məhbusu” hesab edir.
Yeganə OQTAYQIZI