Bu ilin noyabrında Azərbaycanda növbəti parlament seçkiləri keçiriləcək. Ölkə üçün mühüm hadisə sayılan bu seçki öncəsi siyasi səhnədə hökm sürən passivliyin müxtəlif formada təzahürlərini müşahidə etmək olar.
Birincisi, illərdir, eyni simaları görmək, onların stereotipə çevrilmiş şablon ifadələrini eşitmək və praktiki olaraq hər hansı bir nəticəni müşahidə etməmək elə siyasi durğunluğun bir göstəricisidir.
Bütün bunlar isə cəmiyyətin parlament seçkilərinə olan marağıını heçə endirir.
Klassik, ənənəvi, parlamentdə təmsil olunmayan müxalifətin sosial bazası, real imkanları və təsir mexamizmləri olmadığından, onlar yaxşı mənada sensasiya yarada bilmirlər.
Bütün bunları görən Azərbaycan seçicisi illərdir eyni müxalif siyasi portretləri də görməkdən yorulub.
Hər kəs yeniliyə, müasirliyə can atdığı kimi, seçici elektoratı da siyasi mənzərədə reformlar görmək istəyir.
Satirik mənada maraqlı və paradoksal məqam isə Milli Məclisdə təmsil olunan və özlərinə müxalifət statusu verən partiya sədrləridir.
Siyasi leksikonda parlament müxalifəti kimi tanınanların əksəriyyəti ölkənin aparıcı müxalifət təşkilatları hesab olunan Müsavat Partiyası və AXCP-ni öz daxilində islahat aparmamaqda ittiham edir və deyirlər ki, radikal müxalifətdəki yekcinslik siyasi həyatda problemlər yaradır. Birtərəfli fikirləşəndə bunun düz olduğunu inkar edə bilmirsən. Lakin bu, həm də öz gözündə tiri görməyib, başqasının gözündə çöp axtarmaq deməkdir.
Parlament seçkilərinə hələ iki il qalmış ziyalı deputatımız, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı qanunverici orqana keçiriləcək yeni seçkilərdə namizədliyini verməyəcəyini açıqlasa da, sonradan bu fikrini qətiləşdirən hər hansı bir addım atmayıb.
Sabir Rüstəmxanlı ilə hər hansı şəxsi, işgüzar intriqamız yoxdur. Sadəcə Azərbaycan siyasi mənzərəsindəki uğur pilləkənlərində daim büdrəyən təkcə klassik müxalifət olmadığını göstərmək üçün Sabir Rüstəmxanlının açıqlamasına diqqət çəkdik.
Ümumi prosesi anlamaq üçün və bu prosesdə iştirak edən ayrı-ayrı siyasi fiqurların deputatlığa olan marağını göstərməkdən ötrü bu misal labüddür.
Konstitusiya çərçivəsində hər kəs deputatlığa namizəd ola bilər, bu, qanunun tələb etdiyi sərhədlər daxilində vətəndaşların seçib-seçilmək hüququdur.
Ancaq heç olmasa, neçə ildir parlament kimi mötəbər tribunda əyləşən bəzi deputatlar kobud dillə desək, tükəndiklərini hiss edib, kənara çəkilməlidir.
Jurnalistlərin onlara ünvanladıqları “növbəti parlament seçkisində iştirak edəcəksinizmi” sualına “ehtiyac olarsa” cavabını verən müəyyən qrup deputat elə o ehtiyac üçün şərtləri özləri yaradır.
Bu, şüurlu şəkildə edilirmi?Yalnız “bəli” cavabını verə bilərik. Məgər həmin adamlar partiyadan gedəcəkləri təqdirdə, kimsə onları hədələyəcək və ya buna bənzər addımlar atacaq?
Heç bir müxalifət partiyası nə bu günə kimi sözün müsbət mənasında ictimai rezonansa səbəb olan addımlar atıb, nə də öz daxilindən siyasi müstəviyə yeni kadr çıxarıb.
Bu, həm parlament müxalifətinə, həm də ənənəvi müxalifətə aiddir. Köhnə simaların fonunda müxalifətin hər hansı uğur qazanacağını söyləmək çətindir.
Şəxsi maraqları bir kənara qoyub, səmimi şəkildə “partiya sədri və deputat olsam da, heç bir dinamika yaratmadım, ona görə də mən bu dəfə namizədliyimi verməyəcəyəm” kimi etiraflar edən yoxdur. Yaxud, “deputat kimi işimi gördüm, indı başqa sahədə özümü sınayım” deyən də tapılmır. Deyəsən, deputat mandatının “dadı”, “ətri” və ən nəhayət “gücü” elə cəlbecidir ki, onu kimsə əldən buraxmaq istəmir. Şübhə yoxdur ki, indi “yenidən namizədliyinizi irəli sürəcəksinizmi” sualına tərəddüdlə “hələ vaxta var, fikirləşməmişəm” deyə cavab verənlərin əslində mandatdan ötrü ürəkləri gedir, sadəcə bunu dilə gətirə bilmirlər. Əks təqdirdə, “mən daha deputat olmaq istəmirəm” cavabını verərlər.
Bu qəribə tendensiya heç bir partiya üzvü olmayan deputatların da xarakterinə hopub. Kimsə “yox, mən daha namizəd olmayacağam” demir.
Ən azı bu məsələdə politoloq Zərdüşt Əlizadə nümunəsi var. Adam qəti şəkildə fikrini bildirir və deputat olmaq istəmədiyini bəyan edir.
Aqşin Kərimov