Əmlak Məsələləri Dövlət Komitəsinin sosial tədbiri olan “kütləvi çıxarış” kampaniyası fəaliyyət dairəsini getdikcə genişləndirir. Vətəndaşlar bu kampaniyadan “bir pəncərə” prinsipinin tətbiqi nəticəsində daşınmaz əmlakın qeydiyyatı ilə bağlı bütün ilkin xidmətlərdən yararlana bilirlər. Kampaniyanın regionlarda təşkilinin başlıca məqsədi vətəndaşın xidmətə çatması deyil, xidməti vətəndaşa çatdırmaq, vaxta qənaət, rahatlıq və çevikliyi təmin etməkdir.
Komitədən verilən məlumata görə, növbəti “kütləvi çıxarış” kampaniyası avqustun 7-də Balakən rayonunda təşkil olunub. Kampaniya çərçivəsində rayon sakinlərinə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı sənədlərin qəbulu, hazır çıxarışların verilməsi, yerlərdə hüquqi yardım, həmçinin fiziki məhdudiyyətli vətəndaşlara birbaşa öz evlərində qeydiyyat xidmətləri göstərilib.
Kampaniya zamanı, ümumilikdə 550-yə yaxın vətəndaş daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmətlərdən yararlanıb. O cümlədən, 300-ə yaxın vətəndaşa dövlət reyestrindən çıxarış verilib. Eyni zamanda, 150-yə yaxın vətəndaşdan daşınmaz əmlaka, həmçinin torpağa dair qeydiyyat üçün zəruri sənədlər qəbul edilib, 100-ə yaxın vətəndaşa hüquqi yardım xidmətləri göstərilib.
Kampaniyadan yararlanan rayon sakinləri onlara göstərilən xidmətlərdən razı qaldıqlarını bildiriblər.
Modern.az