Müəllimlərin işə qəbulu davam edir. Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, bu gündən etibarən test imtahanlarında iştirak edib, keçid balı toplayan müəllimlərin tutulmayan və imtina edilmiş vakant yerlərə əlavə yerləşdirməsi aparılacaq.
Avqustun 10-a kimi aparılacaq əlavə yerləşdirmədə test imtahanlarında keçid balını toplayıb vakant yer tuta bilməyən, eləcə də tutduğu vakansiyadan imtina edənlər iştirak edə bilər.
Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsində 18573 nəfər iştirak edib, 2212 nəfər yüksək nəticə göstərərək vakant yer tutmaq hüququ qazanıb və müsahibəyə dəvət olunub. Müsahibənin nəticələrinə əsasən 1892 nəfərin işə qəbul olunmasına razılıq verilib.
Xatırladaq ki, müəllimlərin işə qəbulu üzrə müsabiqəyə ölkə üzrə 3461 vakant yer çıxarılıb. Vakant yerlərin 90 faizi Azərbaycan bölməsi, 10 faizi isə rus bölməsinin payına düşür. Vakansiyaların 15 faizi şəhər, 85 faiz rayonları əhatə edir. Bakı üzrə vakansiyaların sayı 446, Cəlilabadda 211, Lerikdə 201, Qubada 183-dür.
Vakansiyaların təxminən 45 faizi kimya, biologiya, fizika və coğrafiya fənlərinin üzərinə düşür. Vakansiyaların sayı kimya üzrə 446 yer, biologiya üzrə 387 yer, fizika üzrə 350 yer, coğrafiyadan 328 yerdir. Ümumi vakansiyalardan 2363 yerə həvəsləndirmə tətbiq olunur. 1098 vakant yer şəhər, qəsəbələri əhatə etdiyi üçün həvəsləndirmə tətbiq olunmur.
Aytən Zəhra