Ali məktəblərdə jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı vermiş abituriyentlərin nəticələri bəlli olub. Belə ki, jurnalistikaya sənəd vermiş 341 abituriyentdən 178-i imtahana gəlməyib. İmtahanda iştirak etmiş 163 abituriyentdən isə yalnız 57 nəfəri məqbul qiymət alaraq ixtisas seçimiə buraxılıb.
Keçən il jurnalistikaya sənəd vermiş 441 abituriyentdən 315- i imtahana gəlməmişdi. İmtahanda iştirak etmiş 126 nəfərdən 45-i Azərbaycan bölməsi, 6-ı rus bölməsi olmaqla yalnız 51 abituriyent ali məktəbə daxil olmuşdu. Göründüyü kimi, ötən ilə nisbətən elə də ciddi dəyişiklik qeydə alınmayıb.
TQDK sədri Məleykə Abbaszadə hələ imtahanlardan xeyli əvvəllər çıxışlarında bildirmişdi ki, “bizə 200-300 bal toplamış jurnalist lazım deyil. Bakalavr pilləsi üzrə jurnalistikaya qəbul imtahanı zamanı qabiliyyət imtahanı tətbiq olunsa, onda jurnalistikaya təxminən 200-300 bal toplayan uşaqlar qəbul olunacaqlar. Bu bizə lazımdırmı? Bizə intellektual jurnalist, yoxsa hansısa növ qabiliyyət imtahanından keçənlər lazımdır? Bizim üçün qabiliyyət imtahanını təşkil etmək texniki bir məsələdir və biz buna hazırıq. Amma bu nə dərəcədə nəticə verəcək, nəticəmiz yaxşılaşaq, yoxsa bundan sonra pisləşəcək?”.
Buna baxmayaraq uzun müzakirələrin ardından qərar qəbul olundu. Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllimlərindən və Azərbaycan Mətbuat Şurasının üzvlərindən ibarət komissiya yaradılaraq, qabiliyyət imtahanı həyata keçirildi.
Jurnalistikada keçid ballarının birdən-birə aşağı endirilməsi əvvəlllər 500-dən yüksək bal toplamış tələbələrin ciddi narazılığına səbəb oldu. Bəzi tələbələr düşünürlər ki, onlar 500 bal toplayaraq bu fakültəyə düşdükləri halda, 200-300 aralığında bal toplayanlar “qıraqda qalmamaq” bəhanəsi ilə buraya üz tuturlar.
Modern.az saytı məsələ ilə bağlı Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Şamil Vəliyev və Bakı Dövlət Universitetinin Nəzəriyyə və təcrübə kafedrasının rəhbəri Cahangir Məmmədlidən açıqlama alıb.
BDU-nun dekanı Şamil Vəliyev bildirib ki, qabiliyyət imtahanı təsadüfi axınların qarşısını almaq üçün tətbiq olunub.
“Belə ki, buraya əvvəlcədən jurnalist olmaq arzusunda olanlar ərizə verə bilirlər. Elə tələbə var ki, istəyi Hüquq fakültəsi olurdu. 500 balla Hüquqa düşə bilmədiyi üçün kənarda qalmasın deyə, jurnalistikaya gəlirdi. Təcrübə göstərir ki, Hüquqa düşə bilməyib bura üz tutmuş tələbələr gələcəkdə heç öz ixtisasları üzrə işləmirlər. Əgər sən ixtisasını sevib və seçib gəlirsənsə, nəticədə yaxşı da uğur qazanmaq mümkündür. Lakin təcrübə göstərir ki, hüquqşünas olmaq istəyi ilə gəlib jurnalistikaya düşmüş tələbə yaxşı jurnalist ola bilmir. Sırf bu səbəbdən, keyfiyyətli jurnalist yetişdirmək üçün belə qərar verilib ki, qabiliyyət imtahanı da tətbiq olundu. Biz də nə qərar verilibsə, ona tabeyik. Bu, məndən - jurnalistika fakültəsinin dekanından asılı deyil”.
Müşfiq Ələsgərli Şamil Vəliyevlə oxşar fikirlər səsləndirdi. O da keyfiyyətli jurnalist yetişdirmək yolunda bu addımın atıldığını bildirdi.
“Yaxşı jurnalistə müəyyən qabiliyyətlər, bacarıqlar lazımdır. Ola bilsin ki, tələbə yüksək biliyə, dünyagörüşünə sahibdir, amma yazı qabiliyyəti, istedadı yoxdursa, ondan jurnalist olmaz.
Qabiliyyət imtahanı ötən il ilk dəfə tətbiq olunduğu üçün müəyyən problemlər yarandığı doğrudur. Uşaqların sayında kəskin enmə oldu. Yerlər o qədər məhdudlaşdı ki, hətta Jurnalistika fakültələri boş qaldı.Amma hesab edirəm ki, bu il bir sıra qabaqlayıcı addımlar atıldı ki, müəəyyən axın yaransın. Qabiliyyət imtahanının fərqi ondan ibarət oldu ki, tutaq ki abituriyent yüksək bal toplayırdı. Əgər balı başqa fakültələrə yetmirdisə, həmin vaxtı o Jurnalistika fakültəsinə üz tuturdu. İndi isə əksinədir. O müəyyən bal toplayıb sonra qabiliyyət imtahanı verir. Əgər qabiliyyət imtahanından keçə bilməsə, onda həmin balla başqa fakültələri seçə bilmək ixtiyarındadır”.
Cahangir Məmmədli isə bir qədər fərqli düşünür.
“Qabiliyyət imtahanı olan yerlərdə, o cümlədən də jurnalistikada ballar aşağı olur. Balı aşağı olanlar adətən bura müraciət edirlər. Bu mənada tələbələrin ümumi dünyagörüşü zəif olur. Mən də bir jurnalistika müəllimi kimi çox arzu edərdim ki, qəbul olunmuş abituriyentlər bütövlükdə dünyagörüşünə malik olsunlar. Bütün elmlərə - fizikadan tutmuş digərlərinədək - heç olmasa bəsit şəkildə bələd olsunlar, xüsusilə də humintar elmlərə. Mən də onunla razıyam ki, sözün həqiqi mənasında aşağı balla gələn tələbələr humanitar elmlərdən zəif göstəricilər əldə eləyiblər. və ona görə də tələbəlik müddətində bu keyfiyyət onlarda özünü göstərir. Bəzən də çətinlik çəkirik bu uşaqları mükəmmləşdirməyə. Bir halda ki, balları aşağı olan tələbər gəlirlər və həm də bunların elə də böyük üslübları özünü göstərmir, imtahan götürənlər də bunu nəzərə alırlar. Əslində müəyyən dərəcədə onların öz üslubu olmalıdır və verdikləri qabiliyyət imtahanı zamanı hiss olunmalıdır ki, bunlar həqiqətən jurnalistikaya sevib gəliblər.
Mənə elə gəlir ki, qabiliyyət imtahanı özünü doğrultmur. Mənə yüksək ballı tələbər daha çox lazımdır. Yüksək bal toplayanlar qabiliyyət imtahanına gəlsələr, onda mən qabiliyyət imtahanının tərəfində olaram. Amma aşağı bal yığıb, jurnalistikaya gəlmək və qəbul olunmaq məni narahat edir”.
Leyla Əfqan