Modern.az

Hepatitli xəstələr - pulsuz dərman alanlar və qıraqda qalanlar...

Hepatitli xəstələr - pulsuz dərman alanlar və qıraqda qalanlar...

Ölkə

5 Avqust 2015, 14:50

Səhiyyə Nazirliyində B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə Komissiya yaradılandan bu günə kimi 2600-ə yaxın adam quruma müraciət edib.
Bunu Modern.az saytına komisisyanın üzvü Milli Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktor müavini, professor Həqiqət Qədirova bildirib. Onun sözlərinə görə, onlara müraciət edənlərin 70 faizi xroniki hepatit daşıyıcılarıdır.

H.Qədirova Azərbaycanda rəsmi qeydiyata alınmış hepatitli xəstələrin sayı ilə bunları deyib:

“Kəskin hepatiti olan şəxslər üzrə 2014-ci ilin göstəricisi belədir: Hepatit A-125 nəfər. Hepatit B-180 nəfər, Hepatit C-130 nəfər.
2013-cü il də isə bu göstəricilər daha çox olub. Hepatit A-224 nəfər, Hepatit B-242 nəfər, Hepatit C-181 nəfər”.

H.Qədirova qeyd edib ki, müalicə üçün xəstələr sənədlərini tam şəkildə təqdim etməlidirlər.

“Onlardan xəstəliyin diaqnostikası üçün sənədlər istənilir. Komissiya yığışır, o sənədləri  müzakirə edir və təqdim edilən sənədlərdən asılı olaraq qərar çıxarılır ki, müalicə təyin edilsin, ya da yox. Təyin edilməyən vəziyyətlər belədir ki, B hepatitli virus gəzdirici xəstələrə müalicə məsləhət görülmür. Bütün qalan hallarda xəstələrə müalicə təyin olunur. Müalicə pulsuzdur və Səhiyyə Nazirliyi tərəfindən təqdim olunur”.

Komissiyanın üzvi bildirib ki, bu gün Hepatit B üçün bir adda- "İnterferon", Hepatit C üçün isə iki adda- "Ukroferon" və "Ribovirin" dərmanı pulsuz verilir.

“Hepatit C virusunun bir neçə genotipi var və onlardan asılı olaraq müalicə davamlılığı müxtəlif ola bilər. Birinci genotip 48 həftə, ikinci və üçüncüdə isə 24 həftə davam edə bilər. Vətəndaşlar sənədlərini İnnovasiya və Səhiyyənin Təşkili Mərkəzinə verir və komissiya yığılır, ona baxılır, müsbət qərar çıxarsa, sənədlər 1 saylı Şəhər Xəstəxanasına göndərilir və orada onlar dərman alırlar. Vəziyyət ağırdısa Xəstəxananın İnfeksion şöbəsində müalicə alırlar. Müalicə 2 həftə çəkir, vəziyyət ağır deyilsə, dərmanları alır, yaşadığı ərazidəki həkimlərə müraciət edir, onların nəzarəti altında müalicəni davam etdirirlər. Yəni, süründürməçilik və imtina halları yoxdur. Bəzən xəstələrin sənədlərində çatışmazlıq olur ki, bu zaman onlara sənədlərin qaydaya salınması söylənilir”.

H.Qədirova qeyd edib ki, 50 faizdən çox xəstələrə müalicələr tətbiq olunur və artıq müsbət nəticələr də var.

Aytən ZƏHRA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi