Azərbaycanın tanınmış aktrisası, əməkdar artist Tanilə Əhmərova uzun sürən xəstəlikdən sonra avqustun 4-də 65 yaşında dünyasını dəyişib. Modern.az xəbər verir ki, bu haqda məlumatı aktrisanın yaxınları bildiriblər.
Tanilə Əhmərova 1950-ci ildə iyunun 1-də Bakıda anadan olub. 1977-ci ildə M.Əliyev adına Dövlət Teatr İnstitutnuni bitirib. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının aktrisası olub.
Tanilə Əhmərova milli konomuzda bir sıra yaddaqalan obrazlar yaradıb. Tamaşaçılar onu "Qayınana" filmindəki Sevda rolundan yaxşı tanıyırlar.
Tanilə Əhmərova bu ilin əvvəlində insult keçirmişdi. Vəziyyəti ağır olan aktrisa yeriyə bilmirdi.
Qeyd edək ki, Tanilə Əhmərova “Üzü küləyə”, “Üzeyir ömrü”, “Tələ”, “Təhminə” kimi bir sıra filmlərdə də rol alıb. Yaratdığı ən yadda qalan obrazlardan biri isə “Qayınana” filmindəki stomatoloq Sevda xanımdır.
Allah rəhmət eləsin
Modern.az