Ədəbiyyatı öldürmək üçün qondarma süni “ədəbiyyat” yaratmaqdan yaxşı versiya ola bilməz. Zaman-zaman dünyanın bir çox ölkələrində, xüsusən də qapalı rejimlərdə “ədəbiyyat” nə zamansa yarana biləcək əsl ədəbiyyatı elə beşiyindəcə boğub. Amma mütəxəssislərin çoxu bununla razılaşmır. Onların fikrincə, əsl ədəbiyyat elə ona görə ədəbiyyatdır ki, onu öldürmək mümkün deyil.
XIX əsrin sonlarında Axundovla özünün ilkin mərhələsinə qədəm qoyan yeni dövr Azərbaycan ədəbiyyatı müstəqil olduğumuz zamana qədər bir çox mərhələlərdən keçib. Sovet dövründə əsl ədəbiyyat və ədəbiyyatçılar təbliğat bürosu olan “ədəbiyyat”la mübarizə aparıb. Bu konflikt zamanı bəzən ağla qaranın sərhədləri də pozulub. İndiki ədəbiyyatda öldürücü funksiyanı yerinə yetirən bir neçə detalın adını çəkə bilərik. Amma Modern.az saytının seçdiyi mövzu ilə bağlı peşəkar ədəbiyyatşünas və yazarların fikirlərini öyrənmək daha dolğun olardı. Onların fikrincə, bu gün ədəbiyyatı öldürən “ədəbiyyat”dan necə xilas olmaq olar? Ümumiyyətlə, bəzi ədəbiyyat adamları ədəbiyyata bu gün nə dərəcədə zərbə vurur?
Xalq şairi, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi Fikrət Qocanın sözlərinə görə, şax ağacın dibində alaqlar hər zaman olub. Amma çox keçməyib ki, onlar məhv olublar, ağac isə elə ağaclığında qalıb. Ədəbiyyat da eynilə bunun kimidir:
“Bütün dövrlərdə belə olub. Ədəbiyyata zərbə vuran adamlar da az olmayıb. Əkilən bir ağac böyüyür, amma ətrafında alaqlar da boy atır. Çox keçmir ki, həmin alaqlar məhv olur gedir. Ədəbiyyat da bu misalı xatırladır. Ədəbiyyatın da ətrafında həmişə alaq olub. İndi daha münbit şərait var. Mətbu orqanların sayı artıb, ədəbi meydan genişlənib. Bu səbəbdən çox təəssüflər olsun ki, ədəbiyyatda alaqların sayı da artıb. Yəni kimin gəldi çap olunmaq imkanları çoxalıb. Amma bunun əsl ədəbiyyata qəti zərəri yoxdur. Çünki əsl ədəbiyyat əbədidir , ölməzdir. Ona nə iləsə təsir etmək olmaz. Fərqi yoxdur, onun ayağı altında alaqların olub-olmamasına baxmayaraq ədəbiyyat inkişaf edəcək”.
Ədəbiyyatşünas alim, filologiya elmlər doktoru və tərcüməçi Cavanşir Yusiflinin fikrincə, didişən yalnız ədəbiyyatda olan insanlardır. Ədəbiyyatın öz böyüklüyünə xələl gətirib, onu öldürmək isə mümkün deyil:
“Ədəbiyyatı öldürmək mümkün deyil. Mütləq həqiqət budur. Qələmə zor gələnlərin problemi başqadır, necə deyərlər, bu, ayrıca tədqiqat tələb edir. Ən gözəl nümunələri bu burulğana kar olan, inandığı şeylərdən başqa bir şey eşitməyən şəxslər yaradır, daha doğrusu, yarada bilir. Ancaq bu, ədəbi prosesdən kənarda baş verən hadisələri saya salmamaq anlamına gəlmir. İndi qışqıran, sadəcə fəhmi olmayan insanlardır. Keçib gedəcək. Əli Kərimin dövründə də qışqırıq vardı. Ancaq onun sayəsində, yəni susmasına görə (…bir sənətkar üçünsə sükutdan da səs gələr...) sonra Mirzə Cəlil demişkən, bir “xamuşluq yarandı”. Ulduzlar yerə töküldü.
İkincisi, məncə, ədəbiyyat süqut edə bilməz. Ədəbi proses səngiyə, yavaşıya, axsaya bilər. Bunun bir sıra ciddi səbəbləri var. Didişən insanlardır. Bu qovğa həmişə olub, həmişə də olacaq. Bütün bunların bir böyük səbəbi də yazarların olduqlarından artıq görünmək xəstəliyidir. Onlar bir çayda ilin bütün günləri çimirlər və mənanı buraxıb, xronikanın, dedi-qodunun dalınca qaçırlar. Bir də … paxıllıq, həsəd, kin. Allah böyükdür, şəfa verəcək!
Tərcüməçi Nadir Qocabəylinin sözlərinə görə, bizim ədəbiyyat Axundovdan bu yana o qədər də diri olmayıb. Diri olmayan bir çeyi öldürməyə isə hacət yoxdur:
“Öncə onu deyim ki, mən sualın bu cür qoyuluşu ilə o qədər də razı deyiləm. Söhbət Axundovdan başlayan modern Azərbaycan ədəbiyyatından gedirsə, bu ədəbiyyat dünya ədəbiyyatı fonunda heç vaxt diri, rəqabətə davamlı olmayıb, müəyyən dövrlərdə dirçəlməyə cəhd göstərsə də, yedəkdə sürünməkdən o yana keçə bilməyib. Ona görə də diri olmayan bir şeyi öldürməkdən söhbət gedə bilməz. Bizdə hazırda ölünün çürüməsi, bu üfunətin ətrafa yayılması prosesi gedir və bunu ört-basdır etmək cəhdləri də təbii olaraq, bir nəticə vermir. Səbəblər: ən böyük səbəb məktəbin olmamasıdır. Yəni bizdə əsil ədəbiyyatı öyrədən məktəb mövcud deyil. Bizim insana orta məktəb partasından başlayaraq, ədəbiyyat haqqında yanlış təsəvvür aşılanır. Odur ki, nəticə etibarilə, nəinki oxucular, hətta yazarlarımızın da bir çoxu ədəbiyyatın mahiyyətindən xəbərsizdirlər. Universitetlərin filologiya fakültələrində tələbələrə öyrədilən ədəbi biliklər çox bəsit və bayağıdır. Xarici ədəbiyyatı bilən və öyrədən mütəxəssislərimiz yox səviyyəsindədir. Ona görə də, bizdə ədəbiyyatdan az-çox xəbəri olanlar Moskva ali məktəblərində təhsil alan, bir də öz təşəbbüsü ilə öz üzərində çalışan adamlardır. Məndə olan məlumata görə, qərbdəki universitetlərin filologiya-fəlsəfə fakültələrində bir nəfər də olsun azərbaycanlı oxumur. Bu bizim hökumətimizin diqqət yetirməli olduğu çox dəhşətli bir faktdır. Bizdə xarici ədəbiyyatın tərcüməsi də son dərəcə bərbad həyata keçirilir. Dövlətin ayırdığı cüzi vəsait, həmin vəsaitin korrupsiyaya məruz qalması, azsaylı istedadlı tərcüməçilərin bu işlərdən kənarda saxlanması, dünya ədəbiyyatının ciddi əsərlərinin qohum-əqrəbaya tərcümə etdirilməsi, müstəqil nəşriyyatlara yardım olunmaqdansa onların sıxışdırılması bu sahənin pis vəziyyətdə olmasının əsas səbəbləridir. Əsil ədəbiyyatdan, bədii sözdən xəbərsizlik zövqsüz, istedadsız, bayağı bir nəsil yetişdirir ki, bu da xalqımızın gələcəyi ilə bağlı nikbin olmağa əsas vermir.
Yazıçı Alpay Azər ədəbiyyatı öldürən səbəblər arasında qondarma “ədəbiyyat” və “ədəbiyyat xadimlərini” deyil, birbaşa kütlə mədəniyyətini görür:
“Ədəbiyyatı süqut etdirən hədsiz bol olan və sürətlə yayılan informasiya axını və kütlə mədəniyyətidir, yəni şou-biznesdir. Bu, əslində peşəkar araşdırma mövzusudur. Bir adam lazımdır ki, XIX əsrdə ədəbiyyat oxuyanların sosioloji tədqiqatını aparsın və indiki dövrlə müqayisə edib bir nəticəyə gəlsin, səbəbləri göstərsin ki, o dövrdə çox ədəbiyyat oxuyurdularsa, bunun səbəbi nədir. Müqayisəli təhlil bizə nəyi deyir”.
Elmin NURİ