Azərbaycan Demokrat Partiyası (ADP) və Ümid Partiyasının təmsil olunduğu “Qarabağ” seçki blokuna daha bir siyasi təşklilatın qoşulacağı gözlənilir. Bu barədə ADP sədri Modern.az saytına açıqlamalarınının birində bildirmişdi.
ADP sədri adını açıqlamaq istəmədiyi partiya ilə “Qarabağ” blokunda yer almaq üçün müzakirələr aparıldığını demişdi.Yerli mətbuat orqanları isə Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) “Qarabağ” seçki blokuna daxil olacağı ehtimalları üzərində dayanırlar. AMİP sədri Yusif Bağırzadə isə açıqlamalarında belə bir şeyi nə təsdiq, nə də təkzib edir.
AMİP-in baş katibi Arzuxan Əlizadə məsələ ilə bağlı Modern.az saytına açıqlama verib. Partiya rəsmisi bildirib ki, AMİP yalnız tam hüquqlu partiyaların təşkil ediləcəyi bir blokda təmsil oluna bilər.
“Lakin bu, məsələnin nəzəri tərəfidir. Amma AMİP-də partiyanın hansısa blokla birlikdə seçkiyə qatılacağı barədə yekun qərar yoxdur”.
"AMİP-də sırf Qarabağ” bloku ilə bağlı müzakirələr olubmu” sualına isə Arzuxan Əlizadə belə cavab verib:
“Bizim partiyada bununla əlaqədar heç bir müzakirə aparılmayıb. Ümumiyyətlə, “Qarabağ” blokuna qoşulmaqdan söhbət belə, gedə bilməz. AMİP-də hansısa bloka daxil olmaq istiqamətində heç bir müzakirə getməyib”.
Aqşin Kərimov