«Mərkəzi Seçki Komissiyasına davamlı müraciətlərimiə baxmayaraq, 39 saylı DSK-nın qərarından verdiyim şikayət mənim işqtirakım olmadan araşdırılıb və deputatlığa namizədliyimin qeydə alınmaması ilə bağlı saxta qərar qüvvədə saxlanılıb».
Bu sözləri Siyasi və Mülki Hüquqları Müdafiə Mərkəzinin direktoru, AXCP-Müsavat seçki blokunun Gəncə şəhər 39 saylı Kəpəz birinci seçki dairəsindən olan vahid namizədi Pərviz Həşimli bu gün keçirdiyi mətbuat konfransında səsləndirib.
P.Həşimlinin sözlərinə görə, deputatlığa namizədliyinin qeydə alınması üçün seçicilərdən topladığı imzalar DSK tərəfindən qanunsuz olaraq «etibarsız» hesab edilib: «Mənim müdafiəm üçün toplanılan imzaların yoxzlanması prosesində nə mənim, nə də səlahiyyətli nümayəndəmin iştirakı təmin edilib. Yalnız DSK-nın iclasından bir saat əvvəl xəbər tutan səlahiyyətli nümayəndə DSK sədri Elbar Əhmədovun şantaj və hədlələrinə məruz qalaraq, iclasdan çıxarılıb. Biz bu saxta qərardan MSK-ya şikayət vermişdik. Şikayətimiz Seçki Məcəlləsinin tələblərinə əsaslanıb və namizədliyimin qeydə alınmaması ilə bağlı göstərilən səbəblər qanunla mübahisələndirilib. MSK-ya şikayətimizdə iclasda iştirakımın təmin olunması tələbi qoyulsa da buna əməl edilmədi. Mən MSK katibi Natiq Məmmədov, qurumun təmsilçisi Qabil Orucovla danışdım. Hətta Məzahir Pənahovun köməkçisi ilə də söhbətim oldu. Lakin qurum rəhbərliyi iclasda iştirakıma söz versə də buna əməl etmədi. MSK məndən xəbərsiz saxta qərarı qüvvədə saxladı».
Mübarizəni sona qədər davam etdirəcəyini deyən Pərviz Həşimli Avropa İnsan Hüquqları Məhkəmsinə şikayət edəcəyini deyib.
Modern.az