“Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin Türkiyənin Qars vilayətinin Sarıqamış rayonu əraizindən keçən hissəsində baş verən güclü partlayışla bağlı araşdırma aparılır”.
Bu sözləri Modern.az-a açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat katibi Nizaməddin Quliyev deyib. O, qeyd edib ki, partlayış səhər saat 4 radələrində baş verib və hazırda partlayışın başvermə səbəbləri araşdırılır.
“Hələki araşdırılır və əlavə məlumat olan kimi ictimaiyyətə xəbər veriləcək”.
Qeyd edək ki, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin Türkiyənin Qars vilayətinin Sarıqamış rayonu əraizindən keçən hissəsində baş verən güclü partlayışın səsi 20 km-lik məsafədən eşidilib. Partlayışın səbəbinin hələ ki məlum olmadığı bildirilir. Qars valisi Günay Özdəmir də hadisə ilə əlaqədar araşdırma aparıldığını bildirib.
Hazırda boru kəmərində qazın nəqli dayandırılıb. Yanğının söndürülməsi ilə bağlı tədbirlər görülür.
***
Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin Türkiyə ərazisinə düşən hissəsində partlayışın baş vermə səbəbi kimi terror aktı istisna edilmir. Bu barədə Trend-ə Qars valisinin ofisindən məlumat verilib.
Bildirilib ki, partlayışdan sonra boru kəmərində qazın nəqli dayandırılıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Hazırda qaz kəmərinin partladılmış hissəsi bərpa edilir.
Aytən ZƏHRA