Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeçiliyindəki qurumlar respublika ərazisində taxıl biçinindən sonra yandırılan və ətrafda müəyyən fəsadlar yaradan biçənək sahələrində aparıb.
Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın Modern.az-a bildirdiyinə görə, monitorinqlər zamanı müəyyən edilib ki, taxıl biçinindən sonra sahələrin təmizlənməsi üçün fermerlər tərəfindən ərazilərin bilərəkdən yandırılması nəticəsində Qazax rayonunun Xanlıqlar kəndi ərazisində 90, Şamaxı rayonunun Qurdtəpə kəndi ərazisində 9, Ağsu rayonunun Nüydü kəndi ərazisində 8, Cəlilabad rayonunda 2, Göyçay rayonunun Kürdşaban kəndi ərazisində 1 ha sahədə üst bitki örtüyü tamamilə yanıb:
“Bundan başqa, Goranboy rayonunun Nərimanlı kəndi ərazisində 5 ha sahədə biçilmiş taxıl sahəsi yandırıldıqdan sonra alovun Goranboy-Qızılhacılı avtomobil yolunun mühafizə zolağına keçməsi nəticəsində ikiillik 40 ədəd şam ağacı yanaraq məhv olub, 5 ədəd müxtəlif cinsli ağac isə zədələnib.
Goranboy rayonunun Tapqaraqoyunlu kəndi ərazisində də 30 ha biçilmiş taxıl sahəsində baş verən yanğın sonradan avtomobil yolunun kənarına keçib və nəticədə müxtəlif cinsli 5 ədəd ağac zədələnib. Qazax rayonunun Məşədilər kəndi ərazisində 700, İsmayıllı rayonunun Diyarlı kəndi ərazisində 76 və Goranboy rayonunun Gürzalılır kəndi ərazisində 1150 ədəd kol yanıb”.
İradə İbrahimova vurğulayıb kli, faktlarla bağlı təqsirkarların tapılaraq barələrində qanunamüvafiq tədbir görülməsi üçün rayon polis şöbələrinə məktub göndərilib:
“Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bəzi biçənək sahələrində yanğın törədən və ətraf mühitə ziyan vuran təqsirkarların şəxsiyyəti müəyyənləşdirilib. Belə ki, Zərdab rayonunun Əlvənd kənd sakini Vəkalət Zülfüqarov tərəfindən ona məxsus pay torpağında biçənəyin yandırılması nəticəsində ərazidəki müxtəlif cinsli 70 ədəd ağacın və 679 ədəd kolun, həmin rayonun Körpükənd sakini Sonqulu Qurbanova məxsus pay torpağında biçilmiş sahənin yandırılması nəticəsində isə 39 ədəd kolun yanaraq məhv edildiyi aşkar edilib.
Təbiətə 679 manat ziyan dəydiyi hesablanılaraq, Vəkalət Zülfüqarov barəsində qanunvericiliyə uyğun qaydada tədbir görülməsi üçün Zərdab rayon prokurorluğuna müraciət edilib və bununla bağlı cinayət işi başlanılıb.
Eyni zamanda, Goranboy rayonunun Urusborisi kəndində biçənək sahəsində yanğın törədilməsi nəticəsində 10 ədəd ağacın zədələnməsi, 20 ədəd kolunun məhvində təqsirli bilinən kənd kolxoz təsərrüfatının rəhbəri Mariya İvannikovaya protokol tərtib edilib. İnzibati Xətalar Məcəlləsinin 92.2-ci maddəsinə əsasən onun vəzifəli şəxs qismində məsuliyyətə cəlb edilməsi üçün qanunvericiliyə müvafiq qaydada tədbirlər görülür”.
Aytən ZƏHRA