(hekayə)
Hərbi xidmətdən yenicə qayıtmışdı. Hələ “dembel”liyi başından getməmişdi. Sovet ordusundakı rus xislətindən yoğrulmuş dembellik qanına necə yerimişdisə evdəkilərlə, təmasda olduğu hər kəslə elə bu cür davranırdı. Sadəcə, ötən müddətdə doğmalarının mütamadi qınağı onun insanlarla davranışını bir qədər yumşaltmışdı.
Xasiyyəti tünd olsa da, çox zəhmətkeşdi. Paytaxtda həyət evlərində yaşayırdılar. Evdəkilərin təkidi ilə həyətlərində göy-göyərti, pomidor və xiyar əkmişdi. Pulla alıb gətirdiyi bir neçə kisə peyin hesabına bolluca məhsul yetişdirmişdi. Hələki işə düzəlmədiyindən həyət-bacada səliqə-sahman yaradır, böyük həvəslə kiçik bostanını suvarır və alaqdan təmizləyirdi. Həmin bostanın hesabına evdəkilərin yamanca hörmətini qazanmışdı. Yarı zarafat, yarı ciddi ona artıq evlənməyə hazır olduğunu deyirdilər. Günlərin birində bacısı Lalə ona daha bir ağlabatan təklif verdi:
- Elxan, həyətimizdə toyuq-cücə da saxlaya bilərik. Sən də ki, səhərlər soyutma yumurta, qayğanaq yeməyi xoşlayırsan. Elə bostandan topladığın alaq otları toyuqları yemləməyə yetər.
Ağlına batdı. Təklif çox xoşuna gəldiyindən qollarını çırmalayıb işə girişdi. Həyətlərinin küncündə səliqəylə hin tikdi və ətrafına məftildən çəpər çəkdi. Ucuz başa gəlsin deyə fərələr almağı məqsədəuyğun saydı. “Perostroyka”dan bəhrələnib özünün toyuq fermasını açan dostunun yanına yollandı. Tərslikdən o, yerində yox idi. Dostunun arvad-uşağı niyyətini bilən kimi təkidlə onu şəxsi fermalarına apardılar. Bəllidir ki, həyətdə saxlanan toyuqlardan fərqli olaraq fermadakı inkubator toyuqları güclü yemin hesabına sürətlə böyüyür. Dostunun xanımı və böyük oğlu uzun qarmaqla onun üçün xeyli fərə və beçə tutdular. Özü də ən irilərini. Dedilər ki, yaxşı sortdur, əksəriyyəti Çərkəz sortundandır, Şimali Qafqazdan gətiriblər. Saydılar, düz 21 dənə idi. Təkidlə pulunu ödədi və quşları “Jiquli”nin baqajına yükləyib sağollaşdı, dostuna da minnətdarlığını çatdırmağı xahiş etdi.
Yolboyu toyuqları necə bəsləyəcəyi və artıracağı barədə xeyli plan cızdı. Fikri vardı ki, evdən təzə yumurta, toyuq əti əskilməsin. Məhəllələrinə yetişdi, maşını həyətə saldı. Böyük iş görən adamlar kimi dağarcasına özünü çəkib, təkəbbürlə avtomobilin baqajını açdı. İnkubator toyuğu ki, inkubator toyuğu. Elə bil bunları baqaja pərçimləmişdin, yerlərindən tərpənmək fikirləri yox idi. Quşları baqajdan pərən-pərən saldı. Həmin mənzərəni seyr edən ailə üzvlərindən bir qəhə-qəhə qopdu ki, gəl görəsən. Uğunmaqdan bir təhər oldular. Mat-məəttəl bir onlara, bir də quşlara baxırdı. Yenə də heç nə anlaya bilmirdi. Yaxınları artıq qəşş eləmək üzrəydilər. Acığı tutdu, çımxırdı:
- Nə olub, axı?!.
Hərkəsən öz hayındaydı. Ona məhəl qoyan olmadı. Yaxınlarının gülməkdən gözləri yaşarmışdı. Lap cin atına mindi:
- Sən Allah, deyin də, nə olub axı?!.
Nəhayət, kiçik bacısı dilləndi:
- Elxan, lap Məşədi İbad yada düşdü. Alanda adam baxmaz ki, bunlar toyuqdu, ya xoruz... Qardaş, bunların cəmi ikisi-üçü fərədir, qalanı beçədir. Axı, sən ilk növbədə yumurtalıq toyuq almağa getmişdin, ətlik yox!?.
Elxanın başına elə bil qaynar qazan endirdin... Nəhayət, gülüşmə səngidi. Quşları geri qaytarmağa qoymadılar. Dedilər ki, qismət belədir, böyüdükcə kəsib yeyərik, sonra əvəzində fərələr alarsan.
Gülüşmə həmin günlə bitmədi. Nəinki ailə üzvlərini, elə Elxanın özünü də tez-tez gülmək tuturdu. Mehrini yamanca salmışdı bu ev quşlarına. Onlara tamaşa eləməkdən yorulmurdu. Vaxtının çoxunu onlara qulluq etməklə keçirirdi. Əməllicə doğmalaşmışdılar. Artıq fərə və beçələrin çəkisi xeyli artmışdı. Onların üçü ağ rəngdəydi. Bolqar sortundan olan bu quşların ikisi fərə, biri isə beçə idi. Onlar digər rəngbərəng beçələri çəkidə az qala iki dəfə üstələyirdilər. Elxan ev quşlarını yaxşı yemlədiyindən yamanca tez böyüyürdülər. Yerləri də geninə-boluna idi. Çərkəz sortundan olan beçələrin tükləri xınaya bənzər min bir rəngə çalırdı. Bu rəngləri saymaqla qurtaran deyildi. Adamın ruhunu oxşayırdı. Elə ki, çərkəz sortundan olan bu beçələr balaca özlərini tutdular, başladılar necə lazımdı “kişiləşməyə”. Elə maraqlısı da bundan sonra baş verdi. Təsir dairəsi uğrunda ölüm-dirim mübarizəsi nəinki günbəgün, hətta, saatbasaat gücləndi. Boğazını arıtlayıb banlamaq istəyən kim, didişən kim... Kefə düşmüşdülər. İçməyə suları, yeməyə bolluca yemləri, tər-təmizdəki yerləri... Çərkəz sortundan olan 18 beçə arasında bir ölüm-dirim mübarizəsi başlandı ki, gəl görəsən. Balaca olanda yerləri gen-boluna idi, amma indi hiss olunurdu ki, nisbətən darısqallıqdır.
Səhər açılandan axşamacan “çəkişmələr”, xoruz döyüşü ara vermirdi. Xüsusilə, bolqar sortundan olanlara bir toy tuturdular ki, Allah göstərməsin. Yazıqları gözü qıpıq eləmişdilər, əmrə müntəzirdilər. Nə yeməyə imkan verirdilər, nə də su içməyə. Çərkəz beçələri əzazillikdə artıq insanlarla belə müqayisəyə gəlmirdilər. Qısa müddətdə bu quşların ən qəddarları – daha döyüşkən və daşürəkliləri beçələrin bir qismini bolqar fərələrinə tay elədilər. Həmin beçələrin də yalnız “ağlar”a gücü çatırdı, hayıflarını amanızlıqla onlardan alırdılar. Kişiliklərini göstərmək üçün beçələr arasında fərələr üstə davaydı. Qəribədi, didik-didik edilsələr də, günləri qara olsa da, bolqar fərələri və beçəsi çəkidə durmadan artırdılar. Elxangil yazıqları gəldiyindən bunları tezliklə kəsmək qərarına gəldilər.
Xoruzlaşmaq üzrə olan beçələrin mübarizəsi kəskinləşəndən Elxan qəribə şakərə tutulmuşdu. Onların döyüşünə dembelsayağı tamaşa eləməkdən yorulmaq bilmirdi. Həmin səhnə ona yenicə ayrıldığı əsgərlik həyatını xatırladırdı. Beçələrin savaşı lap əsgərlikdəkinə bənzəyirdi. Bolqar fərələrini və beçəsini “çurban” sayırdı. Bunların sırasına qoşulan çərkəz sortundan olan beçələrsə, ona “salabonluğun” məşəqqətinə duruş gətirə bilməyənləri andırırdı. Meydan sulayan beçələr lap qafqazlılara oxşayırdılar, onların amansızlıqları elə əsgərlikdəki kimiydi. Maraq onu götürmüşdü. Aradan bir qədər də keçdi. Yetkinləşən, xoruzlaşan beçələrin azğınlığı isə sərhəd bilmirdi.
Adəti üzrə “dostlar”ına baş çəkdiyi günlərin birində Elxan dərin sarsıntı keçirdi. Gördü ki, bolqar toyuqlarından biri yerindən tərpənmir, last düşüb. Artıq onun çəkisi iki kilonu ötərdi. Fikirləşdi ki, bunu kəsməyin vaxtıdır. Qayıdıb evdən bıçaq götürdü. Toyuğa yaxınlaşdı, heç təpənmirdi, yerə mıxlanmışdı. Qanadlarından tutub toyuğu qaldıranda yerdə bir neçə damcılıq qan izi gördü. Xoruzlar Elxanı əhatəyə almışdılar, gözləri yamanca qızmışdı. Az qala ona hücum edəcəkdilər. Əlindəki toyuq hələ diri olsa da, amma halsızdı. Başa düşdü ki, burada nəsə sirr var. Birdən əlindəki toyuğun çəkisinin yüngül olduğu diqqətini çəkdi. Toyuğu yuxarı qaldırıb diqqətlə baxdı. Gördüyündən az qala özünü itirə. Toyuğun arxa hissədən içi bom-boş idi. Xoruzlar onun arxasında əməlli-başlı kaha açmışdılar. Yazıq toyuğun iç-içalatını diri-diri sökmüşdülər. Qorxusundan toyuğun qanı donmuşdu, elə buna görə də yerə cəmi üç-dörd damla qan düşmüşdü. Cin başına vurdu, xoruzlara düşmən kimi baxdı. Nə faydası, artıq hər şey bitmişdi. Əlindəki toyuğu zibilliyə atmaqdan başqa çarəsi qalmadı. Bu hadisədən yaranan xoşagəlməz hiss onu bir neçə gün tərk eləmədi. Evdəkilər də bu vəhşətdən yamanca təsirlənmişdilər. Elxan hikkəsindən bir həftə hinə baş çəkmədi. Nəhayət, maraq ona yenə üstün gəldi. Xoruzların döyüşünə tamaşa eləməyə yollandı. Hələ uzaqdaykən qeyri-ixtiyari diqqətini bolqar toyuğuna və xoruzuna yönəltdi. Gözlərinə inanmağı gəlmədi. Həmin toyuq da sanki yerə çökmüşdü. Hələ bu azmış kimi bolqar xoruzunun da rəngi avazımışdı. Qaranəfəsə içəri keçdi. Zənnində yanılmamışdı. Bu zavallıların vəziyyəti əvvəlkindən də betərdi. Çərkəz xoruzları onları yarımcan eləmişdi. Hikkədən Elxanın gözlərindən qığılcım çıxdı. Onu dövrəyə alan xoruzlar bunu hiss elədiklərindən azca narahat oldular. Onlardan bir neçəsi tələsik özünü hinə dürtdü. Qalan xoruzlar isə döyüşə hazır vəziyyətdəydilər, qaynaşırdılar. Bədəncə daha böyük xoruzlardan üçü xüsusilə iddialı görünürdü. Elxan çıxış yolu tapmadığından əlacsızcasına evə döndü. Az qala xəstə düşəcəkdi. Bolqar xoruzu və toyuqlarının acı taleyi tezliklə məhəllədə də böyük səs-küyə səbəb oldu. İndi hamı marağındaydı ki, görəsən bu çərkəz xoruzları bir-birinə də qıyacaqlar, ya yox?!.
Həmin təbii sualın cavabı özünü çox gözlətmədi. Hər üç-dörd gündən bir xoruzlar bir-bir əskilməyə başladı. Elxan apardığı müşahidələr nəticəsində bu “ləziz” qonaqlıqları ən dalaşqan üç xoruzun təşkil etdiyini müəyyənləşdirdi. Artıq hər şey onun üçün adiləşmişdi. Bu qaniçən xoruzların qovğasının nə ilə bitəcəyi isə ona sakitlik vermirdi. Xoruzlar sayca lap azalanda onların şəksiz lideri də bəlli oldu. Bu, cığallıqda tayı-bərabəri olmayan üç xoruzdan ən irisi idi. Həmin xoruz hündürboyluydu, yaxşıca da ətlənmişdi. Görünüşündən cin ürkən bu xoruz o qədər rəngarəng idi ki, görənlər ona tamaşa eləməkdən yorulmurdu. Bəzən Elxan xoruzların belə “quduzlaşması”nı onların arasında toyuqların olmaması ilə əlaqələndirirdi. Fikirləşirdi ki, bəlkə, bir neçə toyuq alıb onlara qatsın. O andaca yadına bolqar toyuqlarının arzuolunmaz taleyi düşürdü və dərhal da fikrindən daşınırdı. Nəhayət, sona ən dalaşqan üç xoruz qaldı. Xoruzların şahı dağar müdiri, digərləri isə yekəxanacasına onu müşayət edən cangüdənləri xatırladırdılar. Onlar lap elə əsgərlikdən evə dönməyə 100 günü qalan dembellərə də çox bənzəyirdilər. Günlərin birində evdəkilər bu xoruzlardan yaman qorxduqlarını söylədilər:
- Elxan, biz daha onlara dən, su verməkdən çəkinirik. Sən Allah, çalış çox vaxt evdə ol, onları özün yemlə. Az qalırlar gözümüzü deşələr. Dimdikləri lap nizəyə oxşayır. Adama hərdən elə gəlir ki, bunlar ipə-sapa yatmayan məhbuslardır.
- Özünüzü qorxutmayın, siz onları yemləyirsiniz, heç cür sizə dəyməzlər... Nə olsun ki, heyvandırlar...
Bu söhbətdən bir neçə saat sonra Elxanın kiçik qardaşının qıy-qışqırığı bütün məhəlləyə yayıldı. Elxan hövlnak özünü ona yetirdi. Qardaşı ona hücum edən xoruzlardan yamanca qorxmuşdu. Soyuq su verdilər, onu birtəhər özünə gətirdilər. Elxan qızdı, nə qızdı. Əlinə ağac alıb, düşdü xoruzların üstünə. Gözləmədiyi halda xoruzlar geri çəkilmədilər. Müdafiə olunmağa, fürsət düşəndə isə hücuma keçməyə başladılar. Xoruzlar onlar üçün çəpərlənmiş ərazidə tez-tez yer dəyişir, imkan düşən kimi qanadlarını qabardıb, qıyya çəkib Elxanın kürəyinə tullanır, pəncələri ilə zərbələr endirir, onu dimdikləməyə çalışırdılar. Hərəsi bir neçə “kötək” yeyəndən sonra nisbətən ehtiyatla tərpənirdilər. Atasının təkidindən sonra Elxan onları sakit buraxdı. Qəzəbi bir neçə gün soyumadı. Qisas üçün məqam axtarırdı. Xoruzların harınlığı onu tamam hövsələdən çıxarmışdı. Əsgərlikdə kimsəyə kürək verməyən Elxana xoruzların üzə durması yamanca pis təsir eləmişdi. Səbrini güclə basırdı. Nəhayət, qisas məqamı yetişdi. Evdə ondan başqa kimsə yox idi. Əlinə çomağa bənzər yoğun bir ağac alıb girdi xoruzların yanına. Elə bil ki, xoruzlar onun mütləq qayıdacağından əvvəlcədən duyuq düşüb sözü bir yerə qoymuşdular. Əməlli-başlı dembelsayağı döyüş başlandı. Elxanın əsas ehtiyat etdiyi xoruzların sivri dimdikləri idi. Gözünü itirməmək üçün çox ehtiyatla davranırdı. Mövqe döyüşü, psixoloji savaş səngimirdi. O, xüsusilə iri xoruzun cəsarətindən, qətiyyətliliyindən çəkinirdi. Ona görə də fürsət düşən kimi əlindəki “silahı” ilə əsasən digər iki döyüşkən xoruzu döyəcləyirdi. Azca keçmiş aldığı güclü zərbələrin kəsərindən qovrulan xoruzlardan biri təslimçi hay-küylə hinə soxuldu. Bu, Elxanı xeyli cəsarətləndirdi. Növbəti sərrast zərbəylə o biri xoruzu da hinə çəkilməyə məcbur etdi. Tezcə hinin qapısını bağladı ki, aylarnan əsəbləri ilə oynayan “şah” xoruz onunla açıq döyüşdən qaça bilməsin!!! Əslində, həmin xoruz heç döyüş meydanından əkilənə də oxşamırdı. Məğrurdu. Elxana elə gəlirdi ki, bu heyvan yox e, deyəsən adamdı?!. Bu cür yalnız insan kec ola bilərdi. Qeyri-bərabər döyüş daha amansız xarakter aldı. Elxan xoruzun gözünün odunu almayınca buranı tərk eləməməkdə qərarlıydı. Zərbələri kifayət qədər güclü olsa da, çalışırdı xoruza ciddi xətər yetirməsin. Məhz həmən dəqiqələrdə xoruz məğrurluğu ilə özünü ona sevdirə bildi. Elxan qərarını dəyişdi. Xoruza rəhmi gəldi. Dostcasına onu doyunca seyr edib, əlindəki ağacı kənara atdı. Qanrılıb çəpərdən çıxmaq istəyəndə xoruz “namərdcəsinə” atılaraq ona kürəyindən güclü zərbə vurdu, hətta, boynunu da dimdikləyib qana bələdi. Qorxu nə olduğunu bilməyən Elxanı od götürdü. Tələm-tələsik bayaqkı ağacı əlinə alıb hücum çəkdi xoruza. Başladı necə gəldi onu döyəcləməyə. Bir neçə dəfə xoruzun təslim olduğunu zənn edib qəsdən kürəyini ona çevirdi, özünü sanki çəpəri tərk edirmiş kimi göstərdi. Tərslikdən hərə dəfə xoruz o andaca onun kürəyinə sarı tullanır, pəncələri və qanadları ilə zərbələr endirməyə çalışırdı. Hövsələsi tamam daraldı. Xoruzun naşükürlüyü onu cana yığmışdı. Bu məxluqa get-gedə hörməti artsa da, uduzmağı ağlına belə gətirmirdi. Xoruz heç cür “hörmət” qanmırdı. Növbəti dəfə qolaylayıb xoruza var gücü ilə daha bir möhkəm bir zərbə ilişdirdi. Qanadı sallanan xoruzdan vəhşi bir qaqqıltı çıxdı. Elədiyinə ürəyi ağrıdı, peşiman oldu. Az qaldı özünə nifrət eləsin. Gözləri yaşardı. Fikirləşdi ki, bu əsl nanəciblikdir. Gözləri yaşlı çəpəri tərk eləmək istəyəndə gözləmədiyi halda xoruz yenə də ona arxadan hücum çəkməyə cəhd göstərdi. Düzdü, xoruzun bu dəfəki tullanışı qurşağa qədər belə çatmadı. Dərhal çevrilib bədahətən xoruza daha bir güclü zərbə endirdi. Xoruzun dimdiyi iki bölündü. Onun iniltisi ətrafı bürüdü. Üçbucağa dönən üst dimdiyini qan götürdü. Xoruz nə təhər qan ağladısa, bayaqdan hinə soxularaq qorxudan cınqırını çıxarmayan digər xoruzlar belə onun harayına səs verdilər. Vahiməli səslər Elxanı sarsıtdı. Hindəki xoruzların harayı elə bil “şah” xoruzu yuxudan ayıltdı, yenidən kişiləşdi. Ağrısı nisbətən səngiyəndə himə bəndmiş kimi sağ qalan qanadını qabardıb döyüşə hazır vəziyyət aldı və hətta bir neçə dəfə Elxanın üstünə də “kişiləndi”. Elxanın matı-qutu qurudu. Çarəsi qalmadı. Acizliyini boynuna alıb, kişi kimi təslim oldu. Xoruza qardaş gözü ilə baxıb əlindəki ağacı kənara atdı. Yaman peşimandı. Xoruzu yeməkdən də, içməkdən də, döyüşməkdən də məhrum eləmişdi. Axı, xoruzun başlıca qüdrəti məhz dimdiyindədi. İkiqat olub xoruza baş əydi. Onun qanadını, dimdiyini bağlamaq üçün sarğı dalınca çəpəri tərk edərkən xoruzun onun kürəyinə zərbə endirib-endirməyəcəyinə tam əmin deyildi. Ona görə bu dəfə çəpəri ehtiyatla tərk etdi. Gözlənilənin əksinə olaraq xoruz heç yerindən də qımıldanmadı. Xoruza hörməti birə-min artdı. Onun kişiliyinə qibtə elədi. Qərara gəldi ki, bu xoruzu göz-bəbəyi kimi qoruyacaq. Başı aşağı evə sarı yollandı. Elxan beş-altı addım atıb evin tinini burulmaqdaykən xoruzdan təslimçi bir bağırtı qopdu. Qanrılıb geri baxanda xoruzun qıy-qışqırıqla özünü hinin qapısına döyəclədiyinin, oradakı yalançı qəhrəmanların yanına soxulmaq istədiyinin şahidi oldu. Bu tükürpədici səhnəni görmək istəmədiyindən gözlərini qapadı. Bağrı qana döndü. Xoruza bayaqkı tükənməz məhəbbəti ani nifrətə çevrildi. O, heç cür həmin şah xoruzu itirmək istəmirdi. Elxanın lümək toyuğa dönən xoruzu görməyə belə gözü olmadı. Elə bildi, sanki dünyanı itirdi. Qaranəfəs bıçaq üçün evə sarı götürüldü.