Modern.az

Eldənizin ili, Qənirə Paşayevanın hədiyyəsi, ANS-in “şineli”

Eldənizin ili, Qənirə Paşayevanın hədiyyəsi, ANS-in “şineli”

Media

2 Avqust 2015, 22:03

Mahir Qabiloğlu

Eldəniz Elgünün 41 yaşı tamam olur. Yəni keçən il yaşı 40 idisə, indi onun izərinə bir il də əlavə olunur. Keçən il bu vaxt “Eldənizin 40-ı çıxıb” adlı yazı yazmışdımsa, indi ovaxtkı 40 yaşın da ili çıxdı.

Zarafatı nə qədər çox sevsəm də, yazılarımda ironiya nə qədər güclü olsa da, 41 yaşa yazı həsr etdiyimə görə məni qeyri-ciddi saymayın. Bilirəm, 41-ə yazı yazmazlar. Yubiley yaş sayılmır. Bir də ki, 41 də 40 kimi bəd rəqəmdir. Müharibə başlayan ildir.

Amma ötən bu bir il mənimçün çox sevindirici oldu. Dəqiq desəm, ikiqat sevincli. Yox, iki kitabım -  “CƏNCƏHİM” və “Qurd yağı” - çıxdığı üçün demirəm. Əlbəttə, bu da sevindirici haldır. Daha doğrusu daxili sevinc hissi. Amma mənimlə tam razılaşarsınız ki, hər bir insan ilk növbədə müsbət emosiyaya möhtacdır. “İnsanı müsbət emosiya yaşadır”. Atam belə deyərdi həmişə.


Bu müsbət emosiya isə kənardan gəlməlidir. Elə bilməyin ki, təkcə Eldənizdən aldım bu pozitiv enerjeni. O, öz yerində. Son bir ildə mən İnsan Hüquqları İnstitutunun direktoru, millət vəkili Aytən Mustafayevanı, millət vəkili Qənirə Paşayevanı daha gözəl tanıdım. Türkiyəli tərcüməçi, atamın şeirlərini təmənnasız tərcümə etmiş insan (sonradan xəbər tutmuşam) İmdat Avşarla tanış oldum. “AzTV-nin şineli” misalını yaxşı bilirdim. “ANS-in şineli” ifadəsini də özümdə bu son ildə kəşf etdim. Və ən nəhayət Eldənizin uğurları fonunda mənə də millət vəkili Qənirə Paşayevadan iki yaradıcılıq hədiyyəsi pay düşdü. Bu, təkcə Eldənizlə bağlı aldığım müsbət emosiyalardır. İndi bir-bir açmasını verim, siz də agah olun.

AYTƏN MUSTAFAYEVA

40-ından ötən il ərzində Eldəniz Elgünün AMEA-nın İnsan Hüquqları İnstitutunun xəttiylə “Erməni psixologiyası” kitabı işıq üzü gördü. İnstitutun direktoru Aytən Mustafayeva onun bu əsərinə yaşıl işıq yandırdı. Bilmirəm burda “yaşıl işıq” sözü yerinə düşür, ya yox? Məncə yox. Çünki svetaforun və ya Rəsul Rzanın diliylə desək, işıqforun yaşıldan savayı daha iki işığı da var: qırmızı və sarı. Yaşıl sonuncudur. Birinci qırmızı, ikinci isə sarı işıq yandıqdan sonra növbə yaşıla çatır. Amma İnsan Hüquqları İnstitutu və onun rəhbəri Aytən Mustafayeva Eldəniz Elgünün bu əsərini yüksək qiymətləndirərək, yaşıl işıq yox, qucaq açdı. Aytən xanımın elmi redaktorluğu və “Ön sözü”ylə kitab çıxdı. Təqdimat düzənləndi.

SADƏCƏ QƏNİRƏ

Qənirə. Bu ad səslənəndə daha soruşmurlar ki, “hansı Qənirə?” Azərbaycanda Qənirə bir dənədir. Atam Qabil onu bacarıqlı jurnalist kimi tərifləyəndə “Allahın bəlasıdır bu qız. Müsahibə vermək istəmirdim. Bir də gördüm ki, mikrafonu uzadıb, mən də danışıram” deyirdi.

Azərbaycanda, öz doğma dilində kitab çıxarmağın çətinliyini çoxları bilir. Bu təkcə maddiyyat məsələsi deyil. Amma ki, Türkiyədə qısa müddətdə - tərcümə də daxil - kitab çıxarmaq... Eldənizin bu arzusunun reallaşacağına əvvəlcə inanmırdım. Amma bu işi Qənirə xanım öz üzərinə götürdü. Sübut etdi ki, qardaş Türkiyədə də nüfuza malikdir. Kitabı tanınmış tərcüməçi İmdat Avşara həvalə etdi. O da qısa zaman ərzində “Ermenilerin psikolojisi”ni türkcəyə çevirib hazırladı. Çap prosesi də qaydasında davam etdi. Və ən nəhayət, kitab işıq üzü gördü. Daha doğrusu avqust ayında çapdan çıxması Eldəniz Elgünün 41 yaşına gözəl bir hədiyyə oldu. Qiymətli və heç vaxt yaddan çıxmayacaq, solmayacaq, itməyəcək hədiyyədir, elə deyilmi?

Qənirə Paşayeva son beş ayda Azərbaycan mənafelərinə xidmət edən, ermənilərin iç üzünü açan, Qarabağ həqiqətlərindən danışan iki kitaba – “Karabağ hikayeleri” (Ankara-2015) və Eldeniz Elgün “Ermenilərin psikolojisi” (Ankara 2015) - vəsiqə verdi. Sanki öz kitabları kimi vəsiqə verdi. Minnətsiz, ürəkdən, ümumi işimiz xətrinə…



MƏNƏ DƏ PAY DÜŞDÜ

Eldənizin hər hansı bir kitabı haqda yazmaq, əsərinə, əldə etdiyi uğurlara sevinmək mənimçün çox xoşdur. Eyni hissləri mənim hər uğuruma sevinən Eldəniz də keçirir. Amma Azərbaycan və Türk dillərində çıxan “Erməni psixologiyası” kitabları mənümçün ikiqat əzizdir. Çünki, Eldəniz erməni qadınlarının psixologiyasını açan bölümə bədii izah-nümunə kimi mənim “Ərmən – Şuşanikin sevgisi” hekayəmi də salıb. Və bu hekayə özümün də xəbərim olmadan türk dilinə tərcümə edilib. Nəinki Eldənizin kitabında, bu kitabdan götürülərək Ankarada nəşr olunan, Qənirə Paşayeva ilə İmdat Avşarın müəllif olduğu “Karabağ hikayeleri” məcmuəsinə də salınıb.

Eldəniz Elgün və Qənirə xanım! Hekayəmi yaradıcı insanlara xas olan paxıllıqdan uzaq olub kitablarınıza daxil etdiyiniz üçün təşəkkür.

Yeri gəlmişkən, Eldəniz də, Qənirə də ANS-in şinelindən çıxıblar. Uzun müddət bir yerdə çalışıblar.

ANS-in ŞİNELİ, ANS-in SİFƏTİ

“Biz hamımız Qoqolun şinelindən çıxmışıq”. Böyük rus yazıçısı Dostoyevskiyə məxsusdur bu ifadə. Amma Azərbaycanda bu ifadədən doğan “Biz hamımız AzTV-nin şinelindən çıxmışıq” deyimi də mövcuddur. İlk dəfə kim işlədib, bilmirəm. Çox yerində işlənən, sadəcə ünvanı dəyişdirilən uğurlu “plagiatdır”. AzTV sovet dönəmindən qiymətli miras sayılan bir məktəb, daha doğrusu akademiya idi. Yeni yaranan bütün televiziyaların fəqərə sütünü AzTV-yə məxsusdur. Bunu hamı bilir.
ANS-in də tarixinə nəzər salsaq, ölməz Çingiz Mustafayevi, tanınmış Mirşahin Ağayevi və digərlərini ilk dəfə bizə tanıdan AzTV-nin studiyası - “215KL” olub. Televiziya tarixinə ekskurs etmək fikrim yoxdur. Qayıdaq “şinel”ə.

