Yazıçı-publisist, tərcüməçi Mahir Qabiloğlu Azərbaycan prezidentinin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın növbəti şeirinin tərcüməsini Modern.az saytına təqdim edib. "Ölü kəpənək" adlı şeiri oxucuların ixtiyarına veririk.
Çərçivəyə salınıb
Bir bəzəkli kəpənək. –
Qanadları çırpınmır...
Ürəyindən iynəylə
pərçimləyiblər onu
şüşəli çərçivəyə...
Ölü gözəlliyiylə
bəzək verir divara... –
Boş, yalqız bir otağa...
Özü ölüb,
gözəlliyi ölməyib...
Bunu duyur hər görən.
Görəsən ağrısını
varmı bir duyub-bilən?..
Aydan arı göylərdə
Gün üzü görməyir o...
Külək də tumarlamır
ipək qanadlarını...
Şüşənin arxasında
eləcə donub qalır;
Kədərini bir kimsə
nə hiss edir, nə yanır...
Bu gözəlliyi süzüb
ötüb keçən insanlar
həzz alır bu lövhədən –
kəpənək ölüsündən...
Gözəl sözlər səslənir
kəpənəyin şəninə,
ölü gözəlliyinə... –
Yayılır boş kəlmələr
xudbinlərin dilindən...
Şüşənin arxasından
baxırlar çırpınmayan,
döyünməyən varlığa –
ö ölü gözəlliyə...
Düşünürəm bir anlıq:
Ölüm qərarı vermək
verilibmi bizlərə?
Biz haçan yiyələndik
o İlahi qüvvəyə.?!
İynəylə bir lövhəyə
sancılmış lal kəpənək,
Gözəlliyinə görə...
Həyətla təmənnasız...
vidalaşan kəpənək...
Ey ruhları, qəlbləri
“sığallayan” kəpənək..!
Yuxumdaydın bu gecə,
Ancaq tamam başqaydın:
Gözoxşayan güllərin
üfüqündə qanadın...
min bir rəngə çalırdı,
Yanırdın... sayrışırdın.
Çox böyük heyranlıqla
Mən səni seyr edirdim.
Həm də ki, ayağımla
şüşəli çərçivəni
sındırırdım, əzirdim...
Rus dilindən çevirəni: Mahir Qabiloğlu