Modern.az

Vahid Mustafayev kimdir və ya “Əəə, noolsun?”

Vahid Mustafayev kimdir və ya “Əəə, noolsun?”

Media

11 Avqust 2015, 11:45

Qəribə bir dövrə gəlib çıxmışıq. Müəyyən bir vəzifə sahibi olanlar, müəyyən bir mənsəbə çatanlar onları əhatə edən yaltaq insanlardan bir anlıq qurtularaq özləri özlərinə sual verib, cavab tapmağa cəhd edirlər. “Axı mən kiməm?”.

Pul tökürlər, “yazar” tapırlar, həmin “yazar” da onları elə tərifləyir ki, yenidən gəlib dayanırlar ayna önündə. Yazını oxuyurlar, güzgüyə baxırlar. Yazıyla güzgüdəki əksi arasında uçurum tam aydın görünür. Əsəbləşib güzgünü sındırırlar. Sanki güzgüdür onların bu yazılarda həqiqi görsənməmələrinə.  Boğazdan yuxarı sözlərdən bu gün hamı bezib.

Qərar verdim ki, “ANS Vahid Mustafayev”in həyat yoluna öz təbirimcə nəzər salım. Özünün xəbəri olmadan. Düzü heç yaxından da tanımıram onu. Heç salam-əleykim də yoxdur. Sadəcə çox maraqlı adamdır mənimçün. Elə hey axtarışdadır. “ANS” sözünü də ona  önlük kimi elə-belə işlətmədim. Onları bir-birindən ayırmaq məncə düzgün olmazdı.

Vahid Mustafayevə verilən  bugünkü qiymət məni şəxsən qane etmir. Nə desələr, məşhur aktyor Yaşar Nurinin yaratdığı bir obrazın diliylə  həmən cavabı gəlir: “Vahid Mustafayev 4 sentyabr 1968 –ci ildə anadan olub”. “Əəə, nooolsun”. Biz də anadan olmuşuq da...
“Vahid Mustafayev qardaşı Seyfulla və dostu Mir Şahinlə ANS-i yaradıb”. “Əəə, nooolsun?”. Televiziya-zad görməmişik? Lider, Speys, ABA, ATV, Xəzər toyuq yumurtasından çıxıblar? Onları da kimsə yaradıb da... ATV-yə baxsaq İbrahimov qardaşlarının sayını itirərik.  
“Vahid Mustafayev təkcə televiziya və radionu yox, bütövlükdə bir media imperiyası - “ANS” Şirkətlər Qrupunu yaradıb”. “Əəə, nooolsun?”. Elə yerindən duran holdinq yaradır da... Bu, təzə xəbərdir? 
“Vahid Mustafayev tarixi filmlər, seriallar yaradır. Ssenaristdir, rejissordur”. “Əəə, nooolsun?”.  Bizi bununla heyrətləndirmək istəyir? Dolu-molu, bacanaqlar-yeznələr, qız atası, pərvanələrin rəqsi – nə çoxdur belə filmlər. Lap itə tök. Puldur da... “spisat” edirlər özləriyçün.

Yazımı burda  bitirə də bilərdim. Vahid Mustafayev kimdir sualıma cavabı müasir nəzər bucağından verdiyim üçün. Burdan bir sual meydana çıxacaqdı: “Mahir, məqsədin Vahid Mustafayevi təhqir etmək idi? Bu nə yazıdır? Ondansa yazmayadın da... Səndən kimsə xahiş eləmişdi?  Bir yazı ki, "quql"da (Google) axtarış verərək üzə çıxan Vikipediya-dakı məlumatlar üzərində qurulub, onu Mahir Qabiloğlu yox, hər yoldan keçən də yaza bilər də...”.
Tam razı. Onda vaxtınızı bir az almalı olacağam. “Vahid Mustafayev kimdir” sualına özüm kimi cavab verim. Qəhrəmanım  razı qalsa da, qalmasa da...

TANIŞLIQ

Əyani tanışlığa qalsa, mən Vahid Mustafayevlə ilk dəfə onun özünün çağırdığı mətbuat konfransında tanış olmuşam. Hansı il idi, xatirimdə deyil. ANS-çi Eldəniz Elgünün Binəqədi rayon İçra Hakimiyyətinin binasında, icra başçısı İnqilab Nadirovun cangüdən cüssəli sürücüsü ilə davası olmuşdu. Bu da kameraların yaddaşına düşmüşdü. Bu dava, yaşanan ajiotaj  başqa bir yazının mövzusudur. Bir də ki, bu barədə mən niyə yazmalıyam. Eldəniz Elgün özü yazsın da...