ŞİNEL

Əsl mənada götürsək, şineli hərbi palto kimi tanımışam. Geyinəndə əynimə şax otururdu. Amma ağır idi, əzilmirdi. Buşlat isə ondan daha rahat sayılırdı. Şinel uzun olduğundan, addımlayanda ayağıma dolaşırdı. Əsgər şinelimə baxanda köhnə rus və sovet filmləri yadıma düşürdü. Fikirləşirdim ki, axı bu cür narahat geyimlə əsgər və zabitlər müharibə vaxtı, yüz kilometrlərlə yolu palçıqda, qarda, dağda-daşda necə qət eləyiblər? Bəs yay vaxtı? İstilər düşəndə? Şineli özlərinə yük edib necə daşıyıblar? Çünki biz əsgərlikdə yay vaxtı şineli anbara təhvil verib, yay formasına keçirdik. O vaxt isə belə qayda yox idi.

Əsgərlikdə olanda bu sualı zabitlərdən birinə verdim. İzah etdi ki, bəs şinel keçmiş zamanlarda , müharibə vaxtı əsgərlərin işinə yay vaxtı da yarıyıb. Şineli uzununa bürmələyib, uclarını kəndir və ya qayışla bağlayaraq, halqa halına salıb, çəpəki şəkildə başlarından keçirib sol çiyinlərindən asarmışlar.



Sizə daha aydın olsun deyə bir nümunəni yadınıza salım. Məzun günündə 11-ci sinfi bitirənlərin boyunlarına keçirdikləri üçrəngli bayrağımız rəngində, üstündə də məktəbin nömrəsi və “MƏZUN” sözləri yazılmış lent yadınızdadır yəqin. Əsgərlər də şineli sol çiyinləri üzərindən bu cür başlarına salırlarmış. Şineli bu cür daşımaq həm rahat olurmuş, həm də bürmələnmiş şinel onları hərbi əməliyyat zamanı yerə uzananda sinələrini, qabırğalarını zədədən qoruyar, çadırda və ya çölün düzündə yatanda isə torpağın, çəmənliyin rütubətini, soyuqluğunu bədənə keçməyə qoymurmuş. Əsgər, zabit şineldə olanda şux görünür, yayda şineldən çıxanda bu palto formasını dəyişsə də, yenə şinel sayılırdı. Baxmayaraq ki, adına rusca “skatka” deyilirdi.

“Şineldən çıxmaq” məcazi mənasını indi həyatımızın çox sahəsinə aid etmək olar. Özümü götürüm. “Mən Sona Tağıyevanın məktəbinin yetirməsiyəm”, “Mən Bakı Dövlət Universitetinin yetirməsiyəm”, “Mən AzTV-nin şinelindən çıxmışam” və ən nəhayət “, “Mən Qabil məktəbinin yetirməsiyəm”. Hər adamın həyatında belə məktəblər var. İstəyirsən alim ol, istəyirsən oğru. Kim olursan ol. Bir sual daimidir, cavabı da dəyişməz: “Hansı məktəbi bitirmisən?”.

Son illərin jurnalistika xronikasına nəzər salsaq, artıq ANS “şinel” səviyyəsinə yüksəlib. Başqa televiziyalar onun yetişdirdiyi professional müxbirlər hesabına zənginləşir. Hətta AzTV də. Bir vaxtlar özü şinel sayılan Dövlət Televiziyası sədrinin üç müavinindən ikisi ANS-in şinelindən çıxıb. Kanalın adı dəyişir, iş yeri dəyişir. Amma dəxli yoxdur. ANS-in şinelindən çıxanda boyunlarına saldıqları məzun lentlərinin - səliqəylə bükülmüş “şinel”lərinin - üstündəki məktəbin adı dəyişmir: “ANS-in ŞİNELİ”. Bu söhbət “şinel”lə bitmir. Hər kanalın da öz sifəti var. Bir misal çəkim və qayıdaq yavaş-yavaş mövzumuza:

2007-ci ildə Eldəniz Elgünlə Goranboya gedirdik. Ağsu aşırımındakı kafelərin birində maşını əylədik ki, həm çörək yeyək, həm də bir az dincələk. O vaxt 33 yaşlı Eldəniz çoxdan idi ki, ANS-dən uzaqlaşmışdı, ondan sonra müxtəlif qəzetlərdə, “Space” televiziyasında rəhbər vəzifələrdə işləmişdi. Ofisiantlıq edən cavan uşaq stolun üstünü silə-silə gözünü Eldənizdən çəkmirdi. Sifarişi götürüb getdi. Az sonra bir yaşlı kişi bizə yaxınlaşdı:

- Bah, nə xoş təsadüf, Eldəniz Elgün müəllim. Mən də səhərdən baxıram ki, tanış gəlirsən. Uşaq gəlib dedi ki, bəs, ata, Eldəniz Elgündür də... tanımadın? O gün də ANS-də göstərirdilər e... Fəxr edirik sizinlə.

Məəttəl-məəttəl Eldənizə baxdım. Düzü paxıllığım tutdu. 11 il AzTV-də işləmişdim - nə bir dəfə sifətim efirə getmişdi, nə də səsim. Yasaq idi. Sədrlər bunu yasaq eləmişdilər. Biz AzTV-nin hər yerə çapılan döyüş atlarıydıq. Amma nəbadə... birdən üzümüz görsənər, ya da səsimiz gələr... yuxarıdan görüb bəyənərlər. Sədrə “başağrısı”, artıq rəqib lazım deyildi.

Nə isə pərtliyimi biruzə verməyib Eldənizə sual etdim ki, sən axı ANS-dən çoxdandır ki, çıxmısan, bunlar səni televizorda necə görüblər axı? Cavab verdi ki, “o vaxt çəkdiyim verilişləri, filmləri bu gün də təkrarən göstərirlər. Özüm də kadrda stəndap edirəm”.
Yenə AzTV yadıma düşdü. Yeni bir sədr gələndə o birinin dövründə çəkilən layiqli verilişlərin qapısı elə həmin gün efirə bağlanırdı. Köhnə sədrin adını ssenari müəllifliyindən belə silib, yeni titrlər yazdırırdılar.

Bu hadisədən sonra belə bir nəticəyə gəldim ki, Eldəniz harda çalışsa belə “ANS-in şineli” boynundadır, özü isə ANS-in sifətidir. O cümlədən ANS-i tərk edən digərləri də... (Görəsən, Eldəniz “Speys”də verilişlər, filmlər çəkməyib?).  

HAŞİYƏ: Sual oluna bilər ki, niyə axı mən “sima” yox, “sifət” sözünü işlətdim. Çünki, sifət sözü sima sözündən daha konkret məna daşıyır. Məsələn: Çingiz Mustafayev ANS-in nə siması, nə də sifətidir. O, Azərbaycan Televiziya məkanının ölməz simasıdır. Yaxud da, Aydın Qaradağlı, Roza Tağıyeva, Ofeliya Sənani, Sabir Ələsgərov, Valid Sənani və başqaları. (SON)

SİFƏTSİZLƏR

Bir də var sifətsizlər. Belələrinin ANS-ə qayıdışı mümkünsüzdür. Nə olsun ki, ANS-in şinelindən çıxıblar, efirində görsəniblər. Amma sifətlərini qoruya bilməyiblər. ANS-də “A” deyiblər, “Azadlıq” qəzetinə keçiblər “B” söyləyiblər, AzTV-yə keçəndən sonra isə başlayıblar “C” söyləməyə. Əlifbanın digər hərflərini də əzbərdən bilirlər. Na vsyaki sluçay... Yəni, hər ehtimala qarşı.

KEÇMƏDİ... SADƏCƏ QAYITDI

Eldənizin 40 yaşından ötən bir il ərzində bu fikrim bir daha təsdiqini tapdı. ANS rəhbərliyinin təşəbbüsü ilə Eldəniz yenidən geri, doğma kollektivə qayıtdı. Mətbuatda gedən xəbər də məni qane etdi. Yazmadılar ki, “ “Unikal” qəzetinin baş redaktor müavini Eldəniz Elgün ANS-ə keçdi”. Yazdılar ki, “Eldəniz Elgün ANS-ə qayıtdı”. Düzgün ifadə idi. Bir sifəti olan Eldəniz çiyninə saldığı şineli açıb, yenidən əyninə keçirtdi. Düzünü desəm, yaraşır. Bu da mənim ona baxıb aldığım növbəti müsbət emosiyam oldu. Yəqin ki, müsbət emosiyalarım qarşı illərdə daha da çoxalacaq.

SON

İki kitab, bir şinel. Hələ təqdimat mərasimlərini, mənim “Cəncəhim” romanıma redaktorluğunu demirəm. Bir il üçün az deyil. Üstə də gəl iki “qorxulu yaş senzi”ni - 40-la 41-i keçmək. Yəqin ki, növbəti belə yazını bir də 50-sində yazaram. Əlli-əlli vura-vura. Qismət olsa.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi