Görkəmli şahmatçı, qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan uşaqlar arasında beynəlxalq şahmat turniri davam edir.
Bakıdakı 6 nömrəli məktəb-liseydə keçirilən yarışda 8-10-12 yaşadək oğlanlar və qızlar, o cümlədən dünya və Avropa çempionatlarının mükafatçıları, Azərbaycan birinciliyinin iştirakçıları və beynəlxalq əmsalı 1700-dən yüksək olan 110 şahmatçı mübarizə aparır. Beynəlxalq turnirdə 7-ci turun görüşləri artıq başa çatıb. 7 turdan sonra Muradlı Məhəmməd aktivinə 6 xal yazaraq vahid liderdir.Məhəmməd İsmayılov, Kaçarava Nikolozi (GEO), Əhmədzadə Əhməd, Mürsəlli Mətin, Mollayev Abusəddin hərəyə 5,5 xal toplayaraq 2-5-ci yerləri bölüşürlər. Yarışlarda Azərbaycan şahmatçıları ilə yanaşı, Rusiya, İran, Gürcüstan və Fransa təmsilçiləri də iştirak edir.
Yarışın təşkilatçılarından olan Anar Allahverdiyevin sözlərinə görə, yarışda güclü idmançılar mübarizə aparır və bu yarış həm də növbəti Avropa və Dünya çempionatları üçün bir sınaq turniridir. Onun sözlərinə görə yarışda Azərbaycanın müvafiq yaş qrupları üzrə ən güclü idmançıları yarışır. Hər yaş kateqoriyası üzrə qalib gələn idmançılar kubok və qiymətli hədiyyələrlə mükafatlandırılacaq. Vüqar Həşimovun məşqçisi olmuş Azərbaycanın əməkdar məşqçisi Anar Allahverdiyev turnirdəki vəziyyətlə bağlı danışıb:
"Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2014" Azərbaycan şahmatına böyük töhfə oldu. Yüksək səviyyədə keçirilən yarışın ənənəvi hal alması hər birimizin arzusudur. Güclü şahmatçıların iştirakıyla belə mötəbər yarış təşkil etdikləri üçün "Synergy Group"a təşəkkür etmək istərdim. Bu yarış yeni Vüqarların parlaması üçün gözəl şəraitdir. Eyni zamanda gəncləri şahmatla məşğul olmağa daha da həvəsləndirəcək."
Modern.az