Modern.az saytı “Bu kitabları oxu” rubrikasına davam edir. Bu dəfə tanınmış jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı təklif etdiyi nəşrlərlə yanaşı, özünün oxuduğu kitabların da adlarını çəkib.
“Ayna” - “Zerkalo” qəzetlərinin təsisçisi və baş redaktoru daha çox ayrı-ayrı əsərləri yox, müəllifləri qeyd etməyi lazım bilib:
Corc Oruell - “İngilis yazıçısı Croc Oruellin “1984” adlı romanı var. Onu mütləq oxumaq lazımdır. Mənim aləmimdə Corc Oruell çox böyük yazıçıdır. Onun “Heyvanıstan” romanını və başqa bədii əsərlərini də oxumaq çox gərəklidir. Yazıçının publisistik məqalələri də tapıb oxumaq lazımdır.
Cek London - ABŞ yazıçısı Cek London da çox maraqlı və oxunması vacib olan yazıçılardandır. Gənclər həyata münasibəti öyrənmək istəyirlərsə, Cek Londonu mütləq oxusunlar.
“Mənim üçlüyüm” - Ernest Hemenquey, Mixail Bulqakov, Onere de Balzak. Bulqakovun “Master və Marqarita”sını mütləq oxumaq lazımdır.
Müasir dünya ədəbiyyatından Qabriel Qarsiya Markes və Xorxe Luis Borxesi məsləhət görərdim.
Yusif Səmədoğlu: Məndən soruşsalar Yusif Səmədoğlunu deyərəm. Amma Azərbaycan yazıçılarının bir çoxunu oxumaq lazımdır. Mən siyahını durmadan artıra bilərəm.
Çağdaş Azərbaycan ədəbiyyatı - indi yazıb-yardanlardan kimi oxumağımı soruşsanız, cavab verməyə bir az çətinlik çəkərəm. Gənclər hələ tam yetişməyib, o birilər də öz sözlərini hələ axıra qədər deməyiblər. Ürəyim gedən elə bil müəllif yoxdur, amma hərənin öz zövqü var. Prinsipiallığını, aktuallığını uzun müddət itirməyən əsərləri oxumaq vacibdir.
Elmin NURİ