Modern.az

İTV - hər bir vətəndaşın televiziyasıdır

İTV - hər bir vətəndaşın televiziyasıdır

Media

11 Avqust 2015, 13:10

Eşidəndə ki, İTV-nin 10 yaşı tamam olur, düzü bir anlığa təəccübləndim. Bu on il nə tez yetişdi belə. Evimizin, ailəmizin televiziyasına çevrilən İTV demək olar ki, bütün günü bizimlə birgə olduğundan illərin belə tez keçməsinin fərqində belə olmadım. Lakin bu bir həqiqətdir, gerçəklikdir – 10 il. “10 ilin mübarək olsun İTV” - deyib keçirəm əsas mətləbə...

XX əsrin möcüzəsi sayılan, estetik mədəniyyətin  daşıyıcısı və yayıcısı kimi qəbul edilən televiziyanın özünəməxsus rolu, təsir imkanları vardır. Televiziya incəsənətin müxtəlif növləri ilə qarşılıqlı əlaqədə olan çoxfunksiyalı sistemdir. Onun əsasında şifahi sözün, dinamik təsvirin və musiqinin sintezi durur. Televiziya məhz bunların vasitəsilə, tamaşaçıların, xüsusilə də gənc nəslin mənəvi aləminə estetik təsir göstərir. Bu baxımdan gənc nəslin tərbiyəsində və estetik mədəniyyətinin yüksəldilməsində televiziyanın rolunun durmadan artması qanunauyğun hadisədir. Cəmiyyətimizin inkişafı ilə əlaqədar, hazırda mənəvi faktorların rolu getdikcə artır və aparıcı rol oynamağa başlayır. Çoxmilyonlu auditoriyaya onun eyni vaxtda güclü emosional təsir göstərməsi, hər şeydən əvvəl televiziyanın tamaşaçı ilə bilavasitə təmasda olması ilə bağlıdır. Onun bu xüsusiyyəti televerilişlərdə, xüsusilə, birbaşa translyasiyalarda özünü daha qabarıq göstərir. Tamaşaçını teleekrana yaxınlaşdırır, onların maraq dairəsini daha da genişləndirir.

Televiziya hazırda gənclərdə yeni tip təfəkkür tərzi formalaşdırır. Bu isə hər şeydən əvvəl, onun ətraf aləmə münasibəti, ideyalar aləminə münasibətilə əlaqədardır.

Bu gün belə bir həyat həqiqətini etiraf etməliyik ki, müasir gənclik bir növ televiziya ilə doğmalaşır, o, oxumaq və yazmaqdan əvvəl görən, baxan, dünyanın rəngarəng gözəlliklərini duyan, bilavasitə müşahidə edən bir gənc kimi formalaşır.

Bu, tərbiyə və idrak prosesində televiziyanın müqayisəyəgəlməz bir üstünlüyüdür.


Tamaşaçıların incəsənətin müxtəlif növ və janrlarına qoşulması televiziyanın unikal imkanıdır. Bədii – estetik teleinformasiya, eyni zamanda gənc nəslin emosional və intellektual inkişafına bədii obraz, hadisə və digər vasitələrlə müştərək təsir göstərir, şəxsiyyətin daxili mənəvi aləmini zənginləşdirir, onun maraq və tələbatını konkretləşdirir.

Sadaladığım bu və ya digər məsələləri özünün istiqamət proqramına daxil edən İctimai Televiziyanın rolunu xüsusi qeyd etmək istəyirəm. Azərbaycan televiziya ailəsinə daxil olan İTV 10 il çox maraqlı, şərəfli bir inkişaf yolu keçib.Tale elə gətirib ki, mən bu uğurlu 10 ilin həm seyirçisi, müşahidəçisi və çox zaman həm də iştirakçısı olmuşam.

Bu kanal ötən müddətdə bir-birindən maraqlı, rəngarəng, günün aktuallığı və zamanla ayaqlaşan, səsləşən proqramlarla tamaşaçının zövqünü oxşayan verilişlərlə yeniliyə imza atıb, tamaşaçı qəlbinə yol tapa bilib. Bu yeniliyin təzahürüdür ki, İTV ailə televiziyasına, hər bir vətəndaşın televiziyasına çevrilib.

Milli – mənəvi dəyərləri, estetik və mənəvi tərbiyəni özündə ehtiva edən İTV bu gün nümunəvi olmaqla ən çox sevilən, baxılan bir televiziya kimi özünü təsdiq edə bilib. “Düşündürmək”,”tərbiyələndirmək”, “maarifləndirmək”,”zövq oxşamaq”,”vətənpərvərlik”,”dövlətə, dövlətçiliyə sədaqət” İTV-ni səciyyələndirən, fərqləndirən cəhətlərdəndir.

İTV-nin binasına girişdən tutmuş, studiyalar, montaj və yaradıcı otaqlar, texniki avadanlıq, nəqliyyat yenilənib. Əsas məsələ isə bu televiziyada olan yeni ab-hava, isti və işgüzar münasibətdədir. Çox təcrübəli, peşəkar işçilərin İTV-yə cəlb olunması onun ən böyük üstünlüyüdür.

