“Ermənistanın girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevi müdafiə etmək üçün onlarla görüşmək istəyən hüquq müdafiəçisinin fikri vətənpərvər və hümanist təklifdir”.
Bu sözləri Modern.az-a açıqlamasında Xocalıdan olan deputat Elman Məmmədov hüquq müdafiəçisi Arzu Abdullayevanın erməni girovluğunda olan D.Əsgərovun və Ş.Quliyevin hüquqlarını müdafiə etmək istəyinı münasibət bildirərkən deyib.
Milli Məclis üzvü qeyd edib ki, öz soydaşlarımızı müdafiə etmək, qorumaq, azadlığa çıxarmaq hər bir vətəndaşın ürəyindən keçir.
“Yaxşı təklifdir, mən də o təklifi dəstəkləyənlərdənəm. Ancaq onlarla görüşmək mümkün ollmayacaq. Çünki bu gün Azərbaycanın işğal altındakı ərazisində işğalçı, cinayətkar, separatçı, qeyri-qanuni qurum həm də terrorçu fəaliyyəti göstərir. Bako Saakyan başda olmaqla bu quruma rəhbərlik edənlərin hər biri əlində silah dinc azərbaycanlıları Xocalıda və başqa yerlərdə soyqırımına məruz qoymuş cinayətkarlardır. Onlar bizimlə hansısa razılığa gələrlər? Qətiyyən yox. Onlar təlxək oyunu çıxartdılar, özlərinin tanınmamış məhkəməsini qurdular və özləri cinayətkar olduqları halda öz doğma yurd-yuvalarına getmiş insanların birini öldürüb, digərlərinə işgəncə verdilər”.
E.Məmmədov vurğulayıb ki, separatçı “Dağlıq Qarabağ Respublikası” bu gün Azərbaycandan olan hər hansı hüquqşunasın, vəkilin girovları müdafiə etməsinə imkan verməz.
“Onların bu hərəkəti qarşısında güclü olan, onlara təsri edəcək beynəlxalq qurumlar var. Həmin qurumlar girovları müdafiə etməli və azadlığa çıxarmalıdırlar.
Bizdə də qarşı tərəfdən olan əsirlər var. Onları dəyişməklə bəlkə nəsə etmək olar. Başqa cür düşməndən hümanist addım gözləmək ağılasığmazdır. Dilqəmlə Şahbazı biz öz gücümüz hesabına düşmənlərin əlindən ala bilərik, başqa yol yoxdur”.
Qeyd edək ki, Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Millli Komitəsinin rəhbəri, hüquq müdafiəşisi Arzu Abdullayeva Azərbaycan hökumətinin ona şərait yaradacağı təqdirdə D.Əsgərov və Ş. Quliyevə baş çəkə biləcəyini söyləyib.
Aytən ZƏHRA