Bu günlərdə Türkiyə Əməkdaşlıq və Kordinasiya Agentliyinin (TİKA) Bakı Ofisi tərəfindən Ahıska türklərinın kompakt məskunlaşdığı Şəmkir rayonunun Sarıtəpə kəndində ağır maddi durumda yaşayan 87 yaşlı Raziyyə nənənın ailəsi üçün yaşayış evinin inşası başa çatıb.
Qeyd edək ki, 1989-ci ildə Orta Asiyadakı Fərqanə hadisələrindən sonra Ahıska turklərinin böyük bir qrupu Azərbaycana pənah gətirərək, ölkəmizin müxtəlif rayonlarında məskunlaşdılar. Həmin vaxtdan Azərbaycanda daimi sığınacaq tapan ahıskalı qaçqınlar bütün çətin zamanlarda azərbaycanlıların dəstəyini hiss ediblər, soydaşlarımız isə son tikələrini belə, onlarla paylaşıblar.
Modern.az saytı xəbər verir ki, 87 yaşlı ahıskalı qadının mənzil şəraitinin yaxşılaşdırılmasına hesablanmış bu layihə Milli Məclisin deputatı Məlahət İbrahimqızının təşəbbüsü ilə gerçəkləşdirilib. Layihədə nəzərdə tutulduğu kimi, 3 yaşayış otağından və yardımçı otaqlardan ibarət olan evdə hər cür şərait yaradılıb və mənzil müasir məişət avadanlıqları ilə təmin olunub.
Avqustun 2-də Raziyyə nənənın ailəsinin yeni evinə baxış keçirilib. Evin açılış mərasimində Şəmkirin icra başçısının müavini Fəxrəddin Vəliyev, millət vəkili Məlahət İbrahimqızı, TİKA-nın Bakı Ofisinin əməkdaşı Gürlec İsmayıl, Türkiyə Əməkdaşlıq və Kordinasiya Agentliyinin sədri Sərdar Çam, Ankara milət vəkili Selva Çam, Sarıtəpə kənd bələdiyyə nümayəndələri, kənddə məskunlaşmış qaçqınlar iştirak ediblər.
Layihəni Abdulla Eyvazovun rəhbərlik etdiyi “Terlit” şirkəti icra edib. Raziyə nənənin evinin açılışına toplaşan əksəriyyəti qaçqın və məcburi köçkün olan Sarıtəpə sakinləri qarşısında qonaqlar Azərbaycan-Türkiyə dostluq və qardaşlığından ürək dolusu danışıblar.
Çıxış edən qonaqlar Türkiyə və Azərbaycan qardaşlığının və dostuluğunun ildən-ilə daha da güclənməsində hər iki dövlətin liderlərinin misilsiz xidmətlərini önə çəkib, bu birliyin bütün türk dünyasına dayaq olması haqqında geniş məlumat veriblər. Toplantıda Azərbaycan hökumətinin, şəxsən Prezident İlham Əliyevin ölkəmizdə məskunlaşmış qaçqın və məcburi köçkünlərə olan diqqətindən və həyata keçirilən uğurlu layihələrdən də danışılıb.
Çıxış edən Ahıska türklərinin təmsilçiləri ən ağır günlərində onlara qucaq açmış Azərbaycan xalqına, Azərbaycan hökümətinə və Prezident İlham Əliyevə göstərilən daimi diqqət-qayğıya görə minnətdarlıqlarını bildiribləar.
Modern.az