HAŞİYƏ: Atam Qabilin Filarmoniyada  yaradıcılıq gecəsiydi. Görüş boyu tamaşaçılar üçün də şərait yaradılmışdı ki,  suallarını kağıza yazıb Rəyasət Heyətinə göndərsinlər. Suallardan biri belə idi: “Qabil müəllim, şair Nəriman Həsənzadənin şeirlərindən birini oxuyun da...”. Atam sualı səsləndirdi.  Sağ əlinin barmaqlarını cütləşdirib sol əlinin biləyinə qoyaraq, dedi: “Nərimanın bu boyda dili var. Gedin özünə deyin, oxusun da...” (SON.)

Mən də AzTV-nin “Xəbərləri”nin redaktoru kimi həmin mətbuat konfransına gəldim. Vahid Mustafayev çox həyəcanlı idi. Loru dildə desək, öz işçisini, televiziyasının adını qorumaq üçün dava açmışdı. 
“Mais müəllim də (Mais Məmmədov) Bakıda deyil, tək qalmışam meydanda. Lap başımı itirmişəm” deyirdi. Qısası onu söyləyim ki, sonda  ANS qalib gəldi. Axı, o vaxt ölkənin rəhbəri, jurnalistlərin dostu Heydər Əliyev idi.

İkinci tanışlıq isə qəmli notlar üstündədir. Respublika Klinik Xəstəxanasına gəlmişdim. Ora bitişik – el dilində desək – morqun qabağından keçirdim. Vahid Mustafayev 4-5 nəfərlə dayanmışdı. Qəmgin idi. Sonradan eşitdim ki, Vahid Mustafayevin böyük qardaşı Rəfael Mustafayevi maşın vuraraq öldürüb. Neçə-neçə hadisəni,  yəni özünə yad olan hadisələri diqqət mərkəzində saxlayan, haqsızlıqlarla mübarizə aparan, silsilə reportajlar verən ANS bu məsələdə susdu. Vahid qatil-sürücüylə Şirkətlər Qrupunun prezidenti kimi yox, professional mövqe nümayiş etdirib, onu qanunun  mühakiməsinə buraxmağa üstünlük verdi. Səlahiyyətindən sui-istifadə etmədi.

ÇƏYİRTKƏ KİMİ... NAZİK AYAQLAR...



ANS-in müharibə xronikasına baxanda ilk olaraq ölürəm gülməkdən. Arıq, çəlimsiz, gənc Vahid Naxış, Seyfulla Mustafayev, Mir Şahin cəbhə xəttində bu evdən o evə (istehkam kimi) çiyinlərində kamera, əllərində mikrafon cəyirtkə kimi hoppana-hoppana qaçırlar, düşmən gülləsindən qorunaraq çəkiliş edirlər.  Bu qaçışda əllərində tutduğu mikrafon və ya kamera yox, arıq ayaqları, çəlimsiz bədənləri ilk növbədə mən  tamaşaçının gözünə girir. Çox gülməli mənzərədir. Gülürəm.  Amma bir anlıq duruxuram. Üzümdəki təbəssüm yox olur. Güllə səsləri qulağımı, gözlərimi açır. “Mahir, bu, müharibədən bəhs edən bədii film deyil e... xronikadır” deyirəm. Fikirləşirəm. Axı, nə iti azıb bunların cəbhə bölgəsində. Axı 20 yaşında bu uşaqların bulvarda qızla gəzən, kinoya gedən, marojna yalayan, diskotekada rəqs edən vaxtlarıdır? Nə vacibdir ki, onlar ordadırlar?  Düzdür, özünümüdafiə dəstələrinin döyüşçüləri də gəncdir. Amma onların silahı var. Bunların isə silahı kameraları və qələmləridir. Birdən güllə dəydi...

