“Azəriqaz” İstehsalat Birliyi işçilərinin geyimində dəyişiklik edilməsi barədə qərar qəbul edib. Qurumun mətbuat xidmətinin əməkdaşı İbrahim Kərbalayev Modern.az saytına faktı təsdiqləyib və bunu belə izah edib:
“Azəriqaz” İstehsalat Birliyində korporativ mədəniyyətin təzahürü və işgüzar geyim formasının tətbiq edilməsinə başlanılıb. Birliyin əməkdaşlarının xarici görünüşündə işgüzar imicin formalaşdırılması məqsədilə avqustun 3-dən “Azəriqaz”da bu cür geyim forması tətbiq edilir”.
Rənglərin kombinasiyası ilə geyimlərin tətbiqinə gəlincə, İbrahim Kərbalayev deyib ki, bu sırf səliqəli görünüş üçündür.
Qeyd edək ki, tətbiq edilən qərara əsasən işçi tələb olunan geyimi özü almalıdır. Qaydalara görə işçinin köynəyi solğun və tək tonlu olmalıdır; nazik zolaqlı ola bilər, üstü yazılı, şəkilli, parlaq rəngli köynəklərin geyilməsi qadağandır; eyni zamanda köynəyin sonacan düymələnməsi vacibdir.
Qalstuk parlaq rəngli, üstü yazılı və şəkilli olmamalıdır, pencək və köynəyə uyğunlaşdırılmalıdır. Şalvarlar mümkün qədər tünd rəngdə olmalı, parlaq və zolaqlı olmamalıdır.
Ayaqqabı formal və tünd rənglərdə olmalıdır. İdman üslublu ayaqqabılar qadağandır. Corablar da unudulmayıb. Bu geyim şalvara uyğun seçilməlidir, qara, tünd göy, boz, qəhvəyi rənglərdə və uzun olmalıdır. Qısa corablar geyilə bilməz.
Aksesuarlara gəlincə bildirilir ki, sadə qol düymələri, qalstuk sancağı, saat və nişan üzüyü istifadə oluna bilər. Boyunbağı, qolbaq, qabarıq rəngli üzük və saatlar istifadə edilə bilməz. Saçlara gəlincə qurum öz işçilərinə bildirir ki, saçlar səliqəli formada daranmalı, uzun saçlar isə yığılmalıdır. Ən əsası üz təraş olunmalıdır.
Gülşən RAUFQIZI