Bu sözləri mən gəlişi gözəl, nəyinsə xatirinə deyilən fikirlər kimi söyləmirəm. Qətiyyətlə, əminliklə uzun illərin peşəkar, təcrübəli bir televiziya işçisi, televiziya jurnalisti olaraq məsuliyyətlə, böyük haqqla deyirəm. Bu bir həqiqətdir.

...Mən bu illər ərzində İTV-nın müxtəlif verilişlərində dəfələrlə həm  qonaq kimi, bəzən də ekspert qismində iştirak etmişəm. Əsas məsələ odur ki, mən həm yaradıcı şəxs – televiziya jurnalisti kimi, eləcə də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Vitse – prezidenti olaraq İTV-nin qonağı oluram.

İTV və onun redaksiyaları mənə doğma və əzizdir. Burada çalışanların bir qismi ilə  mən hələ zamanında ana televiziyamız olan AzTV-dən tanışam. Düzünü desəm mən buraya gələndə elə bilirəm doğma ana televiziyamızdayam...

“Yeni gün”, “Yadigarlar”, “Ortaq məxrəc”, “Aktual mövzü”, “Xalq seçir”, “Müzakirə vaxtı”, “Diqqət mərkəzi”, “Vətənimin səsi”, “Antrakt”, “Media və zaman”  kimi verilişlər, “Carçı film”in istehsal etdiyi filmlər, “Carçı” xəbərlər proqramı, “Həftənin yekunu” analitik proqram və s. İTV-nin ən baxımlı məhsullarıdır.

Əliabbas Quliyev, Şaiq Məmmədov, Səidə İbrahimli, Akif Cabbarlı, Hikmət Əliisgəndəroğlu, Rauf Rəcəbov, Vəsilə Vahidqızı, Faiq Kərimov, Taleh İsmayıl, Əsəd Məmmədov, Lütfi Nəzəroğlu, Saleh Bağırov, Elgün İbrahimov, Elnur Cəbrayılov, İsmayıl Cəbiyev, Mais Ağayev və digərləri mənim həmkar dostlarımdır.

Bu gün İTV-də çox gözəl, peşəkar aparıcılar var. Gənc aparıcı Azər Süleymanlı isə öz dərin biliyi, intellekti, yüksək etik mədəniyyəti, nitqi, ecazkar səsi, estetik görünüşü ilə diqqəti çəkir. TV aparıcısına xas olan bütün müsbət keyfiyyətlər, məhz Azərdə cəmləşib. O, bu sənətə yenicə qədəm qoyanlar üçün bir örnəkdir. Onun parlaq gələcəyinə inanıram.

İctimai Televizya və Radio Yayımları şirkətinin baş direktoru tanınmış kinorejissor, əməkdar incəsənət xadimi Cəmil Quliyevin televiziyanın inkişafı naminə göstərdiyi əzmkarlığı, zəhməti xüsusi vurğulamaq lazımdır. Demokratik ruhlu bir rəhbər kimi o, televiziyanı duyaraq, sevərək peşəkarcasına inkişaf etdirir. Burada sözün əsl mənasında demokratik yaradıcı mühit formalaşıb, bilik və bacarıq, zəka yarışı hökm sürməkdədir. Bu təbiidir. Xatırladım ki, onun atası Elşad Quliyevin Azərbaycanda Televiziya və Radionun inkişafında böyük rolu olmuşdur. Tale elə gətirib ki, mən də ilk dəfə televiziyaya elə onun rəhbərliyi dönəmində gəlmişəm.

Bu gün ətrafına peşəkar, təcrübəli kadrlar yığdığına, eləcə də maraqlı verilişlərin yayımına görə Cəmil müəllimə dərin təşəkkürümü bildirirəm.

Bəli, bu 10 ildə İTV özünü yüksək səviyyəli, dünya standarlarına cavab verən bir telekanal kimi, təsdiq etməyə müvəffəq olub, çox fərqli, baxımlı, sevilən, seçilən televiziya kimi göstərə bilib. Bu inkişaf yolunda əməyi, zəhməti olan hər bir şəxsə öz dərin minnətdarlığımı bildirir, onları bu əlamətdar yubiley münasibətilə əvvəlcədən təbrik edirəm.

Əminəm ki, İTV hələ uzun illər tamaşaçıları öz maraqlı, rəngarəng verilişləri, proqramları ilə heyrətləndirəcək, sevindirəcəkdir.

Ana Televiziyamızın  60 illiyi ərəfəsində  özünün 10 illik yubileyini qeyd edən İTV ailəsini başda Cəmil Quliyev olmaqla ürəkdən təbrik edir, hamıya möhkəm can sağlığı, dözüm, sədaqət, yeni – yeni sənət sevincləri, yaradıcılıq uğurları diləyirəm.

Yubileyiniz mübarək!
Bayramınız mübarək!

Hörmətlə, hər an sıralarınızda olan

Qafar Əsgərzadə
Azərbaycan Qızıl Aypara
Cəmiyyətinin vitse – prezidenti,
Əməkdar jurnalist,
Pedaqogika üzrə fəlsəfə doktoru

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi