Modern.az

“Bu göstəricilər aqrar sahənin yüksələn xətlə dinamikasının bariz nümunəsidir”

“Bu göstəricilər aqrar sahənin yüksələn xətlə dinamikasının bariz nümunəsidir”

Təhsil

6 Avqust 2015, 13:10


“Ölkəmizdə kənd təsərrüfatının inkişaf etdirilməsinə dövlət qayğısının bir sıra istiqamətləri formalaşdırılıb. Bunlar, ilk növbədə, aqrar sahədə yüksək məhsuldarlığın təmin edilməsi, yerli məhsulların rəqabət qabiliyyətinin artırılması, kənd təsərrüfatının gəlirli sahələrinin inkişaf etdirilməsi, fermerlərə dövlət dəstəyinin daha səmərəli təşkili kimi vacib məsələləri əhatə edir. Aqrar sahədə inkişaf dinamikası yüksələn xətlə artır”.

Bunu Modern.az saytına açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.   Deputat bildirib ki, dövlət başçısı kənd təsərrüfatında artım tempinin təmin olunmasını və bu istiqamətdə müasir dövrün tələblərinə cavab verən səmərəli tədbirlərin həyata keçirilməsini daim diqqət mərkəzində saxlayır.  

Eldar İbrahimovun bildirdiyinə görə son illərdə respublikamızda kənd təsərrüfatının sürətli inkişaf yoluna çıxması bütövlükdə ölkənin güclü iqtisadi potensialına və geniş maliyyə imkanlarına əsaslanır.  

“Məlumdur ki, neft gəlirləri iqtisadiyyatın diversifikasiya edilməsinə, qeyri-neft sektorunun üstün inkişafının təmin olunmasına yönəldilir. Məqsədyönlü siyasət sayəsində artıq respublikamızda iqtisadiyyatın ağırlıq mərkəzi qeyri-neft sektoruna keçib. Təkcə belə bir faktı vurğulamaq kifayətdir ki, cari ilin əvvəlindən bəri ölkə iqtisadiyyatında artım 5,7 faiz səviyyəsində olub. Bu, özlüyündə kifayət qədər yaxşı göstəricidir.

Ancaq bundan daha yaxşı göstərici 9,2 faiz olmaqla məhz qeyri-neft sektorunda qeydə alınıb. İlin birinci yarısında kənd təsərrüfatında 7,3 faiz artım baş verib.   Bu baxımdan son illərdə respublikamızda kənd təsərrüfatının maliyyə təminatının gücləndirilməsi aqrar sektorda da əsaslı dönüşə səbəb olub”.  

Ölkədə taxıl biçininin artıq yekunlaşmaq üzrə olduğunu bildirən komitə sədri ötən illə müqayisə də aparıb: “Keçən illə müqayisədə bu il 2 milyon 766 min ton taxıl istehsal olunub. Bu da keçən ilə görə 600 min tondan artıq məhsul deməkdir. Hər hektardan məhsuldarlıq isə 22.8 sentnerdən, 30.5 sentnerə qalxıb. Bütün bu göstəricilər aqrar sahənin yüksələn xətlə dinamikasının bariz nümunəsidir”.  

Modern.az    

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama