Modern.az

Bir hekayənin məalı

Bir hekayənin məalı

31 İyul 2015, 15:26

“And olsun atlara”... Kitabın adı da onu dedi: Mən düşündüyümü... Səfurənin hekayələrini ilk dəfə, düzünü deyim ki, hələ kitabın nəşrindən öncə, əlyazmasından oxuduğum zaman ilk düşündüyüm bu oldu: Hekayələr də adamlar kimidir; keçmişi bu günü, gələcəyi var.
“And olsun atlara!” - əbədi bir and olsa da, həm də tarixi anddır. Tarixi və gələcəyi olanın bu günü olmadığını kim sübut edə bilər?!
“And olsun atlara!”... Bu andın tarixindən, bu günündən, gələcəyindən yazmayacam. Bunu yazmaq üçün hələ çox balaca adamam. Amma o andın toxunduğu könüllərdən qopan qığılcımların işığında Səfurənin bircə hekayəsinin – “Bədəl”in keçmişindən, bu günündən, sabahından danışacam. Bütün hekayələrindən danışmağa ömür yetməz. Hər hekayənin keçmişi, bu günü, gələcəyi olduğunu düşünə bilsəniz, bu sizə “hiperbola” kimi görünməyəcək. Bəlkə heç Səfurənin özünün də bilmədiyi tarixi var bu hekayələrin... Lap elə övladı kimi təqdim eləsə də: adı bu.., xasiyyəti bu... Amma biz onu öz gözlərimizlə görəcəyik, öz əbədi – yəni keçmişi, bu günü, gələcəyi olan təfəkkürümüzün konyukturasından dərk edəcəyik.


“Bədəl”... Oxuyan kimi ilk ağlıma gələn fikir bu oldu: Necə də oxunmayan hekayədir!.. İstədim, tanıdığım hamıya danışım bu hekayədən: Səfurənin “Bədəl”i oxunmur deyə... Mən o hekayəni sanki oxumadım, gözümlə gördüm Bədəlin həyatını. Oxutmayan nədir “Bədəl”i? Son dövr ədəbiyyatşünaslığımızın dəbdə olan bir ifadəsi var: bədii təhkiyənin tipi... Subyektiv, obyektiv, qarışıq, romatik-ironuk təhkiyə tipləri haqqında danışır dünya ədəbiyyatşünaslığı. Amma bu ifadələrdən yazara nə var?! O, heç fərqində də deyil yazdıqlarının. Sadəcə, fiktiv dünyası var və orada baş verənləri fiksasiya edən xəyal gücü...

Yazanda heç özü də bilmir Bədəlin tarixçəsini. Bunu o, özü uydursaydı, Bədəl yaşamazdı onun fiktiv dünyasında, aktyorun barmaqlarından asılan iplərin idarə etdiyi “kukla” olardı. Amma bəlkə hətta təkcə mən unutmadımsa Bədəli, demək, o yaşayır. Sizcə, yalnız bir adamın xatırlaya biləcəyi adamlar azdırmı yer üzündə?!

İndi mən ədəbiyyatşünaslıq donumu geyinib təkcə Səfurənin özünə sübut etmək istəyəcəm onun yaradıcılıq qabiliyyətini. Tam ciddi və elmi konkretliklə, qarışıq təhkiyə tipində yazılmış hekayədir “Bədəl”. Ədəbiyyatşünas dostlarımız bilirlər, subyektiv və obyektiv təhkiyə tiplərini özündə birləşdirən bədii təhkiyələrə “qarışıq” deyilir. Azərbaycan ədəbiyyatında bu tip təhkiyənin ən gözəl nümunəsini Cəlil Məmmədquluzadənin “Kişmiş oyunu” hekayəsində gördüm. Üzərində hələ də düşündüyüm o sənət nümunəsinın bənzərini gördüyüm “Bədəl” də əsl bir sənət əsəri kimi keçdi daim təhlili bir ömür yaşayan yaddaşıma, həm də “hiperbola”sız.

Bədii təhkiyədən danışanda “obyektiv” və “subyektiv” sözlərinin məfhumu hər kəs tərəfindən obyektiv anlaşılmır. Hərə buna subyektiv yanaşır, ədəbiyyatın özünə olan münasibət kimi. Mən də oyektiv anlaya bilmədim bu ifadəni, amma məni subyektiv olaraq inandıra bilən yeganə bir Amerika filoloqu oldu ki, indi adını arayıb yazmaq həvəsində deyiləm. Həm də bilərəkdən ki, oxucularımın da marağında deyil hər hansı bir Amerika filoloqunun adı.

Obyektiv və subyektiv təhkiyə nədir? Fiktiv hekayə məkanına hər hansı bir müəyyən istiqamətdən tuşlanan obyektivin yaddaşına köçürülənlərin bədii mətnidir. Subyektiv təhkiyə isə bu obyektivin önündə duran subyektin hadisə ilə bağlı anlatdıqlarıdır. Bədəl subyekt olaraq hərəkət etdiyi fiktiv məkanı hədəfləyən obyektivin qarşısındadırsa da, hadisə onun anlatdıqları ilə deyil, sanki oxucunun özünün şahidi olduqlarının görüntüləriylə yadda qalır. Oxucunun yaddaşında obyektivin fiksasiya etdikləri Bədəlin danışdıqlarını üstələyir. Buna görə də hekayənin mətnini yalnız subyektiv və ya yalnız obyektiv təhkiyə tipi olaraq təhlil etmək, bəlkə mümkün olarsa da, arzu olunmur.

Hekayənin adının məalı adın özündə açıqlanır. Belə yerdə deyərlər: “Ada bax a...”: “Bədəl”... Adından taleyini oxuduğum bədii tip... Bu, yazarın deyil, ədəbiyyatşünasın “kəşfi”dir. Yazarın yazdığından xəbəri olmur. Səfurə qəhrəmanına Bədəl adını qoyanda bilmədi ki, onun taleyini yazır artıq, ad insanın xarakterini, xarakter də taleyini yazdığı kimi.

“Bədəl”in ərəb dilində həqiqi mənası “əvəz” deməkdir. “Bədəl” sözünü “günahların bədəlini ödəmək” ifadəsinin tərkibində daha çox işlədirik. Hekayənin qəhrəmanı elə ilk sətirlərdən “günahlarıyla” daxil olur fiktiv həyatına. Bədəlin günahlarından yazarın da xəbəri var, amma qismən. Çünki Bədəlin günahları yalnız bu günün problemləri deyil, tarixin dərin qatlarının təfəkkür sistemində böyük günahların kiçik əsasıdır. Günah günahı doğurar. Yazar Bədəlin günahının mənbəyini görür, amma yanlış...

Bədəlin günahının mənbəyi, Səfurəyə görə, anasının kaprizləridir. Halbuki, hekayə bizə bunu söyləmir. Ananın kaprizlərinin mənbəyi hələ bədəli ödənməmiş kişi günahlarındadır. Bədəl də şərikdir bu günahlara ki, bədəlini anasının son nəfəsiylə ödəyir. Səfurə, bəlkə, hekayəsinin tarixçəsini hadisə zamanı ilə çevrələyir. Amma biz hekayənin bədii təfəkkür sistemini İslam konyukturasından başlayaraq cəmiyyətimizin bu günkü sosial-məişət problemləri çərçivəsinə salırıq. Bəs hekayənin gələcəyi? Bu barədə daha artıq düşünməyə dəyər. Özümüzün də xəbər tutmadığımız günahların bədəlini, bəlkə, cəmiyyətin son nəfəsiylə ödəməmək üçün...

Könül AYDIN Nəhmətova,
filologiya üzrə fəlsəfə doktoru,
AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu,
böyük elmi işçi,
[email protected]

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI