Çox miskin mənzərədir, başınızı aşağı əyib gözlərinizi yerə zilləyərkən ayaqlarınızın bəlğəmli tüpürcəklərlə əhatələndiyini görmək. Günümüzdə isə belə hallarla demək olar ki, hər gün rastlaşırıq.
Hərçənd ki, belə “saleh” əməllə məşğul olan daha çox kişilərdir, amma qadınların da möhkəmcə tüpürdüyünə şahid olmaq mümkündür. Həm görüntü kirliliyinə, həm tibbi, həm də psixoloji problemlərə yol açan belə natəmiz əməldən yalnız bunu edənlərmi məsuliyyət daşımalıdır? Sözün əsl mənasında yuxarı tüpürsən bığ, aşağı tüpürsən saqqal.Bəzi ölkələrdə yerə tüpürmək baha-başa gəlir
Keçmişdə bir çox ölkələrin tarixində tüpürməklə bağlı müəyyən qadağalar mövcud olub. Belə ki, tüpürmək üçün otaqlarda xüsusi qab olurdu. İnsanlar harda gəldi tüpürə bilməzdilər. Hətta məlumdur ki, keçmişdə hökmdarların və xanların tüpürmələri üçün xüsusi qabları vardı. Belə qablar qızıldan, gümüşdən hazırlanırdı.
Hətta Osmanlı tarixində hansısa padşaha qızıl tüpürcək qabı hədiyyə edilməsi də arxivlərdə yerini alıb.
İndinin özündə də inkişaf etmiş, mədəni ölkələrdə belə hallara xüsusi fikir verilir və ciddi nəzarət edilir. Hətta dünyanın bir sıra ölkələrində yerlərə tüpürməklə bağlı bir sıra qadağalar da mövcuddur .
Orada insanlar hara gəldi tüpürə bilməz. Əks təqdirdə cəzalandırılırlar. Nümunə üçün deyək ki, Sinqapurda yerə tüpürən insanlar cəza olaraq müəyyən məbləğdə Sinqapur pulu ödəməli olurlar. İngiltərənin paytaxtı Londonun Enfild adlanan səmtində yerə tüpürməyin cəzası 80 ingilis funt sterlinqidir. Cəzanı ödəmədikləri halda isə bu məbləğ 500 funt strenlinqə yüksəlir. Əgər yolunuz nə vaxtsa Almaniyaya düşsə xəbəriniz olsun ki, tüpürdüyünüz halda gərək cibinizdəki 20 avronuzdan da keçmiş olasınız. Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə yerə tüpürməyin cəzası 176 dollardır.
Hətta məsələ ilə bağlı bir zamanlar Qazaxıstanda da müəyyən müzakirələr getmişdi. Yadınızdadırsa, Qazaxıstanın prezidenti Nursultan Nazarbayev sözügedən məsələ ilə əlaqədar maraqlı təklif irəli sürmüşdü. O,öz çıxışında yerə saqqız atanlara və tüpürənlərə 3 sutkalıq həbs və pul cəzasının verilməsini tələb etmişdi. Eləcə də qonşu Türkiyədə yerə tüpürmək inzibati cəza sayılır və cəriməsi 25 manatdır.
Tüpürmək vərdişdir, yoxsa mədəniyyətin göstəricisidir?
Modern.az ətrafımızda sıx-sıx müşahidə olunan belə qeyri-etik davranışların cəmiyyətin psixologiyası ilə nə dərəcədə əlaqəli olması sualına cavab tapmaq üçün psixoloq Elnur Rüstəmovun fikirlərini öyrənib.
O, yerə tüpürməyi insanların mədəni səviyyəsinin göstəricisi kimi qiymətləndirdi.
“Yerə tüpürmək daha çox insanların mədəni səviyyəsi ilə bağlı yaranan durumdur. Düzdür, ağız vərdişi olan insanlar var ki, onlarda bu hallar rast gəlinir. Hara gəldi tüpürürlər, bəzən görürsünüz ki, hətta burunlarını da təmizləyirlər. Belə hallar ara-sıra təkrarlananda artıq bu insanlar ətrafdaki insanlar üçün narahatlıq yaradır.
Xüsusilə də parka, dənizə istirahətə gedən insanlar bu hallarla qarşılaşırlar. Bu, həm gigiyenik qaydaların, həm də estetik qaydaların pozulmasıdır.. Çünki istirahət yerlərində belə hallar insanların əhval ruhiyyəsinə mənfi təsir edir”.
Psixoloq eyni zamanda belə halların insanın psixologiyasında da müəyyən problemlərin törədə biləcəyini fikirlərinə əlavə edərək bu kimi vərdişlərin uşaq yaşlarından insanlara aşılanmamasını tövsiyə etdi. “Hətta ətrafdaki insanlarda müxtəlif psxioloji problemlərə yol aça bilir. İyrənməklə bağlı müəyyən problemlər törədir. Bu, insanların psixologiyasında müəyyən vasvasalıq, hər şeydən iyrənmə, diksinmə kimi təzahür edə bilər. İnsanlar yeməkdən, içməkdən, kiməsə toxunmaqdan özünü diksindirə bilər.
Ona görə də uşaq yaşlarından insanlara bunu aşılamaq lazımdır ki, ictimai yerlərdə tüpürmək olmaz. Lakin səhhəti ilə bağlı müəyyən insanlar var ki, tüpürmək məcburiyyətində qalırlar. Artıq bu, onların iradəsinə tabe deyil. Sadəcə belə olan təqdirdə yaxşı olardı ki, buna nəzarət olunsun ki, həm ətrafda olan insanlarda narahatlıq yaranmasın, həm də müəyyən psixoloji problemlərə yol açmasın. Hesab edirəm ki, bu məsələ ilə bağlı qayda-qanun yaranmalıdır, çərçivəyə salınmalıdır. İnsanlar harda gəldi, kimlərin yanında gəldi tüpürməməlidilər”.
Tüpürcək insanları nə kimi xəstəliklərə yoluxdura bilər?
İndi isə gələk məsələnin bir qədər də ciddi və tibbi tərəflərinə. Tüpürmək yalnız görüntü kirliliyi deyil, həmçinin bir sıra xəstəliklərə səbəb ola bilər. Tüpürcək gözlə görünə bilməyəcək qədər kiçik canlıların ətrafa yayılmasına səbəb olur ki, bu da öz növbəsində mikrobların yayılması və çoxalmasına gətirib çıxarır. Nəticədə bir sıra yolxucu xəstəliklərin yaranması qarşısıalınmaz hala gəlir. insanın tüpürcəyində 600 cür mikrob mövcuddur. 1 sm-lik tüpürcəkdə isə 250 milyon ədəd mikrobun olduğu məlumdur. Əgər tüpürcək yiyəsi xəstədirsə, bu zaman mikrobların da sayı artır.Məsələ ilə bağlı həkim-ekspert Adil Qeybulla Modern.az-a öz fikirlərini bildirib. O,bu kimi halların vərəm, bronxit, kimi xəstəliklərə yol aça biləcəyini vurğuladı.
“Ən əvvəl bu, birinci növbədə gigiyena məsələsidir. Yerə tüpürmək olmaz. Əgər insan özünü saxlaya bilmirsə, səhhətində müəyyən problemləri varsa, bəlğəmi gəlirsə, yanında xüsusi qablar gəzdirməlidir. Ora tüpürüb, sonra həmin qabları zibil qutusuna atmalıdır.
Amma təəssüflər olsun ki, insanlar bunu gözləmirlər və harda gəldi yerə tüpürürlər. Və həmin yerlərdə uşaqlar, yaşlı adamlar, gənclər gəzirlər.
İkinci növbədə xəstə adamların, xüsusilə də ağciyər yolu ilə yoluxucu xəstəliklərə tutulmuş insanların, məsələn, vərəm xəstələrinin yerə tüpürməyi ümumiyyətlə düzgün deyil.
Hələ sovet dövrlərindən müşahidə olunurdu ki, vərəmə yoluxmuş xəstələr ağızlarında dəmir qəpikləri saxlayaraq sonra yerə atırdılar ki, kimsə həmən qəpikləri götürsün və xəstəliyə yoluxsun. Müəyyən mənada eqoizm var idi onlarda. Ona görədə insanlar belə halları da nəzərə almalıdılar. Əks halda vərəm, bronxit kimi xəstəliklərə yoluxa bilərlər”
"Təmizlik imandan gəlir" deyirlər. Çalışaq ki, çevrəmizi təmiz saxlayaq.Təmizlik mədəniyyəti olmayan bir cəmiyyət dünyada normal qarşılanmadığı kimi, eyni zamanda həmin cəmiyyətdə xəstəliklər və ölüm faizi hər zaman yüksək olur.Leyla Əfqan