Bir gözəl deyim var. Mir Şahinə məxsus olmalıdır yəqin ki... Çünki bu cür “zerkalnı” ifadələrdən o istifadə edir: “ANS-in tarixi, Tarixin ANS-i”. Vahid Naxışla ilk dəfə belə tanış olmuşam. Qarabağın ən yeni tarixini lentə alanda. Yaxud da yazanda. Yox. Yazmayıb, məhz lentə alıb. Lentə almaq yazmaqdan qat-qat üstündür. Çünki insan adlanan bəndə yazılana yox, gördüyünə inanar.

Əsgərlər, milis bölmələri onları yaman qoruyurdu. Çünki onların kamerası yüz silaha bərabər idi. Görəsən o vaxt yaranan arxivlər açılsa, nəyin şahidi olarıq? İnanmıram ki, açıla. Açılmağını mən də istəmirəm. Çünki orda satqınlığımızdan da izlər tapılacaq.

“OĞRAŞŞŞŞŞSIZ!!!...”  Çingiz Mustafayevin  xırıltılı səsinin əks-sədası qulağınızdadırmı?  O vaxt nizami ordu yox idi. Başıpozuqluq hökm sürürdü. İndi axı var!!! Bu gün də inanmıram ki, Çingiz Mustafayev düşmən gülləsinə tuş gəlib. Əşşi, nə fərqi var? Düşmən düşməndir də... İstər daxili olsun, istər xarici. Ən ağrılı tərəf  budur ki, bu güllə ilə Qarabağın tarixini yazan qələmləri sındırdılar. Yox, susdurdular.

HAŞİYƏ: Ağdamın “Qarabağ” klubu Avroliqadakı hər hansı oyununda qalib gələndə AzTV-nin idman reportyorları boğazdan yuxarı belə bir ifadə işlədirlər: ""Qarabağ" tarix yazdı". Ey jurnalistlər, gedin Çingizin, Vahidin, Seyfullanın, Mir Şahinin Qarabağ kadrlarına bir də baxın. Sizin Qarabağ kimi qəbul edib, qələbəsindən  təskinlik tapdığınız “Qarabağ” futbol klubu tarix yox e... DOLMA yazır.  (SON.)



MİLLƏT NECƏ İNKİŞAF EDİR

Hərdən fikirləşirəm ki,  müharibədən keçən 60 il ərzində yaponlar niyə belə sürətlə inkişaf etdi. Yaxud da Çin, Koreya kimi dövlətlər.  Sonradan anladım ki, bu inkişafın sadə bir formulu var. Biz azərbaycanlılar səhər tezdən evdən çıxanda, fikirləşirik  necə edək ki, bir yandan bir tikə çörək qazanıb və ya tapıb evimizə gətirək. Yapon, çin, koreyalı isə evdən “bu gün nə yenilik edəcəyəm” fikriylə çıxır. Dünyaya ixrac etdikləri hər bir yeniliyin arxasında isə evə aparılacaq bir tikə çörək yox, böyük gəlir durur. Pul gəlmir e... var-dövlət  öz-özünə axır.  Bir an 26 noyabr 1991-ci ilə qayıdaq. Müstəqilliyimizin ilk illərində yox, ilk günlərində televiziya yaratmaq 23 yaşlı Vahidin ağlına hardan gəlmişdi? Yaxşı. Ağlına gəlmişdi-gəlmişdi. Bəs buna nail olmaq. Və 24 il səhnədən çıxmamaq. Yaratmaq, yaratmaq, yaratmaq, yenə də yaratmaq, bu gün də yaratmaq. Bu yolda Çingiz kimi bir qardaşı itirmək. Amma qorxmamaq, yenə də irəli getmək. Qarşıya qoyduğu kursdan bir millimetr də kənara çıxmamaq.  İndinin milyonerlərinin, milyarderlərinin, oliqarxlarının tək-tük övladları  bu qədər pulun müqabilində nəsə bir iş görsələr belə, ortaya nəsə bir şey qoya bilmirlər. Söhbət ümummilli maraqlar müstəvisindən gedir.  Bəs adi hərbiçi ailəsində doğulan Vahid Mustafayev  o çətin günlərdə buna necə nail oldu?

Diqqəti cəlb edən ikincisi məsələ bu ailədə uşaqlara verilən tərbiyədir. Yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsindən boş-boş danışmaqdansa, “Mustafayevlər ailəsi”ni  müasir Azərbaycan ailələrinə nümunə göstərmək, bir model kimi tətbiq etməyin vaxtı gəlib çatmayıbmı?

JURNALİSTİKA İXTİSASINA QƏBUL

Əgər indi durub desəm ki, ali məktəblərdə fəaliyyət göstərən bütün jurnalistika fakültələri ləğv olunmalıdır... Əlbəttə ki, məni tənqid atəşinə tutarsınız. Lap mətbuat  banisi Həsən bəy Zərdabinin jurnalist təhsilli deyil, təbiətşünas, riyaziyyatçı olmasını nümunə gətirsəm belə. 20-ci əsrin əvvəllərinin və son illərin jurnalistika tarixi təsdiq edir ki, jurnalist olmaq üçün jurnalistika fakültəsini bitirmək yox, sadəcə qələm və bacarıq lazımdır. Əlbəttə ki, mən bu fakültənin məzunları olan məşhur jurnalistlərimizi inkar etmirəm. Amma onların da  diplomuna yox,  qələmlərinə hörmətim var.

İxtisasca kimdirlər:  Çingiz Mustafayev – həkim, Vahid Mustafayev – inşaatçı, Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı – xarici dil müəllimi, Vüqar Qaradağlı, Ədalət Əliyev – şərqşünas,  Vaqif Mustafayev – kinorejissor. Əksər qəzet baş redaktorlarını  hələ  demirəm. Siyahını nə qədər istəsəm uzada da bilərəm. Bu gün Azərbaycanda jurnalistikamızın fəqərə sütununu əsasən jurnalistika təhsili görməyən insanlar təşkil edir. Amma əksəriyyəti professional jurnalist kimi qəbul edilib. Deməli söhbət diplomda yox,  - bu gün çox dəbdə olan bir söz – kreativlikdədir.

Görəsən uzaq 1989- 91-ci illərdə səhər yeməyini yeyib, atası və anası ilə sağollaşıb evdən çıxan gənc Çingiz, Vahid, Seyfulla Mustafayevlər, Mir Şahin yenilik acıydılar, yoxsa bir tikə çörək? Ö çörək ki, bu gün jurnalistikanı iflic vəziyyətə salıb. Kimi dindirsən fəxri addan, medaldan, ən başlıcası jurnalistlər üçün tikiləcək 2-ci binadan havayı mənzil almaq arzusundan danışır.  Bütün dünyada “reket” sözü banditlərə, quldurlara şamil edilir, bizdə isə jurnalistlərə.

Jurnalistika, gələcəyinə quzu kəsim.



ÇİNGİZİN ÇÖRƏYİNİ YEYƏNLƏR

AzTV-də işləyəndə köhnə işçilərdən biri belə ifadə işlətdi: “ANS  Çingizin çörəyini yeyir”. Əlbəttə ki, burda pis bir söz yoxdur. Lap elə olsa belə,  1992-ci ilin 15 iyununda Çingizin həlak olduğu gün, 6 aylıq ANS yetim qalmış sayılır. Onun böyüməsi, qol-budaq atması, Azərbaycan xalqı tərəfindən qəbul edilməsi, nəhayət 24 yaşına çatması,  ANS-çilər məktəbinin yaranması görəsən kimin uğurudur? Vahid Mustafayevi inkar edə bilərəmmi? Bir də ki, Çingizin adı ANS ÇM radiosunun adında, fondun təsis etdiyi mükafatda hər gün ehtiramla anılır. Şəhidlik zirvəsini, Milli Qəhrəman adını demirəm hələ.

NƏZƏR NÖQTƏSİ

Ən sevdiyim verilişlərdən idi. Ortada aparıcı, sağında biri, solunda o biri. Mikayıl Mirzəylə Flora Kərimova, Eynulla Fətullayevlə Elmar Qasımovun bir-birini “qırması” heç vaxt yadımdan çıxmaz. Bəs indi necə, belə debatlar varmı? Bəlkə də zaman o zaman deyil.

Ümumiyyətlə ANS-in verilişlərinə baxanda onların hamısında müharibə ruhu duyulur. Çünki bu kanalın xəmiri əzəldən müharibə suyu ilə yoğrulub.

Belə bir kino var. Anadan müharibədən qayıdan oğlunu soruşurlar ki, necədir? Cavab verir ki, bəs yuxuda yenə də “Ura!” deyib, hücuma gedir.

Bu, hər şeyi öz gözləriylə görən, hər hansı kitabdan oxumayan, filmlərdə baxmayan 20-23 yaşlı ANS-çilərin tale yazısı idi. Təkcə Xocalı qurbanlarını görmək bəs edər ki, sən digər yaşıdlarından fərqlənəsən. Görəsən Vahid Mustafayevin yaddaş kartını açmaq mümkün olsaydı, orda nələri görərdik: “Mitinq, müharibə, qan-qada, xəyanət nəticəsində torpaqların işğalı, çevrilişlər, siyasi hoqqalar, oyunlar”. Bütün bunlardan sonra deyirlər ki, Vahid Mustafayev əsəbidir. Hirsləndisə üzünü görmə. Azərbaycanca söyməz. Bunun üçün daha çox rus dilinin “incəliklər”inə müraciət etməyi xoşlayır.



ANS XATALI TELEVİZİYADIR

Vay onda ki, ANS haqqında pis bir söz deyəsən. Yaxud da onun kamerasına yüngülcə çırtma vurasan. Get qəbirini qaz, başdaşını da qoydur. Ta axırına çıxmayanacan əl çəkən deyillər. ANS tarazlığı qoruyub saxlayan bir televiziyadır. Həm 1 nömrəli dövlət, həm də 1 nömrəli xalq kanalıdır.

“Atdan düşüb, təzədən atlanmaq” igidlərə xas xüsusiyyətdir. Azərbaycan reallığı üçün çox qəliz məsələdir. Bir misal çəkim:

Bir ara ANS-in yayımını dayandırmışdılar. Atam zəng vurdu ki, bəs "ANS-in müdafiəsinə imza toplayırdılar. Mən də qol qoydum". Soruşdum ki, “niyə?” Cavab verdi: “Bir sözümüzü demək istəyəndə bəs hara üz tutaq?”.

DUBLYAJ

Bu gün xarici flmlərin dublyajı bərbad vəziyyətdədir. Aşqa-aşqa, ANS-dən başqa. Həm tərcümə, həm də səsləndirmə bu kanalda yüksək səviyyədə aparılır. Lap sovet vaxtı olduğu tək. Ancaq bir gün ANS-in də dublyajına irad sədaları eşitdim. Tərcümə sahəsiylə məşğul olan biri kimi çox maraqlı gəldi mənə bu irad. Amerikan filmində orijinalda necədir,  bilmirəm. Amma rus dilində “Lapşşa” ləqəbli rolu “Ərişdə” kimi tərcümə etmişdilər. Güldüm. Çox gülməliydi. Amma yenə duruxdum. Görəsən mən necə tərcümə edərdim? Özümə sual verdim. Cavabı çox gecikmədi.  Elə ərişdədir ki, ərişdə.

REKLAM YOX, SOSİAL REKLAM

“Döyüş alnınıza yazılıb”, “Ya Qarabağ, ya ölüm. Başqa yol yox artıq...”, hava məlumatının klassik musiqi sədaları altında müşayiəti və titrdə bəstəkarın və əsərin adı. Heç nə demirəm. Sadəcə bu cür sosial reklamların bərpa olunmasını istərdim.

“VAHİD MƏLƏKDİR, BİRCƏ QANADLARI ÇATIŞMIR”

Yazını oxuyan bəziləri ağızlarını büzüb bu ifadəni hökmən işlədəcəklər. Bu dünyada ideal şəxs yoxdur. Bunu mən də çox gözəl bilirəm.  Çalışın çalışdığınız sahədə “solist” və ya “forvard” olun. Professionallara hörmət xüsusidir. Qalanlar isə ümumi sağlığa daxildir.

Vahid Mustafayev haqqında bu gün -  2015-ci ilin avqustunda yazdığım bu sətirləri oxuyanda, lap özümün də “Əəə, nooolsun?” deməyim gəlir. Amma bir insanın qardaşı Seyfulla və dostu Mir Şahinlə, 23 yaşında televiziya yaratması və onu müstəqilliyimizə yaşıd etməsi çox böyük hünərdir. Mən belə qəbul edirəm. Siz də yəqin mənimlə razılaşarsınız. Çünki bu yazılmış, daha doğrusu həkk olunan bir tarixdir. Vahid Mustafayevin müəllifi olduğu “ANS-in tarixi” və ya əksinə “Tarixin ANS-i”. Fərqi yoxdur. İstəyirsiniz düzünə oxuyun, istəyirsiniz tərsinə...


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi