Modern.az

MBASK şirkətinin səhmləri satıldı: Direktorlar Şurası ve İdarə Heyəti də dəyişəcək

MBASK şirkətinin səhmləri satıldı: Direktorlar Şurası ve İdarə Heyəti də dəyişəcək

Qarabağ

14 Oktyabr 2010, 13:57

Oktyabrın 14-də dünyanın ən iri sığorta şirkətlərindən biri olan “AXA Group” özünün törəmə cəmiyyəti olan “AXA Seguros Generales, S.A., De Seguros Y Reaseguros” (İspaniya) şirkəti vasitəsilə “MBASK” Sığorta  Şirkətinin səhmlərinin əhəmiyyətli nəzarət zərfini (51 %) əldə edib. Nizamnamə kapitalının 49%-nə bərabər olan səhmlərin qalan hissəsi şirkətin səhmdarı Eldar Qəribovda qalacaq. Məlumatı Modern.az saytına MBASK-dan veriblər.

Əhəmiyyətli nəzarət zərfi “AXA Seguros Generales” şirkəti tərəfindən Avropa Yenidənqurma və İnkişaf Bankına (30%) və Eldar Qəribova (21%) məxsus olan səhmlərin alınması hesabına əldə edilib.

AYİB 5 ildən artiqdır ki, MBASK SŞ-nın səhmdarı olub və Avropa Bankı tərəfindən səhmlərin satılması bankın strategiyasının bir hissəsdir. Bu müddət ərzində şirkətin biznes-proseslərinin təkmilləşdirilməsində, institusional inkişafında, xüsusən də, korporativ idarəetmə, risklərin idarəedilməsi və beynəlxalq hesabat standartlarının tətbiq olunması sahəsində AYİB-in rolunu qeyd etmək lazimdır.

“AXA Seguros Generales” şirkəti tərəfindən səhmlərin əhəmiyyətli nəzarət zərfinin əldə edilməsi ilə MBASK SŞ-nın  Direktorlar Şurasının ve İdarə Heyətinin tərkibində dəyişikliklərin edilməsi gözlənilir. Belə ki, АХА tərəfindən MBASK SŞ-nın Direktorlar Şurasına üç, İdarə Heyətinə isə iki namizədin irəli sürülməsi gözlənilir. Bununla yanaşı, Direktorlar Şurasının sədri vəzifəsində Eldar Qəribov qalacaq.

AXA MedLa Region (Aralıq dənizi və Latın Amerikasi Regionu) şirkətinin yeni bazarların inkişafı üzrə direktoru Frederik Fleju MBASK-ın səhmlərinin əhəmiyyətli nəzarət zərfinin əldə olunmasını şərh edərək, deyib: “Biz, MBASK kimi güclü və etibarlı oyunçunun yerli nüfuzunu və təcrübəsini, qlobal sığorta biznesinin lideri olan AXA-nın mövqeyi, texniki innovasiyaları və işgüzar imkanlarını birləşdirməyə imkan verəcək bu partnyorluqla fəxr edirik. Qüvvəmizi birləşdirməklə, yeni bazarda imkanlarımızdan istifadə etmək və sığortaçı kimi, uzunmüddətli sığorta işinə sadiq qaldığımızı və müştərilərimizin müdafiəsinə hazır olduğumuzu göstərmək üçün biz ideal mövqe əldə etmişik”.

MBASK SŞ-nın səhmdarı və Direktorlar Şurasının sədri Eldar Qəribov isə qeyd edib: “Bu gün AXA ilə imzalanmış müqavilə və bununla da yerli şirkətin faktiki olaraq, dünyanın ən iri maliyyə-sığorta qrupunun bir hissəsinə çevrilməsi, həm ölkə daxilində, həm xaricdə müştərilərə sığorta və təkrarsığorta xidmətlərinin göstərilməsində MBASK-ın imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək, sığorta bazarında sağlam rəqabətin daha da inkişaf etməsinə şərait yaradacıq, eləcə də Azərbaycanın maliyyə bazarına investisiya marağının artması üçün böyük təkan verəcəkdir”.

Sazişi şərh edən, AYİB-in Bakı ofisinin rəhbəri Frensis Deley deyib: “AYİB Azərbaycanda və eləcə də bütövlükdə, regionda sığorta və maliyyə sahələrinin inkişafına uzunmüddətli tərəfdaşlığını nümayiş etdirmişdir. Biz inanırıq ki, AXA-nın Azərbaycana gəlişi ölkənin sığorta sektorunun inkişafında mühüm mərhələ olacaq, həmçinin MBASK Avropanın lider  sığortaçılarından birinin rəhbərliyi ilə inkişafını davam etdirməyə hazırdır. AYİB ölkənin maliyyə sahəsinin dəstəklənməsi üçün yeni imkanlarının axtarışını davam etdirəcəkdir”.

AYİB, 61 ölkənin və 2 hökumətlər arası təşkilatın birgə sahibi olduğu qurum olmaqla, Mərkəzi Avropadan Mərkəzi Asiyaya qədər ölkələrdə bazar iqtisadiyyatlarının və demokratik sistemlərin inkişafını dəstəkləyir.

MBASK Sığorta Şirkəti Azərbaycanın sığorta bazarında 1992-ci ildən fəaliyyət göstərir və müştərilərinə 29 növ sığorta xidmətləri və məsullarını təqdim edir. Şirkətdə 100 nəfərdən artıq işçi çalışır və o, ölkədə 5 regional filialı idarə edir. Şirkətin Nizamnamə kapitalı 5 730 000 manata bərabərdir.

AXA Group dünyada ən iri sığorta şirkətlərindən biridir və Fortune Global 500-ün 2010-cu il üzrə siyahısında gəlirlərinə görə dünyanın 9-cu ən iri şirkəti kimi göstərilmişdir. AXA 57 ölkədə, əsasən Qərbi Avropada, Şimali Amerikada, Asiya-Sakit okean regionunda və Yaxın Şərqdə fəaliyyət göstərir. Qrupun 216 000-dən artıq əməkdaşı və dünya üzrə 96 000 000 müştərisi vardır. Qrup beş əməliyyat biznes-seqmentindən ibarətdir: Həyatın və Əmanətlərin sığortası, Əmlakın sığortası və Bədbəxt Hadisələrdən sığorta, Beynəlxalq sığorta (təkrarsığorta daxil olmaqla), Aktivlərin idarə edilməsi, habelə digər maliyyə xidmətləri.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama